Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı

BMT-nin qaçqınlarla işləyən qurumu olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) Azərbaycanda öz nümayəndəliyini 1992-ci ildə, təşkilatın keçmiş Sovet İttifaqında həyata keçirdiyi ilk fövqəladə yardım əməliyyatının tərkib hissəsi kimi yaratmışdır. Həmin vaxt Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində və onun ətrafında gedən münaqişə üzündən artıq yarım milyondan çox insan didərgin düşmüş və döyüş əməliyyatları şiddətləndikcə bu say sürətlə daha da artmaqda idi. 1992-1994-cü illər didərginliyin ən yüksək həddə çatdığı dövr olmuşdur. Həmin dövrdə sığınacaq axtaran insanların sayı bir milyona çatmışdır, halbuki, ölkə əhalisinin ümumi sayı cəmi 7,2 milyon idi.

Fövqəladə yardım göstərməklə yanaşı, BMT QAK birbaşa yardımların on illik dövrü ərzində BMT-nin digər qurumları ilə birlikdə sığınacaq təminatı, təhsil, səhiyyə xidmətləri, ərzaq, su təchizatı, sanitariya xidmətləri və gəlir gətirən fəaliyyətlərlə bağlı geniş miqyaslı proqramlar həyata keçirmişdir. 2000-ci ilin ortalarından etibarən ölkə əhəmiyyətli iqtisadi inkişafa nail olduğuna və hökumət məcburi köçkün əhalinin ehtiyaclarının ödənilməsinə ayrılan vəsaitləri xeyli dərəcədə artırdığına görə, BMT QAK tədricən birbaşa yardımlarını azaltmış və əməliyyatlarının istiqamətini dəyişərək onları hüquqi məsləhət vermə, özünü təmin etmə üzrə kiçik həcmli layihələrin icrası, monitorinq və təşviqat fəaliyyətlərinə yönəltmişdir.

BMT QAK sığınacaq, qarışıq miqrasiya və sərhəd nəzarəti problemlərinin səmərəli və qəbul olunmuş beynəlxalq standartlara uyğun surətdə həll edilməsi üçün yaxşı təşkil olunmuş koordinasiya mexanizmlərinin inkişafına yardım göstərmək məqsədi ilə dövlət qulluqçuları, hüquq-mühafizə və məhkəmə orqanlarının nümayəndələri üçün təlimlər, onların bilik və bacarıqlarının artırılmasına yönələn digər fəaliyyətlər təşkil edir. Özünün qlobal mandatına uyğun olaraq, BMT QAK vətəndaşsızlıq hallarının qarşısının alınmasına və azaldılmasına yönələn fəaliyyətlərlə də məşğuldur, o cümlədən şəxslərə naturalizasiya prosesləri ilə bağlı birbaşa fərdi yardım göstərir. Vətəndaşsızlıq hallarının qarşısının alınması ilə bağlı Azərbaycanın görmüş olduğu təqdirəlayiq tədbirlər sırasında 1998-ci ildə Ermənistandan olan 250 min nəfərin, Mərkəzi Asiyadan olan 50 min məhsəti türkünün, və İran mənşəli 7 min nəfərin naturalizasiyasını göstərmək olar.

BMT QAK müharibə, münaqişə və təqiblərdən qaçaraq Azərbaycana daxil olan sığınacaq axtaranları və qaçqınları müdafiə etmək və onların durumunun uzunmüddətli həlli yollarını tapmaq üçün hökumət tərəfdaşları, BMT qurumları və QHT-lərlə sıx əməkdaşlıq şəraitində çalışır. 1990-cı illərin sonlarından indiyədək BMT QAK ölkədə qaçqınları və sığınacaq axtaranları beynəlxalq himayə və maddi yardımla təmin edir. BMT QAK-ın mandatı altında olan bu şəxslərin sayı tədricən azalaraq ən yüksək göstərici olan 1999-cu ildəki 12 min nəfərdən 2017-ci ildə 1417 nəfərə enmişdir. Hökumətlə danışıqlarda BMT QAK qaçqın ailələrinin zəruri ehtiyaclarının ödənilməsinə və durumlarının uzunmüddətli həllinə şərait yaradılmasına yönələn həll mexanizmlərinin formalaşdırılmasında onlara yardım göstərmək məqsədi daşıyan, onların öz yaşayışlarını təmin etməsinə yönələn fəaliyyətləri araşdırmışdır.

BMT QAK ABŞ-ın Ümumdünya Lüteran Yardım Təşkilatı (LWR) tərəfindən 1997-2011-ci illərdə qeyri-ərzaq mallarının Azərbaycana çatdırılmasına və “Fuci Optikal” şirkəti tərəfindən aparılan görmə qabiliyyətinin müayinəsi üzrə yardım fəaliyyətlərinə (2005-2017) də köməklik göstərmişdir.

2010-cu ildən başlayaraq BMT QAK Almaniyanın federal hökuməti tərəfindən maliyyələşdirilən DAFI Təqaüd Proqramı çərçivəsində 20-dən artıq qaçqının ali təhsilinə yardım göstərmişdir. BMT QAK-ın Bakıda yerləşən Qaçqın Qadın və Gənclər Mərkəzi müxtəlif təhsil və təlim proqramları vasitəsilə qaçqınlar üçün sosiallaşma, habelə bilik və bacarıqların artırılması üçün şərait yaradır. Bundan başqa, BMT QAK cinsi və gender əsaslı zorakılıq hallarının qarşısının alınması və cavab tədbirləri, eləcə də qadınların və qızların səlahiyyətləndirilməsi üçün gender bərabərliyi üzrə məlumatlılığın artırılması istiqamətində fəaliyyətlərdə iştirak edir.

BMT QAK-ın məcburi köçkünlərlə bağlı hazırkı müdaxilələri onların tələbatlarının qiymətləndirilməsinə, məlumatlılığının artırılmasına və hüquqlarının, o cümlədən doğma yurdlarına könüllü qayıdış hüququnun müdafiəsinə yönəlmişdir. Məcburi köçkünlərin hüquqlarının milli qanunvericiliklə və beynəlxalq himayə standartlarına uyğun surətdə qorunmasını təmin etmək üçün BMT QAK məcburi köçkünlərə ödənişsiz hüquqi məsləhətlər verir və hüquqi yardım göstərir. 2016-cı ilin sonunda Azərbaycanda məcburi köçkünlərin ümumi sayı 613 129 nəfər olmuşdur ki, onlardan 10 min 805 nəfəri 2016-cı il ərzində BMT QAK tərəfindən həyata keçirilən və ya maliyyələşdirilən layihə və proqramlardan birbaşa faydalanmışlar.

BMT QAK məcburi köçkün əhali üçün yardım və himayə sahəsində Azərbaycan hökumətinə dəstək fəaliyyətini davam etdirəcək, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail oldunduqda onların doğma yurdlarına qayıdışına kömək edəcək. BMT QAK həmçinin inklüziv xarakter daşıyan və hüquqların qorunmasına əsaslanan, qaçqınların ölkədə təhlükəsizliyə qovuşmalarına və cəmiyyətə uğurla inteqrasiya etmələrinə imkan yaradan sığınacaq sisteminin bərqərar edilməsində Azərbaycan hökumətinə dəstək göstərməkdə davam edəcək.

Komissarlığın rəsmi vebsaytı: www.unhcr.org

Bizi izləyin: