Məqsəd 9: Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyaların inkişafına dəstək vermək

İnfrastruktur, o cümlədən nəqliyyat, suvarma, enerji, informasiya və kommunikasiya texnologiyaları infrastrukturuna  investisiya bir çox ölkələrdə dayanıqlı inkişafa nail olmaq və icmaları səlahiyyətləndirmək  üçün zəruridir. Artıq təsdiq olunub ki, məhsuldarlıq və gəlirlərin artması, səhiyyə və təhsil göstəricilərinin yaxşılaşdırılması üçün infrastruktura investisiya tələb olunur.

Sənayenin inklüziv və dayanıqlı inkişafı gəlirlərin yaranmasının əsas mənbəyi kimi hər kəsin həyat səviyyəsinin sürətli və davamlı yüksəlişinə imkan verir və ekoloji cəhətdən təhlükəsiz sənayeləşmə üçün texnoloji həlli təqdim edir.

Texnoloji tərəqqi resurslardan və enerjidən istifadənin səmərəliliyinin artırılması kimi ekoloji məqsədlərə nail olmaq üçün göstərilən səylərin təməlini təşkil edir. Texnologiya və innovasiya olmadan sənayeləşmə baş verə bilməz, sənayeləşmə olmadan isə inkişaf ola bilməz.

  • Bir çox inkişaf etməkdə olan ölkələrdə yol, informasiya və kommunikasiya texnologiyaları, kanalizasiya xidmətləri, elektrik enerjisi və su təchizatı kimi əsas infrastruktur hələ də kifayət qədər mövcud deyil.
  • İnkişaf etməkdə olan ölkələrdə təxminən 2.6 milyard insan fasiləsiz elektrik enerjisinə çıxış imkanı əldə etməkdə çətinlik çəkir.
  • Dünyada 2.5 milyard insanın ilkin kanalizasiya xidmətlərinə, təxminən 800 milyon insanın isə suya çıxışı yoxdur. Bunlardan yüz milyonlarla insan Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsi və Cənubi Asiyada yaşayır.
  • 1-1.5 milyard insanın etibarlı telefon xidmətlərinə çıxışı yoxdur.
  • Keyfiyyətli infrastrukturun mövcudluğu sosial, iqtisadi və siyasi məqsədlərə nail olunmasına müsbət təsir göstərir.
  • İnfrastrukturun qeyri-adekvat səviyyədə olması bazarlara, iş yerlərinə, informasiya və təlim imkanlarına çıxışın olmamasına gətirib çıxarır ki, bu da bizneslə məşğul olmaq üçün başlıca maneələrdən birini təşkil edir.
  • İnfrastrukturun lazımi səviyyədə inkişaf etməməsi səhiyyə xidmətləri və təhsilə çıxışı məhdudlaşdırır.
  • Bir çox Afrika ölkələrində, xüsusilə də aşağı gəlirli ölkələrdə, infrastrukturla bağlı mövcud məhdudiyyətlər şirkətlərin məhsuldarlığının təqribən 40% azalmasına səbəb olur.
  • Emal sənayesi önəmli məşğulluq sahələrindən biridir. 2009-cu ildə dünya miqyasında təxminən 470 milyon iş yeri və ya dünyanın təxminən 2.9 milyard nəfərlik işçi qüvvəsinin 16 faizi bu sahənin payına düşür. 2013-cü ildə emal sənayesində təxminən yarım milyard iş yerinin olduğu hesablanıb.
  • Sanayeləşmənin iş yerləri ilə bağlı multiplikasiya effekti cəmiyyətə müsbət təsir göstərir. Emal sənayesindəki hər bir iş yeri digər sektorlarda 2.2 iş yeri yaradır.
  • Emal sənayesində və istehsalatda kiçik və orta ölçülü müəssisələrin mövcudluğu sənayeləşmənin erkən mərhələləri üçün çox vacibdir və adətən ən böyük iş yeri mənbəyidir. Dünyada biznes əməliyyatlarının 90 faizindən çoxu, məşğulluğun isə 50-60 faizi onların payına düşür.
  • Müvafiq məlumatların mövcud olduğu ölkələrdə bərpa olunan enerji sektorunda çalışanların sayı hazırda 2.3 milyona yaxındır. Məlumatlardakı mövcud boşluqları nəzərə alsaq, şübhəsiz ki, bu çox mühafizəkar bir rəqəmdir. Alternativ enerjiyə marağın sürətlə artması səbəbilə, 2030-ci ilə qədər bərpa olunan enerji ehtiyatları sahəsində mümkün ümumi məşğulluq 20 milyon iş yeri səviyyəsində ola bilər.
  • Ən az inkişaf etmiş ölkələr qida və içki (aqro-sənaye), toxuculuq və geyim məhsulları sahəsində böyük sənayeləşmə potensialına malikdir və burada dayanıqlı məşğulluğun yaradılması, daha yüksək məhsuldarlıq üçün yaxşı perspektivlər mövcuddur.
  • Orta gəlirli ölkələr beynəlxalq miqyasda tələbatı sürətlə artan bir sıra məhsullar təklif edən əlvan metallar və metal məmulatları sənayelərinə daxil olaraq böyük fayda əldə edə bilər.
  • İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı məhsullarının yalnız 30 faizi sənayedə emal olunur. Yüksək gəlirli ölkələrdə isə bu göstərici 98 faizdir. Bu onu göstərir ki, inkişaf etməkdə olan ölkələr üçün aqrobiznes sahəsində böyük imkanlar mövcuddur.
  • Hamı üçün sərfəli və bərabər çıxış imkanını nəzərə almaqla, iqtisadi inkişafa və insan rifahına dəstək olmaq məqsədilə, keyfiyyətli, etibarlı, dayanıqlı və möhkəm infrastrukturu, o cümlədən regional və transsərhəd infrastrukturu inkişaf etdirmək;
  • İnklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və 2030-cu ilədək, milli şəraitlərə uyğun olaraq məşğulluqda və ÜDM-də sənayenin payını ikiqat artırmaq;
  • Xüsusilə inkişaf etməkdə olan ölkələrdə kiçik ölçülü sənaye və digər müəssisələrin maliyyə xidmətlərinə, o cümlədən münasib kredit imkanlarına çıxışını artırmaq və onların dəyər zəncirlərinə və bazarlara inteqrasiyasını gücləndirmək;
  • 2030-cu ilədək, bütün ölkələrin öz potensiallarına uyğun şəkildə tədbirlər görməsi şərtilə, resurslardan səmərəli istifadəni artırmaqla, təmiz və ekoloji cəhətdən təhlükəsiz texnologiyaları daha geniş şəkildə tətbiq etməklə infrastrukturu yeniləmək və sənayeni dayanıqlı etmək üçün onları müasirləşdirmək;
  • Bütün ölkələrdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə elmi tədqiqatları genişləndirmək, sənaye sektorlarında texniki imkanları artırmaq, o cümlədən 2030-cu ilədək, innovasiyaları stimullaşdırılmaq və hər 1 milyon insana nisbətdə tədqiqat və inkişafla məşğul olanların sayını, dövlət və özəl tədqiqat və inkişaf xərclərini əhəmiyyətli şəkildə artırmaq;
  • Afrika ölkələrinə, ən az inkişaf etmiş ölkələrə, dənizə çıxışı olmayan və kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərə maliyyə, texnoloji və texniki dəstəyi artırmaqla həmin ölkələrdə dayanıqlı və möhkəm infrastrukturun qurulmasına kömək etmək;
  • Digər vasitələrlə yanaşı, sənayedə şaxələndirmə və mallara əlavə dəyər qazandırmaq üçün əlverişli siyasi mühiti təmin etməklə, inkişaf etməkdə olan ölkələrdə mövcud texnologiyaların inkişafına, tədqiqatlara və innovasiyalara dəstək göstərmək;
  • 2020-ci ilə qədər informasiya və kommunikasiya texnologiyalarına çıxışı əhəmiyyətli dərəcədə artırmaq və ən az inkişaf etmiş ölkələrdə hamı üçün maliyyə baxımından münasib şəkildə internetə çıxışı təmin etmək.
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: