Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP)

1992-ci ilin payızında Azərbaycan Respublikasında öz nümayəndəliyini açmış Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) bu ölkədə fəaliyyətə başlamış ilk BMT agentliyi idi. Azərbaycandakı fəaliyyətinin ilk illərində BMTİP tərəfindən həyata keçirilən  əməliyyatlarda Dağlıq Qarabağ münaqişəsindən  zərər çəkmiş insanlara humanitar yardımın göstərilməsi, və onun əlaqələndirilməsinə, həmçinin  erkən bərpa proqramının yerinə yetirilməsinə xüsusi diqqət ayrılırdı.

1990-cı illərin sonunda yenidənqurma işlərinin əlaqələndirilməsi, habelə qaçqın və məcburi köçkünlərin yenidən məskunlaşdırılması prosesinin dəstəklənməsinə cavabdeh  olacaq Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi yaratmaq məqsədilə BMTİP Azərbaycan  Hökumətinə zəruri kömək göstərib. Bununla yanaşı, hərbi əməliyyatların aparıldığı əraziləri minalardan təmizləmək məqsədilə BMTİP müxtəlif donor təşkilatlarla yaxından əməkdaşlıq edərək 1999-cu ildə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasında da aparıcı rol oynayıb.

Azərbaycanda baş verən inkişaf prosesindəki irəliləyişi izləmək və əsas inkişaf məsələlərini ön plana çəkmək məqsədilə 1995-ci ildən etibarən BMTİP Milli İnsan İnkişafı Hesabatını nəşr etdirir. Eyni zamanda, BMTİP inkişaf məsələləri haqqında gənclərin biliklərini artırmaq üçün Azərbaycan universitetlərində İnsan İnkişafı kurslarının tədrisini təmin edib.

Zaman keçdikcə, BMTİP-in Azərbaycandakı rolu ölkənin artan ehtiyaclarına uyğun uzunmüddətli sosial-iqtisadi inkişafa yönəlirdi. Belə ki, 2000-ci illərin əvvəllərindən başlayaraq yoxsulluğun azaldılması, informasiya və kommunikasiya texnologiyalarının tətbiq olunması, insan hüquqlarının təşviq edilməsi, ətraf mühitin idarə olunması, gender bərabərliyinin təmin olunması və HİV/AİDS-in qarşısının alınması məsələlərinə BMTİP-in diqqəti artmaqda idi.

Yoxsulluğun azaldılması, xüsusən də ölkənin bu məsələyə aid ilk milli strategiyası olan “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın işlənib hazırlanması istiqamətində hökumətin səylərini dəstəkləmək məqsədilə BMTİP digər beynəlxalq inkişaf təşkilatları ilə birgə iş aparırdı. Bu işlərin davamı olaraq, BMTİP Minilliyin İnkişaf Məqsədlərinin ölkə şəraitinə uyğunluğunu təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Hökumətinə koməklik göstərmişdir və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın bu məqsədlərə uyğun işlənib hazırlanması işinə vacib töhfələr verib. Bununla yanaşı, BMTİP Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər) həyata keçirilməsində hökumətin əsas və uzunmüddətli tərəfdaşı olub.

2000-ci illərin ortalarında Azərbaycan Respublikası ilə xarici neft şirkətlərindən ibarət beynəlxalq konsorsium arasında imzalanmış neft müqaviləsi gəlir gətirməyə başlayıb və BMTİP bu ölkədəki missiyasına yenidən baxmalı olub. Nəticədə təşkilat Azərbaycan Hökuməti ilə birlikdə “qara qızılın” (neft gəlirlərinin) “insan qızılına” (insan kapitalına) çevrilməsi, başqa sözlə ölkənin neft gəlirlərinin insan inkişafına yönəldilməsini  təşviq etməyə  başlayıb.

BMTİP-in Azərbaycanda həyata keçirdiyi Elektron Hökumət (E-Hökumət) Proqramı gömrük xidməti, pensiya sistemi, dövlət qulluğu və ədliyyə sektorlarında aparılan islahatlarda İKT-nin istifadə olunmasına dəyərli sübutdur. Həmin proqram iş proseslərinin avtomatlaşdırılması, insan müdaxilələrinin aradan qaldırılması, gözləmə vaxtının və xərclərin azaldılması, habelə məlumatların onlayn rejimində öyrənilməsi yolu ilə dövlət təşkilatlarında səmərləliliyinin və şəffalığının artırılmasına böyük töfhələr verib.

Son illərdə BMTİP ətraf mühit və iqlim dəyişikliyi sahələrində də fəal iştirak edir. Bu təşkilat dayanıqlı torpaq idarəetmə təcrübəsinin tətbiq edilməsinə, Azərbaycanın daşqın meylli ərazilərində iqlim dəyişikliyi risklərinin aradan qaldırılmasına, energetika sektorunda istixana effekti yaradan emissiyaların azaldılmasına, Xəzər dənizi ekosisteminin idarə olunmasının təkmilləşdirilməsinə köməklik göstərir.

BMTİP öz layihələrində kəsişən məsələ olan gender bərabərliyini  təşviq edir. Təşkilat kənd qadınlarının iqtisadi və sosial həyatda iştirakını dəstəkləyir və qadınların ehtiyaclarının dövlət siyasətində  əks olunması üçün milli qurumların potensiallarını artırır.

Bütün bunlarla yanaşı, BMTİP Azərbaycanın böyük təcrübə topladığı ərazilərin minalardan təmizlənməsi və vətəndaşlara xidmətlərin göstərilməsi kimi sahələrdə bilik mübadiləsi üçün Cənub-Cənub əməkdaşlığına şərait yaradır.

Hazırda BMTİP Azərbaycan Respublikasının milli inkişaf planlarının qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması üçün hökumətlə yaxından əməkdaşlıq edir. Bununla əlaqədar olaraq təşkilat Azəbaycan Respublikasında dayanıqlı inkişafı 2030-cu ilədək təmin etmək məqsədilə 2016-cı ildə yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının potensialının artırılmasına köməklik göstərir.

Təşkilatın rəsmi vebsaytı: www.undp.org

Azərbaycandakı ofisin vebsaytı: www.az.undp.org

Bizi izləyin: