Teymur Rəcəbov

Teymur Rəcəbov azərbaycanlı şahmat qrossmeysteridir. O, 12 mart 1987-ci ildə Bakı şəhərində anadan olub və dörd yaşından şahmat oynamağa başlayıb. Teymur Rəcəbov 1999-cu ildə 11 yaş 11 aylığında Beynəlxalq dərəcəli idman ustası olub və 2001-ci ildə 14 yaş 14 günlüyündə həmin dövrdə dünyanın ən gənc qrossmeysteri və həmin dövrə qədər qrossmeyster olmuş ikinci ən gənc insan olub. 2002-ci ilin yanvar ayında 2599 reytinq xalı ilə FİDE-nin Top 100 reytinq siyahısına daxil olaraq dünya üzrə 93-cü yeri tutmaqla Yudit Polqardan sonra bunu bacaran 2-ci ən gənc şahmatçı olub. Həmin vaxtdan bəri bu siyahıda qalır. 2003-cü ildə o, uzun müddət dünya çempionu olan Harri Kasparovu məğlub edən ən gənc şahmatçı olub. Həmin ildə FİDE dünya çempionları Vişvanatan Anand və Ruslan Ponomoriov üzərində də qələbələr qazanır. 2006-cı ilin may ayında UNICEF-in Azərbaycanda xoşməramlı səfiri təyin edilib. O, ölkədə duzun universal yodlaşdırılmasını təbliğ edir.

Bizi izləyin: