Leyla Əliyeva

Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. 2000-ci ildə Londonda Kvins kollecini bitirib və Avropa Biznes Məktəbinə (EBS) daxil olub. 2006-2008-ci illərdə Leyla Əliyeva Moskva şəhərində Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MQİMO) magistratura təhsili alıb. 2010-ci ilə qədər MQİMO-da Azərbaycanlılar Klubunun sədri olub. 10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinə rəhbərlik edir. 19 dekabr 2007-ci ildə Leyla Əliyeva Moskvada “BAKU” jurnalını təsis edib və həmin vaxtdan jurnalın baş redaktorudur. 8 mart 2008-ci ildən Leyla Əliyevanın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatlar nəticəsində doğmalarını itirmiş və məhrumiyyətlərə düçar olmuş insanların adından “Xocalıya ədalət” kampaniyasına start verilib. Həmçinin 2008-ci ilin may ayında beynəlxalq dialoq üçün İslam Konfransı Təşkilatı Gənclər Forumunun Baş Koordinatoru seçilib. 2009-cu ilin aprel ayında Leyla Əliyeva Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib. 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.

 

12 iyul 2011-ci ildə Azərbaycanda Bakı şəhərində Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq kampaniya olan “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” (İDEA) fəaliyyətə başlayıb. Kampaniyanın məqsədi regionda və dünyada olduğu kimi, Azərbaycanda ekoloji problemlərə və gənclərin qayğılarına diqqətin yönəldilməsindən ibarətdir. İDEA Azərbaycanda ətraf mühit layihələrinin təbliğ edilməsində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) əsas tərəfdaşlarındandır. Həmin ayda Leyla Əliyeva xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və bugünkü Azərbaycanla bağlı həqiqətlərin geniş dünya ictimaiyyətinə çatdırılmasındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

2011-ci ilin noyabr ayında Nyu-Yorkda uşaqlar üçün təşkil olunan humanitar layihələrdə davamlı iştirakına görə “Key to life” mükafatına layiq görülüb.

22 noyabr 2011-ci ildə Leyla Əliyevaya BMT tərəfindən xüsusi sertifikat və fəxri fərman verilib.

7 oktyabr 2013-cü ildə bütün Rusiyanın patriarxı Kirillin göstərişi ilə xanım Leyla Əliyeva Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni (III dərəcəli) ilə təltif edilib.

Leyla Əliyeva 20 dekabr 2013-cü ildə III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ilin may ayında xanım Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb.

Üç övladı var.

Bizi izləyin: