Ümumdünya Səhiyyə Təşkilatı

Təşkilatın Azərbaycandakı proqramlarının yerinə yetirilməsinə kömək göstərmək məqsədilə 1994-cü ilin iyun ayında Bakı şəhərində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyi yaradılıb.

Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST). Azərbaycan Respublikasının ÜST-nin rəhbər orqanlarında fəal iştirakı uzun tarixə malikdir. 2006-cı ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ÜST-nin İcraiyyə Şurasında iki dəfə, Avropa Regional Bürosunun Daimi Komitəsində isə bir dəfə təmsil olunub. 2011-ci ildə Azərbaycan Respublikası ÜST-nin Avropa regionu üzrə illik ali toplantısına – ÜST Avropa Regional Komitəsinin 61-ci sessiyasına ev sahibliyi edib. Həmin toplantıda ÜST-nin Avropa regionuna daxil olan 53 ölkənin səhiyyə nazirləri və ictimai səhiyyə mütəxəssisləri bu regionda ictimai səhiyyə ilə bağlı əsas çətinlklərin və artan təhlükələrin öhdəsindən gəlmək məqəsdilə müvafiq fəaliyyət planlarını razılaşdırıblar. Eyni zamanda, Regional Komitənin Azərbaycan Respublikasında keçirilmiş sessiyasında “Səhiyyə 2020” adlanan yeni Avropa səhiyyə siyasəti sənədi müzakirə edilərək növbəti il qəbul olunub. Səhiyyə sahəsində ədalətliliyin gücləndirilməsi və daha yaxşı idarəçiliyin təmin olunması məsələlərinin xüsusi yer aldığı “Səhiyyə 2020” siyasət sənədi “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin həm müjdəçisi, həm də tamamlayıcısı hesab olunur.

Azərbaycan Respublikasının səhiyyə sahəsində əsas əlamətdar hadisələr

  • 2002-ci ildə Azərbaycan Respublikası poliomelitdən azad ölkə statusu alıb.
  • 2005-ci ildə Azərbaycan Respublikası qlobal tütün epidemiyasının artan təhlükələrinə qarşı cavab olaraq işlənib hazırlanmış beynəlxalq müqaviləni – ÜST-nin “Tütünə qarşı mübarizə haqqında” Çərçivə Konvensiyasını ratifikasiya edib.
  • 2006-cı ildə Azərbaycan Respublikasında HİV infeksiyasının müalicəsi üçün xidmətlərin göstərilməsinə ÜST-nin dəstəyi ilə başlanıb.
  • Son on il ərzində ÜST-nin Baş direktoru Azərbaycan Respublikasına üç dəfə səfər edərək 2007-ci ildə ölkənin birinci xanımı Mehriban Əliyevanı ÜST-nin İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı ilə təltif edib.
  • 2007-2014-ci illərdə Azərbaycan Respublikasında ana ölümü hallarının səviyyəsi 50%-dən çox azalıb.
  • 2008-2013-cü illər üzrə strateji planda nəzərdə tutulmuş milli məqsədə uyğun olaraq 2013-cü ildə Azərbaycan Respublikasında malyariyaya yoluxma hallarının qarşısı tam olaraq alınıb. Hazırda ölkədə bu xəstəliyin yenidən bərpa olunmasının qarşısının alınması məsələlərinə xüsusi diqqət yetirilir. “2016-2020-ci illər üçün Azərbaycan Respublikasında malyariya xəstəliyinin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə Milli Strategiya 2016-cı ildə qəbul edilib.
  • 2016-cı ildə Azərbaycan Respublikası qızılca və məxmərik xəstəliklərini eliminasiya etmiş ölkə statusu alıb.

ÜST-nin Azərbaycan Respublikasındakı hazırkı fəaliyyəti

Hal-hazırda ÜST-nin Bakı şəhərində yerləşən Nümayəndəliyində 6 əməkdaş çalışır. “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə nail olmaq məqsədilə bu Nümayəndəlik siyasət hazırlama sahəsində istiqamətlər verməklə, yerlərdə texniki əməkdaşlığı həyata keçirmək üçün əlaqələr qurmaqla, müvafiq standartları və razılaşmaları müəyyən etməklə, habelə mövcud və böhran zamanı yaranan  səhiyyə prioritetlərinin öhdəsindən gəlmək üçün ictimai səhiyyə tədbirlərinin əlaqələndirilməsini təmin etməklə Azərbaycan Respublikası Hökumətinə dəstək verir.

ÜST-nin Azərbaycan Respublikasındakı fəaliyyəti ilə bağlı prioritetlər iki illik əməkdaşlıq sazişi (BCA) əsasında müəyyən edilir. Nümayəndəlik milli təşkilatlarla və beynəlxalq tərəfdaş agentliklərlə yaxından əməkdaşlıq etməklə bu sazişi yerinə yetirir və Azərbaycan Respublikasının milli siyasətlərinin və planlarının təmin edilməsinə dəstək verir.

Səhiyyə sahəsinə aid prioritetlər və nailiyyətlər arasında bunları qeyd etmək lazımdır:

Qeyri-infeksion xəstəliklər (QİX) – ÜST “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın” və bu Strategiyanın icrası üzrə əsas fəaliyyət istiqamətlərinin işlənib hazırlanması prosesində aparıcı rola malik idi.

Tütünə qarşı mübarizə – 1997-ci ildən etibarən tütün məmulatlarının müxtəlif formada reklamı qadağan olunur və qanuna əsasən tütün məmulatının istehlakının insanların səhhətinə zərəri haqqında xəbərdarlıq yazısının mətni tütün məmulatı qutusunun ön və arxa tərəflərinin 30%-i əhatə edir.

Ana və uşaq sağlamlığı – ÜST “Ana və uşaqların sağlamlığının qorunması üzrə” Dövlət Proqramının işlənib hazırlanmasına dəstək vermişdir. 2015-ci ildə Azərbaycan Respublikasında Diridoğulmanın Beynəlxalq Meyarlarına keçid uşaq ölümü hallarının daha dəqiq qeydiyyata alınmasına şərait yaradıb.

Səhiyyə sisteminin gücləndirilməsi – Azərbaycan Respublikasının seçilmiş rayonlarında  icbari tibbi sığortanın pilot qaydada tətbiqi ÜST-nin dəstəyi ilə həyata keçirilir.

İmmunlaşdırma – Yerli tibb işçiləri və mütəxəssisləri vaksinlərin təhlükəsizliyi və vaksinasiyaya əks göstərişlər üzrə təlimlərdə iştirak edib.

Vərəm – ÜST “Vərəmlə mübarizə üzrə” Dövlət Tədbirlər Proqramının həyata keçirilməsinə dəstək verir.

Təşkilatın rəsmi vebsatları: www.who.intwww.euro.who.int

Bizi izləyin: