Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu

BMT-nin Əhali Fondu hər bir hamiləliyin arzu edilən olduğu, hər bir doğuşun təhlükəsiz keçdiyi və hər bir gəncin potensialının reallaşa biləcəyi dünyaya nail olmaq üçün çalışan BMT-nin aparıcı təşkilatıdır.

BMT-nin Əhali Fondu əhalinin reproduktiv sağlamlıq problemlərini həll etmək məqsədilə Azərbaycan Respublikasına 1994-cü ildən dəstək verməyə başlayıb. BMT-nin Əhali Fondunun əhaliyə geniş spektrli reproduktiv sağlamlıq xidmətləri təqdim edən Respublika Ailə Planlaşdırması mərkəzi ilə uzunmüddətli tərəfdaşlığının da bünövrəsi həmin ildə qoyulub. BMT-nin Əhali Fondu həmçinin müasir kontrasepsiya üsulları haqqında ictimaiyyətin məlumatlandırılması və kontrasepsiya vasitələrinin əlçatan olması məqsədilə ölkədə ilk ailə planlaşdırma mərkəzlərinin yaradılmasına dəstək göstərdi. 1997-ci ildə reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında ilk ümummilli təlim proqramı təqdim olundu.

BMT-nin Əhali Fondu 1996-cı ildə Azərbaycanda tam Ölkə Nümayəndəliyi kimi fəaliyyətə başladığı vaxtdan etibarən əhali məsələləri və gender bərabərliyinin təşviqatı da daxil olmaqla həyata keçirdiyi strateji müdaxilələrin əhatə dairəsini genişləndirdi. Ölkə Nümayəndəliyi Azərbaycanda milli inkişaf prioritetlərinə töhfə verməklə Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın gündəmində olan məqsədlər üzrə fəaliyyəti sürətləndirmək məqsədilə hökumət, qeyri-hökumət təşkilatları və özəl sektor ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa başladı.

Təkmilləşdirilmiş ailə planlaşdırılması məqsədilə təşkilatın milli səhiyyə sisteminin gücləndirilməsi istiqamətində apardığı fəaliyyət Azərbaycan Respublikasının ilk Milli Reproduktiv Sağlamlıq Strategiyasının (2008 – 2015) qəbulu ilə nəticələndi.

BMT-nin Əhali Fondu Azərbaycanda cari və gələcək əhali məsələləri üzrə qəbul ediləcək proqramların formalaşdırılması, həyata keçirilməsi və monitorinqi üçün əhali haqqında məlumatların mövcudluğu, əlçatanlığı və istifadəsini yaxşılaşdırmaq məqsədilə milli potensialın gücləndirilməsinə xüsusi diqqət yetirir. Belə ki, ölkə müstəqilliyi yenidən qazanıldıqdan sonra keçirilən əhalinin siyahıya alınması (1999, 2009) prosesində hökumətə əsaslı dəstək verildi. Milli prioritetlərə uyğun oalraq əhali dinamikası və onun cinsi və reproduktiv sağlamlıq və hüquqlar, eyni zamanda gender bərabərliyi ilə əlaqələrinə dair məlumatları təmin etmək üçün bir sıra kəmiyyət və keyfiyyət araşdırmaları və sorğuları keçirildi. Demoqrafik İnkişaf Konsepsiyasının təsdiqlənməsi nəticəsində “Azərbaycan Respublikasında Əhali və Demoqrafik  İnkişaf  sahəsində Dövlət Proqramı”nın hazırlanması   hökumətin əhali və inkişaf məsələlərinin  həll olunması yolunda səylərinin bariz nümunəsi kimi dəyərləndirilmişdir.

Azərbaycanda gender bərabərliyi üzrə aparıcı BMT qurumu olan Əhali Fondu gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsinin təşviqinə imkan verən hüquqi və siyasi mühitin yaranması üçün hökumətlə yaxından əməkdaşlıq edir. Qadınlara dair Milli qanunvericiliyin “Qadınlara qarşı hər cür ayrı-seçkiliyin aradan qaldırılması” haqqında Konvensiyanın müddəalarına tam uyğunluğunu təmin etmək məqsədilə təbliğat səyləri Gender bərabərliyinin təminatları haqqında (2006) və Məişət zorakılığının qarşısının alınması haqqında (2010) iki mühüm qanunun qəbul olunması ilə nəticələndi. Bu fəaliyyətin davamı olaraq, BMT-nin Əhali Fondu gender əsaslı zorakılıq qurbanları üçün milli istiqamətləndirmə mexanizminin qurulması yönündə səylərini davam etdirir. BMT-nin Əhali Fondu ölkədə gender bərabərliyinin və qadın hüquqlarının tam şəkildə təmin edilməsinə dəstək vermək üçün gender əsaslı cinsi seçim və erkən nikahlar kimi xoşagəlməz ənənələr daxil olmaqla gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində layihələr həyata keçirir.

Gənclərin öz sağlamlığı haqqında öyrənmə və onu qoruma imkanlarının təmin edilməsinin vacibliyini nəzərə alaraq, BMT-nin Əhali Fondu, həmçinin məktəbdən kənar təhsil vasitəsilə cinsi və reproduktiv sağlamlıq və hüquqlara də diqqət yetirir. BMT-nin Əhali Fondunun təcrübəsi göstərir ki, gəncləri birbaşa özləri ilə bağlı məsələlərə cəlb etmək onlarda özünə güvən hissini yaradır və onların əsas insan hüquqlarından istifadə etmələri və, nəticə etibarilə, daha düzgün qərarlar qəbul etmələrinə imkan verir.

Fondun rəsmi vebsaytları: www.unfpa.orgwww.eeca.unfpa.orgdata.unfpa.org/docs/aze

Bizi izləyin: