Beynəlxalq Əmək Təşkilatı

1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv qəbul olunub. Həmin tarixdən başlayaraq Azərbaycan Respublikası milli əmək və sosial müdafiə qanunvericiliyinin təkmilləşdirilməsini, institusional inkişafı, sosial tərəfdaşların potensiallarının artırılmasını, məşğulluğun təşviq edilməsini nəzərdə tutan BƏT-in müxtəlif texniki yardım proqramlarından faydalanmaq imkanı əldə edib.

Azərbaycan Respublikası BƏT-in 58 Konvesiyasını ratifikasiya edib. Bu Təşkilatın Azərbaycan Respublikasındakı üç əsas tərəf-müqabili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) ibarətdir.

1994-1995-ci illərdə BƏT əmək qüvvəsi sorğusuna dair pilot layihənin işlənib hazırlanması və icra olunmasında Azərbaycan Respublikası Hökumətinə köməklik göstərib. Gələcəkdə BƏT-in beynəlxalq səviyyədə tanınmış metodologiyasına əsaslanan əmək qüvvəsi sorğularının ölkə səviyyəsində həyata keçirilməsi üçün əsaslı baza yaratmaq məqsədilə Dövlət Statistika Komitəsinə kömək göstərmək baxımından BƏT-in BMTİP-lə yaxından əməkdaşlıq etməsini nəzərdə tutan bu layihə vahid yanaşmaya aid yaxşı bir nümunə hesab olunurdu. Hal-hazırda Dövlət Statistika Komitəsi əmək qüvvəsi sorğularını hər kvartal həyata keçirir.

1997-1998-ci illərdə BƏT Naxçıvan Muxtar Respublikasında, habelə Ağdam və Səlyan rayonlarında özünəməşğulluq layihəsini uğurla həyata keçirib. Nəticədə təlim keçmiş və müxtəlif ixtisaslara yiyələnmiş 300 nəfər fərdi əmək fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 2005-2006-cı illərdə BƏT İsmayıllı rayonunun kənd yerlərində yolların bərpa edilməsi bacarıqlarına dair təlimlərin keçirilməsində köməklik göstərib.

Əmək idarəçiliyi sahəsinə gəldikdə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaradılması, o cümlədən, işçilərin təlimləndirilməsi və Xidmətin təşkilati strukturunun işlənib hazırlanması ilə əlaqədar BƏT tərəfindən Azərbaycan Respublikası Hökumətinə köməklik göstərilib.

BƏT-tin tövsiyələrini nəzərə almaqla işlənib hazırlanmış Azərbaycan Respublikasının Əmək Məcəlləsi 1999-cu il yanvarın 1-də qəbul edib. Əmək Məcəlləsinin qəbul edilməsi milli əmək qanunvericiliyinin beynəlxalq əmək standartlarına uyğun təkmilləşdirilməsi istiqamətində vacib addım hesab olunur.

BƏT-in MDB ölkələri üçün nəzərdə tutulmuş və 2013-2016-cı illərdə həyata keçirilmiş “Müstəqil Dövlətlər Birliyində gənclərin məşğulluğu sahəsində tərəfdaşlıq” Layihəsi çərçivəsində bir sıra vacib tədbirlər Azərbaycan Respublikasında icra olunub. BƏT artım və məşğulluq perspektivlərinin makroiqtisadi aspektlərinə dair tədqiqat aparıb, Dövlət Məşğulluq Xidmətinin (DMşX) əməkdaşları üçün təlimlər təşkil edib, özünəməşğulluq və əmək haqqlarının subsidiya şəklində ödənilməsi proqramlarının yerinə yetirilməsində DMşX-ya kömək göstərib və qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlı məsələlərlə əlaqədar olaraq əsas tərəf-müqabilləri ilə əməkdaşlığa başlayıb.

2016-cı ilin sentyabr ayında BƏT və bu təşkilatın əsas tərəf-müqabilləri – Azərbaycan Respublikası Hökuməti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramını imzalayıblar. 2016-cı il sentyabrın 30-da ilk milli üçtərəfli qurum olan İqitsadi və Sosial məsələlər üzrə Üçtərəfli Komissiya yaradılıb.

“Müstəqil Dövlətlər Birliyində gənclərin məşğulluğu sahəsində tərəfdaşlıq” Layihəsi çərçivəsində BƏT-in texniki köməyi ilə işlənib hazırlanmış Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2017-2030-ci illər) Azərbaycan Respublikası Hökumətinə təqdim olunub. Sözügedən layihə DİM-lərin, xüsusən də layiqli əmək və məhsuldar məşğulluq üzrə 8-ci DİM-in Azərbaycan Respublikasında yerinə yetirilməsi üçün BƏT ilə BMTİP arasında əməkdaşlığa zəmin yaradıb.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası BƏT-in “Əməyin gələcəyi” Təşəbbüsünə qoşulub. 2017-ci il martın 17-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial tərəfdaşların, hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyası da daxil olmaqla elmi dairələrin, habelə özəl sektor nümayəndələrinin iştirakı ilə ilk panel müzakirələrini keçirib. 2017-ci il martın 29-da Bakı şəhərində keçirilmiş “Əməyin gələcəyi” Təşəbbüsünə həsr olunmuş tədbirdə həmin panel müzakirələrin nəticələri təqdim olunub.

2017-ci il iyunun 12-də Beynəlxalq Əmək Konfransının Cenevrə şəhərində keçirilmiş 106-cı sessiyasında Azərbaycan Respublikası BƏT-in İnzibati Şurasının 2017-2020-ci illər üçün üzvü seçilib.

Təşkilatın rəsmi vebsaytı: www.ilo.org 

Bizi izləyin: