ÜST Azərbaycan ofisi və Səhiyyə Nazirliyi Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı mətbuat konfransı və dəyirmi masa keçirib

European Immunization Week, April 2019. Photo/WHO

BAKI, 24 aprel 2019 – İmmunlaşdırmanı xəstəliklərin qarşısını almaq və həyatları xilas etmək üçün əhəmiyyətli vasitə kimi təşviq etmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisi və Səhiyyə Nazirliyi Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı mətbuat konfransı və dəyirmi masa keçirib.

Dəyirmi masada Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Analitik Ekspertiza Mərkəzi, Səhiyyə Nazirliyinin Beynəlxalq Səhiyyə Proqramları üzrə Ölkə Əlaqələndirmə Komissiyası və BMT agentliklərinin nümayəndələri iştirak edib.

Bu il, 24-30 aprel Avropa İmmunlaşdırma Həftəsinin keçirilməsinin məqsədi peyvəndin faydaları ilə bağlı maarifləndirməni artırmaqla peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2007-ci ildən etibarən ÜST Avropa regionunun bu təşəbbüsünə qoşulur.

“Peyvəndlər hər il milyonlarla uşağı ciddi xəstəliklərdən və ölümlərdən xilas edir. Peyvəndlərin sayəsində Avropa regionunda qızılca, məxmərək, göy öskürək və digər oxşar xəstəliklər azalıb”, ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı bildirib.

“Əgər uşaqlarımızı peyvənd etdirməsək, bu xəstəliklər yenidən baş qaldıracaq. Yadda saxlayın ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təmin etdiyi bütün peyvəndlər keyfiyyətlidir”, o vurğulayıb.

Peyvəndlər uşaqların həyatı üçün ömürlük investisiyadır. Peyvəndlərin sayəsində, Avropa regionunda bir çox uşaq və yetişkinlərdə qızılca, məxmərək, epidemik parotit, difteriya, göy öskürək, tetanus və poliomielit kimi xəstəliklərə qarşı immunitet yaranıb. Pnevmokok bakteriyası, insan papilloma virusu, hepatit B virusunun daha ağır fəsadlarının qarşısını almaq üçün peyvənd olunanların sayında artım müşahidə olunur. Orta hesabla Avropa regionunun 90 faizi peyvəndlə əhatə olunub, 2017-ci ildə həmişəkindən daha çox uşaq qızılcaya qarşı iki doza peyvənd olunub.  Peyvəndlə qarşısı alınan xəstəliklərdə azalma müşahidə edilsə də, hələ də bir çox insan peyvəndin qoruyucu faydalarından yararlana bilmir. İmmunlaşdırma ilə bağlı boşluqları doldurmaq və heç kimin kənarda qalmaması üçün daha çox birgə səy göstərmək lazımdır.

2018-ci ildə Avropa regionunda 82000 insan qızılcaya yoluxub və 72 nəfər bu xəstəlikdən dünyasını dəyişib. İmmunlaşdırmanın təminatında olan boşluqlar xəstəliklərin peyvənd olunmayan şəxslərə keçməsinə şərait yaradaraq yoluxucu, peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılması üçün zəmin yaradır.

Avropa Peyvəndləşdirmə Tədbirlər Planının (2015-2020) hədəfi Avropa regionunu peyvəndlə qarşısı alınan xəstəliklərdən xilas etmək, ölkələrə yüksək keyfiyyətli, təhlükəsiz və münasib qiymətli peyvəndə əlçatanlığın bərabərliyini və ömür boyu davam edən immunlaşdırma xidmətlərini təmin etməkdir. Bu hədəfi reallığa çevirmək Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il gündəliyinə daxil edilmiş sağlam həyat tərzini və hər yaşda rifahın təmin edilməsini nəzərdə tutan 3-cü məqsədə çatmaq üçün önəmli addımdır.

Tədbirlər
iyul 2019
1234567
891011121314
15161718192021
22
232425262728
2930311234
22 iyul / Bazar ertəsi
Bizi izləyin: