Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı

1992-ci il iyunun 3-də Azərbaycan Respublikası BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatına (YUNESKO) üzv olmuşdur. Bundan iki il sonra, 1994-cü il fevralın 21-də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Sərəncamı ilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır. Həmin tarixlərdən etibarən qurulmuş ikitərəfli əlaqələr sayəsində Azərbaycan Respublikası və YUNESKO qarşılıqlı və məhsuldar əməkdaşlıqdan faydalanırlar.

Azərbaycan Respublikası YUNESKO-nun, demək olar ki, bütün konvensiyalarını və digər hüquqi sənədlərini imzalayaraq ratifikasiya edib. Bununla yanaşı, Azərbaycan Respublikası YUNESKO İcraiyyə Şurasının 2005-2009-cu illər üçün üzvü seçilmişdir. Hazırda Azərbaycan Respublikası bu təşkilatın 4 hökumətlərarası komitəsinin və şurasının üzvüdür.

25 illik tarixə malik bu əməkdaşlıq ərzində YUNESKO-nun Baş direktoru vəzifəsində çalışmış cənab Federiko Mayor, cənab Koiçiro Matsuura və xanım İrina Bokova Azərbaycana bir neçə dəfə səfər etmişdirlər. 2015-ci ilin noyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva YUNESKO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak ediblər. Bütün bunlar YUNESKO ilə Azərbaycan Respublikası arasında mövcud olan yüksək səviyyəli əlaqələrin bariz nümunəsdir.

Azərbaycan Respublikası və YUNESKO arasında münasibətlərin yüksələn xəttlə inkişaf etməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın rolu əvəzolunmazdır. 2004-cü ilin sentyabr ayında xanım Mehriban Əliyeva ənənəvi müsiqinin, ədəbiyyatın və poeziyanın təşviqi ilə bağlı fəaliyyətinə, musiqi savadlılığın və beynəlxalq mədəniyyət mübadiləsinin təşviqi istiqamətindəki roluna və təşkilatın ideyalarına sadiq olduğuna görə YUNESKO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülmüşdür. Xanım Mehriban Əliyeva YUNESKO dəyərlərini təşviq etmək məqsədi daşıyan bir sıra iri miqyaslı tədbirlərin həm milli, həm də beynəlxalq səviyyələrdə keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu cür fəaliyyət nəticəsində Azərbaycan Respublikası ilə YUNESKO arasında əməkdaşlığın genişlənməsinə dəyərli töhfələr verilmişdir. Mədəni irsin qorunması üçün verdiyi töhfələrə görə xanım Mehriban Əliyeva YUNESKO-nun Baş direktoru vəzifəsində çalışmış Koiçiro Matsuura tərəfindən xatirə medalı (2008-ci ildə), İrina Bokova tərəfindən isə “Qızıl Motsart” medalı ilə təltif olunmuşdur (2010-cu ildə).

Azərbaycanın tarixi abidələri hesab olunan paytaxt Bakının İçərişəhər Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi, habelə Qobustan Milli tarix-bədii qoruğu YUNESKO-nun Dünya Maddi İrs Siyahısına salınmışdır.

Qarşılıqlı münasibətlərin gücləndirilməsi istiqamətində başqa bir əlamətdar hadisə 2013-cü il iyulun 18-də Azərbaycan Respublikası və YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlığa dair Çərçivə Sazişinin imzalanmasından ibarət idi ki, bu da Azərbaycan Respublikasına YUNESKO-nun donorlarından biri kimi fəaliyyət göstərmək imkanı yaratmışdır. Həmin Sazişə uyğun olaraq qızlar üçün təhsil, maddi və qeyri-maddi mədəni irsin qorunması, gender bərabərliyi, mədəniyyətlərarası dialoq, təbii fəlakətlərin qarşısının alınması sahələrində və s. sahələrdə YUNESKO-nun qlobal missiyasını dəstəkləmək üçün Azərbaycan Respublikası tərəfindən bu təşkilata 5 milyon ABŞ dolları məbləğində maddi töhfə verilmişdir.

Hazırda Afrikada (Tanzaniyada, Uqandada və Keniyada) qızlar üçün təhsilə, Asiyada (Banqladeşdə) və Latın Amerikasında (Qvatemalada) qeyri-maddi mədəni irsin qorunmasına, habelə mədəniyyətlərarası dialoq və elm məsələlərinə dair layihələr xüsusi hamilik fondu vasitəsilə Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilir.

Eyni zamanda, Azərbaycan Respublikası bu təşkilatın bir sıra mühüm tədbirlərinə, o cümlədən, YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasına (2011-ci ildə), YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin növbədənkənar sessiyasına və YUNESKO-nun Qeyri-maddi İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına ev sahibliyi etmişdir. Bundan başqa, YUNESKO 2011-ci ildən etibarən Azərbaycan Respublikasında keçirilən dörd Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi tərəfdaşı olmuşdur. 2015 və 2017-ci illərdə bu Forumlar çərçivəsində Azərbaycan Respublikası YUNESKO-nun mədəniyyətlərarası və dinlərarası dialoq üzrə kafedralarının iki Akademik Forumuna ev sahibliyi etmişdir.

Demək olar ki, hər il YUNESKO-nun iqamətgahında Azərbaycanın tarixi hadisələrinin ildönümü və dahi şəxsiyyətlərinin yubiley mərasimləri keçirilir. Bu cür əlamətdar hadisələr arasında Məhəmməd Füzulinin anadan olmasının 500 illik, Azərbaycanın tarixi eposu olan “Kitabi Dədə Qorqud”un isə 1300 illik yubileyini qeyd etmək olar.

25 illik əməkdaşlıq ərzində Azərbaycanın muğam ifaçısı Alim Qasımov YUNESKO-nun Beynəlxalq Musiqi Şurasının mükafatı ilə təltif edilib, dünya mədəni irsinə verdiyi töhfələrə görə rəssam Tahir Salahova YUNESKO-nun “Pikasso” qızıl medalı təqdim olunub, bəstəkar Firəngiz Əlizadə isə YUNESKO-nun “Sülh naminə incəsənət xadimi” adına layig görülüb.

Təşkilatın rəsmi vebsaytı: www.unesco.org

Bizi izləyin: