Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

Son 22 il ərzində Azərbaycan Hökuməti ilə səmərəli əməkdaşlıq quraraq və ona texniki yardım göstərərək,  FAO Azərbaycanda kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, kənd ərazilərinin inkişafı, o cümlədən heyvandarlıq, meşəçilik və balıqçılıq kimi sahələrdə milli inkişaf prioritetlərinin yerinə yetirilməsinə töhfə verməkdə davam edir.

Bu məqsədlə, FAO kənd təsərrüfatında məhsuldarlığın artırılmasına yönələn, aqrar islahatlara töhfə verən və ölkənin ərzaq təhlükəsizliyi ilə əlaqəli olan çağırışlara müsbət həllərin tapılmasına xidmət edən bir çox layihələr və təcili dəstək tədbirləri həyata keçirmişdir.

Azərbaycanla son zamanlarda aparılan əməkdaşlıq kənd təsərrüfatı və ətraf mühit sahələrində Hökumətə siyasət və qanunvericilik istiqamətlərində müxtəlif yardımların göstərilməsini ehtiva edir. Bundan əlavə, FAO Azərbaycan Hökumətinin balıqçılıq və akvakultura, kiçik fermerlərin yüksək-keyfiyyətli toxum materialları ilə təchiz edilməsi, südçülük sektorunda heyvanların verimliliyinin artırılması və suvarılan ərazilərdə resursqoruyucu kənd təsərrüfatı üsullarının tətbiq edilməsi ilə bağlı müraciətləri əsasında ünvanlı fəaliyyətlər həyata keçirib. Bununla yanaşı, FAO-nun yardım göstərdiyi transsərhəd heyvan xəstəliklərinə nəzarət və çəyirtkələrlə mübarizə potensialının gücləndirilməsi fəaliyyətləri fövqəladə hallara hazırlıq və onlara müvafiq cavab verilməsi tədbirlərinə aid edilə bilər.

Ölkəyə diqqətin gücləndirilməsi

Azərbaycan FAO-nun üzvü olduğu tarixdən Təşkilatın Azərbaycandakı fəaliyyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən FAO-nun Avropa Regional Ofisi tərəfindən əhatə olunur. Təşkilatın qeyri-mərkəzləşdirmə prosesi çərçivəsində 2007-ci ilin avqust ayında Azərbaycanda FAO-nun ölkə nümayəndəliyi açıldı. FAO-nun ölkə ofisinin fəaliyyəti kənd təsərrüfatı və kənd ərazilərinin inkişafı sahələrində Azərbaycan Hökumətinin və xalqının ehtiyaclarını qarşılamağa xidmət edir.

Azərbaycan Hökuməti FAO-nun resurs tərəfdaşı olmaq niyyətini bəyan edərək, ilk olaraq Təşkilatın ölkə daxilində icra etdiyi layihələri maliyyələşdirməyə və, bundan sonra, regional və qlobal layihələrdə FAO-nun potensial donoru olmağa hazır olduğunu bildirib. Bu resurslar və təcrübə hesabına, Azərbaycan Respublikası Avropa və Mərkəzi Asiya regionunda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına önəmli töhfə verəcək. Buna cavab olaraq, 2007 ildən etibarən fəaliyyət göstərən FAO-nun ölkə nümayəndəliyinin statusu artırılaraq, 2015-ci ildə FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi yaradıldı.

2015-ci ildə Azərbaycan Hökuməti və FAO arasında Tərəfdaşlıq Proqramın qəbul edilməsinə dair Saziş imzalandı. Tərəfdaşlıq Proqramı, Azərbaycanın inkişaf yardımı alan ölkədən daha çox tərəfdaş ölkəyə çevirlməsinin təzahürü olaraq, Azərbaycanın artmış milli potensialını, daha bilik-tutumlu, ictimai vəkillik əsaslı siyasət planlaşdırılması prosesinin reallığını əks etdirir. Azərbaycan və FAO bu Proqram əsasında əməkdaşlıq edərək və digər müvafiq qruplarla işbirliyi quraraq, milli prioritetlərin əldə olunmasında, kənd təsərrüfatı və kənd ərazilərinin inkişafını dayanıqlı şəkildə dəstəkləməkdə tərəfdaş olurlar.

FAO təcrübəsinin milli prioritetlərə uyğunlaşdırılması

Azərbaycanın ərzaq və kənd təsərrüfatı sektoruna FAO tərəfindən göstərilən dəstək, Azərbaycan Hökuməti ilə birgə işlənilmiş, “Azərbaycan 2020: Gələcəyə baxış” və digər milli strateji sənədlərin tələblərinə uyğunlaşdırılmış yeni Ölkə Proqram Çərçivəsində yer alan prioritetlərlə müəyyən edilir. Cari Ölkə Proqram Çərçivəsi qabaqcıl beynəlxalq praktikaları və qlobal standartları milli və regional təcrübələrlə birləşdirərək, 2016 – 2020 illər dövrünün əhatə edir.

Təşkilatın rəsmi vebsaytı: www.fao.org

Bizi izləyin: