BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi

2007-ci ilin may ayında Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Azərbaycan Respublikasındakı Nümayəndəliyi fəaliyyətə başlamışdır. OHCHR insan hüquqlarının təşviq və müdafiə edilməsi üçün milli potensialların gücləndirilməsi istqamətində texniki yardım göstərilməsi və konsultativ məsləhətlərin verilməsi məsələləri ilə məşğul olur. Ali Komissarlıq Azərbaycan Respublikasındakı milli təşkilatların BMT-nin insan hüquqları mexanizmlərində iştirakına şərait yaradır. OHCHR-in Azərbaycan Respublikasındakı Nümayəndəliyi bu təşkilatın Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Cənubi Qafqaz üzrə Regional Ofisi nəzdində fəaliyyət göstərərək Ali Komissarlığın İnsan Hüquqları üzrə Baş müşavirinin fəaliyyətinə dəstək verir.

Son iyirmi il ərzində Azərbaycan Respublikası Hökumətinin və milli vətəndaş cəmiyyəti təşkilatlarının BMT-nin insan hüquqları prosesində iştirakı əhəmiyyətli hesab olunmalıdır. Azərbaycan Respublikası insan hüquqlarına dair BMT konvensiyalarının əksəriyyətinə tərəfdar çıxmaqla insan hüquqlarına aid beynəlxalq normaları tətbiq etmək, habelə bu səpkidən olan çoxsaylı konvensiyalara qoşulmaq və onları ratifikasiya etmək öhdəliyini öz üzərinə götürmüşdür ki, həmin beynəlxalq sənədlər arasında bunları qeyd etmək yerinə düşərdi: “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (ICERD), “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt (ICESCR), “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt (ICCPR), “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya (CEDAW), “İşgəncələr və digər qəddar, qeyri-insani və alçaldıcı rəftar və ya cəza əleyhinə” Konvensiya (CAT), “Uşaq hüquqları haqqında” Konvensiya (ÜHK). BMT-nin insan hüquqları üzrə orqanları tərəfindən verilən tövsiyələri yerinə yetirmək məqsədilə OHCHR milli tərəf-müqabillərinə dəstək verir. OHCHR-in əsas vəzifələrindən biri BMT-nin Müqavilə Orqanları, Universal Dövri İcmal (UDİ) və BMT-nin Xüsusi Prosedur mexanizmlərindən irəli gələn tövsiyələrin nəzərə alınaraq yerinə yetirilməsi istiqamətində milli tərəf-müqabillərinə köməklik göstərməkdən ibarətdir.

OHCHR Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili ilə (Ombudsmanla) yaxından əməkdaşlıq edərək siyasətin işlənib hazırlanması, təbliğat-təşviqat işlərinin aparılması, təlimlərin keçirilməsi, vətəndaş təhsili və tərbiyəsi, insan hüquqları üzrə milli fəaliyyət planlarının işlənib hazırlanması və beynəlxalq insan hüquqları sənədlərinin təşviq edilməsi kimi sahələrdə insan hüquqlarını təşviq edir. BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etmək üçün milli tərəfdaşların potensiallarını artırmaq və beynəlxalq təbliğat-təşviqat işlərində onların iştirakına şərait yaratmaq məqsədilə bu iki təşkilat konsultativ ekspert məsləhətləri verir, habelə təlim kursları və seminarlar təşkil edir.

Bütün bunlarla yanaşı, OHCHR təlim-tədris resurslarını təqdim etməklə, o cümlədən, işləyib hazırladığı müxtəlif insan hüquqlarına dair tematik materialların müvafiq dövlət dillərinə tərcümə edilməsini və nəşr olunmasını təşkil etməklə insan hüquqlarının tədrisi ilə məşğul olan vətəndaş cəmiyyəti təşkilatlarına köməklik göstərir. Həmin materiallar sırasına müvafiq UDİ sənədlərini, Müqavilə Orqanlarının müşahidələrini, habelə milli təlim-tədris resursları və kitabxanalarını tamamlayan digər beynəlxalq sənədləri aid etmək olar.

Yarandığı tarixdən etibarən OHCHR hökumət və vətəndaş cəmiyyəti təşkilatları kimi müxtəlif əlaqədar tərəfləri cəlb etməklə UDİ tövsiyələrinin milli səviyyədə səmərəli tətbiqi üçün modallıqlar hazırlamaq məqsədilə post-UDİ prosesinə aid bir sıra ictimai müzakirələrdə iştirak edir.

Ofisin rəsmi vebsaytı: www.ohchr.org

Bizi izləyin: