ÜST-nin Avropa üzrə Regional Direktoru Dr. Hans Klüqenin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında çıxışı

Hörmətli nazirlər, əziz həmkarlar və dostlar,

Sizi Ramazan ayının başlanması münasibətilə təbrik edirəm!

Bu tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv ölkələrinin səhiyyə sektorlarının rəhbərləri ilə birlikdə iştirak etmək mənim üçün şərəfdir.

Sizin zəngin əməkdaşlıq və həmrəylik tarixiniz var.

Bu vacib məqamda belə bir əhəmiyyətli görüşün təşkili və səmərəli şəkildə idarə olunması, eyni zamanda ÜST-nin Avropa üzrə Regional Ofisinin də dəvət olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və şəxsən nazirə təşəkkür edirəm.

Mən Azərbaycan Hökumətini və şəxsən Zati-Aliləri prezident cənab İlham Əliyevi, ÜST Baş Direktorunun iştirakı ilə 10 Aprel 2020-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünü təşkil etdiyi üçün təbrik edir və Azərbaycan Hökumətinə COVID-19 Həmrəylik Fonduna 5 milyon ABŞ dolları həcmində könüllü ianə verdiyinə görə təşəkkür edirəm və eyni zamanda COVID-19-a cavab tədbirlərində Azərbaycan prezidentinin və birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsi rolunu bütöv hökumət yanaşmasının əla nümunəsi kimi vurğulamaq istəyirəm. Son zamanlarda Heydər Əliyev Fondu tərəfindən bir çox üzv ölkələrə və ÜST-yə Heydər Əliyev Mərkəzinin binası üzərində COVİD-19-un təsirinə ən çox məruz qalan ölkələrin dövlət bayraqları və ÜST gerbinin işıqlandırılması ilə, göstərilən rəmzi həmrəylik dəstəyinə görə də ayrıca təşəkkür etmək istəyirəm.

Bu məqamda, qısa çıxışıma Bakı Bəyannaməsində də qeyd edildiyi kimi ÜST-ə verdiyiniz dəstəyə görə təşəkkür etməklə başlamaq istəyirəm. “Pandemiya ilə mübarizənin effektivliyini” artırmaqda ÜST-nin rolunu dəstəkləməyə hazır olmağınız və “ÜST və digər beynəlxalq təşkilatların tövsiyələrini həyata keçirmək” barədə qərarınız dünya səviyyəsində bir etalon müəyyənləşdirir. Bu sahədə liderliyinizə və dünyanın daha yaxşı bir yer olmasına kömək etdiyinizə görə minnətdaram.

ÜST-nin Avropa üzrə Regional Ofisi ilə Türkdilli ölkələr arasında xüsusi münasibətlər mövcuddur. Bu münasibətlər pandemiyaya qarşı kollektiv şəkildə reaksiya verdiyimiz zaman özünü güclü əlaqələrin fonunda aydın şəkildə biruzə verdi.

Qlobal reaksiyaya verdiyi dəstəyə və töhfəyə görə və ölkələrdəki fəaliyyətimizin işıqlandırılmasında ÜST-nin yanında olduğuna görə Azərbaycana dərin minnətdarlığımızı bildiririk. ÜST bayrağını qaldırdığınız üçün təşəkkür edirik! Hökumətin COVID-19-a verdiyi cavab, cəmi bir neçə yoluxma halının olduğu zamanda, yoluxmanın ilk mərhələlərində fiziki məsafənin qorunması üçün tədbirlərin sürətlə həyata keçirilməsində özünü göstərdi. BMT tərəfdaşları ilə əl-ələ verərək ölkədə risk barədə məlumatların yayılması sahəsində keçirilən təqdirəlayiq kampaniyalarının geniş miqyasını və effektivliyini də qeyd etmək istərdim. Həqiqətən də, Türkdilli ölkələrin hər biri ilə əməkdaşlığımız geniş əhatədə qurulmuşdur.

Türkiyə ilə bizim əməkdaşlığımız son günlərdə İstanbulda Humanitar və Səhiyyədə Fövqəladə Hallara Hazırlıqlılıq üzrə ÜST-nin Coğrafi Cəhətdən Ayrı Ofisinin (GDO) Türkiyədə təsis edilməsinə dair ev sahibi ölkə razılaşmasının təsdiqlənməsi ilə nəticələnmişdir. Region olaraq, Türkiyənin digər ölkələrlə, o cümlədən, Türk Şurası ölkələri ilə həmrəyliyini nümayiş etdirməyinə – fərdi mühafizə vasitələri və ləvazimatları digər ölkələrə – həmçinin, buna inanılmaz dərəcədə minnətdar olan İspaniya, İtaliya və Birləşmiş Krallığa təqdim etməsinə/bağışlamasına görə təşəkkürümüzü bildiririk. Sizin kütləvi şəkildə testlərin sayını artırma imkanlarınız, kontakt izləməni rəqəmsallaşdırmağınız, reanimasiya şöbələrində pandemik klinik idarəetmə qabiliyyətinə hazırlıq səviyyəniz bütün ölkələr üçün örnək praktikadır.

Qazaxıstanda hökumət vəziyyəti idarə etmək üçün bütün lazımi tədbirləri görür. Testlərin sayının artırılması davam edir və Səhiyyə Nazirliyi bir sıra tədqiqat işlərinə: həmrəylik sınağının keçirilməsi, davranış anlayışının öyrənilməsi, ilkin halların araşdırılması və qadın səhiyyə işçilərinin qorunması ilə bağlı araşdırmalara qoşulmağa və öhdəlik götürməyə hazırdır. Səhiyyə Nazirliyinin, ölkə üzrə yoluxma halları, kontakt izləmə və epidemioloji araşdırmaları tam elektron məlumat toplama sisteminə keçirməsi çox yüksək təəssürat yaradır. Bu dəyişiklik sürətli məlumat toplamağa, təhlil etməyə və sübutlara əsaslanan qərarlar qəbul etməyə imkan verdi. Reanimasiya şöbəsi olan yeni müəssisələrin sürətlə qurulması olduqca təqdirəlayiq haldır.

Qırğızıstanda Səhiyyə Nazirliyi prezidentin mətbuat mərkəzində bütün insanlar üçün açıq və şəffaf məlumat mübadilə sistemi qurdu. Hər axşam saat 18: 00-da bütün məlumatlar media ilə paylaşılır: yeni halların sayı, ümumi sayı, sağalmış insanların sayı, təsirə məruz qalmış tibb işçilərinin nisbəti; yaş, cins və coğrafi yer daxil olmaqla ölüm sayı.

Mən, həqiqətən, Dünya Bankının vəsaitlərindən istifadə edərək Səhiyyə Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən şəffaf və çevik satınalma əməliyyatlarını alqışlamaq istəyirəm. Qırğızıstan da ÜST-nin Həmrəylik Sınağı sazişini imzalayıb. Səmimi təşəkkürümüzü bildiririk.

Özbəkistanda Səhiyyə Nazirliyi, artıq yanvar ayından hazırlıqlara və cavab verməyə başlamaqla böyük fəallıq göstərmişdir. Hökumət, ən yüksək səviyyədə, Baş Nazirin sədrliyi ilə Nazirlər Kabineti üzvləri ilə birlikdə anti-COVID-19 Komissiyasının yaradılması üçün alqışlanmalıdır. Özbəkistanın səhiyyə problemlərinin həllinə, xüsusən də COVID-19-un sosial və iqtisadi nəticələrini nəzərə alınmaqla, ümummilli yanaşmanın tətbiqinə yönəlik diqqətini qeyd etmək istəyirəm. MDB Şurasının Özbəkistan sədrinə səmimi təşəkkürümü bildirirəm – belə ki, bu qurum pandemiyaya qarşı reaksiya tədbirlərində əməkdaşlıq əlaqələrini gücləndirir.

Macarıstanda hökumətin test keçirmə qabiliyyətini durmadan artırdığını vurğulamaq istərdik. Macarıstan, uzun müddətli müalicə müəssisələrinə, ölkədə yoluxmanın “qaynar nöqtəsi” kimi diqqət yetirməyə də əhəmiyyət vermişdir. Reanimasiya şöbəsinin gücünün genişləndirilməsi və bu müəssisələrdə qulluq edənlər arasında Fərdi Mühafizə Vasitələrinin mövcudluğunun artırılması hökumət tərəfindən atılan çox müsbət bir addımdır. Budapeştdə böyük bir sığınacaqsız icma arasında şübhəli halların izlənməsi və təcrid olunmasına, xüsusən də yoxsul və ya riskli qruplara aid olan rumın və digər uşaqlara (xüsusən ölkənin şimal şərqində) xüsusi diqqət yetirilir.

Siz, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olaraq, Avropada və onun hüdudlarından kənarda çoxlarına yüksək standartlar qoyursunuz. COVID-19 virusunun yayılmağa başlamasından bəri, xəstəxana vasitələrinin bölüşdürülməsi, humanitar yardım və test dəstlərinin verilməsi, klinik təcrübə və tibbi dəstək mübadiləsi də daxil olmaqla bir çox sahələrdə yaxından əməkdaşlıq edirsiniz. Göstərdiyiniz kimi, bu pandemiya səhiyyə böhranından daha böyük bir məfhumdur, ona görə də bütöv hökumət və bütün ictimaiyyət tərəfindən cavab tələb edir.

Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, ölkələrinizin hər birində ÜST-nin xüsusi əlaqə və münasibətləri etimad, etibar, şəffaflıq və dəstəyimizin effektiv təminatına əsaslanır. Bizim ölkələrdəki nümayəndəliklərimiz bu dəstəyi davam etdirməyə hazırdır və mən bu fürsətdən istifadə edərək onlara təşəkkür etmək istəyirəm. Çində epidemiyanın yayılmağa başlamasından bəri, ölkələrin gözlənilən epidemiyaya qarşı hazırlığını təmin etmək üçün üzv dövlətlərin xəstəxana və laboratoriyalarını, eyni zamanda nəzarət, yoluxma hallarının idarə edilməsi, risk barədə məlumatların ötürülməsi, ictimaiyyətin cəlb olunması və infeksiyanın qarşısının alınması missiyalarını dəstəkləmək üçün addımlar atdıq. Son 10 həftə ərzində 51 ölkə missiyası keçirmiş və Regionda 21 ölkəyə virusu aşkar etmək qabiliyyətini təmin etmək üçün laboratoriya test dəstlərini paylamışıq. Ön sıralarda COVID-19 xəstələrinə qayğı göstərən tibb işçilərinə həyatlarını etibarlı şəkildə qorumaq üçün lazım olan müdafiəni təmin edən Şəxsi Qoruyucu Vasitələr 17 ölkəyə çatdırılıb. ÜST-nin ölkə üzrə nümayəndəlikləri hər bir ölkəyə aid səciyyəvi vəziyyətə dair texniki təlimatların əlaqələndirilməsi və uyğunlaşdırılmasında yüksək fəallıq göstərirlər.

Şübhəsiz ki, biz hələ də təhlükə içərisindəyik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının beş üzv dövləti, təxminən 117 000 yoluxma halı barədə rəsmi məlumat yaymışdır ki, bunun da 110 000-dən çoxu Türkiyədə baş vermişdir. Hökümətləriniz tərəfindən görülən tədbirlər artıq yeni yoluxma hallarının azalmasına səbəb olmuşdur. Bu əhəmiyyətli bir irəliləyişdir, lakin vəziyyət hələ də qayğı və diqqətlə idarə edilməlidir.

Möhtərəm Nazirlər, hörmətli iştirakçılar,

Bu gün sizin üçün üç ismarıcım var:

  1. Həmrəylik, əməkdaşlıq və tərəfdaşlıq COVID-19-a nə dərəcədə cavab verdiyimizi müəyyən edən əsas amillərdəndir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təməl prinsiplərini qoruyub saxlamağa və onları pandemiyaya qarşı cavab üçün istifadə etməyə çağırıram.
  2. Şübhəli halların hamısını mümkün qədər tez zamanda müəyyənləşdirin, təcrid edin, test edin, izləyin və karantində saxlayın. Pandemiyanı təsirli bir şəkildə idarə etmək üçün konkret bir yol varsa, bu bizim bunu etmək bacarığımızdır. Bu Şuradakı bəzi ölkələr burada həqiqi liderlik nümayiş etdirirlər. Hamınızı insanların sağlamlığı və şəxsiyyətini əsas tutaraq, cəmiyyətdə hər kəsin hüquqları və rifahı baxımından bu sahədə lider ölkələrin yolu ilə getməyə çağırıram.
  3. Pandemiyaya qarşı cavab tədbirlərinin nə zamanhansı şəraitdənecə tədricən aradan qaldırılması barədə müzakirələr aparıb, qərar verdiyiniz zaman, ötən cümə yayımlanan və nazirliklərinizə göndərilən çıxış planı mülahizələri barədə təlimatımıza müraciət etməyinizi xahiş edirəm. Sənəd və onu müşayiət edən konseptual sxem, fəaliyyət kursunuzu nəzərdən keçirilməsində, strategiya dəyişiklikləri və məhdudiyyətlərin yüngülləşdirilməsi ilə bağlı yarana biləcək arzuolunmaz nəticələrin qarşısının necə alınması və idarə olunmasında Sizə kömək edəcəkdir.

Şura üzvlərinə mümkün olan hər hansı bir dəstəyi verməyə hazıram və gələcəkdə Qrupla əməkdaşlığı genişləndirmək, məsələn, Regional Komitələrin birində Türkdilli dövlətlərin nazirləri ilə ayrıca bir iclas keçirmək niyyətindəyəm. Bu fürsətdən istifadə edərək, Azərbaycanın sədrliyi dövründə NAM (Qoşulmama Hərəkatı) ölkələri ilə regional ofis səviyyəsində əməkdaşlığı genişləndirmək arzusunda olduğumu bildirmək və bu tədbirlərin əlaqələndirilməsinə görə Səhiyyə Nazirliyinə öncədən təşəkkür etmək istəyirəm.

Heç bir sərhəd tanımayan və varlı ilə kasıb, güclü və daha zəif sağlamlıq sistemləri arasında fərq qoymayan bir virusla birlikdə mübarizə aparırıq. Beynəlxalq iqtisadiyyat çökür.

İndi həmrəylik və humanitar dəyərlərə söykənərək, enerji, bilik və bacarıqlarla əl-ələ verərək ortaq bəşəri dəyərlərimiz və mənəviyyatımızı istifadə etməyin vaxtıdır. Bizə olan etimadınızla çətinliklərə doğru yürüməyə davam edəcək və möhkəm bir sosial və səhiyyə sistemləri ilə yeni bir cəmiyyət quraraq “yeni bir norma”-ya uyğunlaşacağıq. Birlikdə bu mübarizədə qalib gələcəyik.

Sonda, öz çıxışımı Azərbaycan prezidentinin COVİD-19-a qarşı ölkə cavabı ilə əlaqədar söylədiyi və artıq mənim də Avropa Səhiyyəsində İrəliyə Baxış şüarıma çevrilmiş, “Birlikdə biz güclüyük!” şüarı ilə yekunlaşdırmaq istəyirəm:

“BİRLİKDƏ BIZ GÜCLÜYÜK!” ( Azərbaycan dilində söyləndi)

Təşəkkür edirəm!

Tədbirlər
may 2020
27282930123
45678910
11121314151617
18192021222324
2526
27
28293031
27 may / Çərşənbə
Bizi izləyin: