Məqsəd 8: İnklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün məşğulluğu və layiqli əməyi təşviq etmək

Dünya əhalisinin təxminən yarısı hələ də gündəlik 2 ABŞ dolları məbləğində gəlirlə yaşayır. Bir çox yerlərdə iş yerinin olması yoxsulluqdan qurtulmaq üçün kifayət etmir. Hədəfə  doğru belə yavaş və qeyri-bərabər irəliləyiş bizdən yoxsulluğun aradan qaldırılmasına yönələn iqtisadi və sosial siyasətimizi yenidən gözdən keçirməyi və yenidən formalaşdırmağı tələb edir.

Layiqli iş imkanlarının davamlı çatışmazlığı, investisiyaların yetərli səviyyədə olmaması və qeyri-kafi istehlak səviyyəsi demokratik cəmiyyətlərin təməlini təşkil edən sosial həmrəyliyin aşınmasına gətirib çıxarır: tərəqqi hamı üçün ortaq olmalıdır. Keyfiyyətli iş yerlərinin yaradılması 2015-ci ildən sonra hələ uzun müddət demək olar ki, bütün ölkələrin iqtisadiyyatı üçün əsas problem olaraq qalacaqdır.

Dayanıqlı iqtisadi artım cəmiyyətlərdən ətraf mühitə zərər verməməklə, insanların keyfiyyətli işlərə sahib olmasına imkan verərək iqtisadiyyatı stimullaşdıran şərtləri formalaşdırmağı tələb edir. Bunun üçün, həmçinin, bütün əmək qabiliyyətli əhali üçün iş imkanları və layiqli iş şəraiti də zəruridir.

  • Qlobal işsizlik səviyyəsi 2007-2012-ci illərdə 170 milyondan 202 milyona yüksəlib. Bunun 75 milyonu gənc qadın və kişilərin payına düşür.
  • Təxminən 2.2 milyard insan gündəlik 2 ABŞ dolları səviyyəsində müəyyən olunan yoxsulluq həddindən aşağı gəlirlə yaşayır. Yoxsulluq isə yalnız stabil və yaxşı maaşlı işlər hesabına aradan qaldırıla bilər.
  • 2016-2030-cu illər arasında əmək bazarına yeni daxil olan işçi qüvvəsi üçün qlobal səviyyədə 470 milyon iş yeri tələb olunur.
  • Adambaşına düşən iqtisadi artımı milli şəraitə uyğun səviyyədə saxlamaq, ən az inkişaf etmiş ölkələrdə isə ÜDM-in illik artım tempini ən azı 7 faiz səviyyəsində saxlamaq;
  • Şaxələndirmə, texnoloji inkişaf və innovasiyalar vasitəsilə, o cümlədən başqa vasitələrlə yanaşı, yüksək əlavə dəyər yaradan və böyük işçi qüvvəsindən istifadə edən sahələrə xüsusi diqqət yetirməklə iqtisadi məhsuldarlığın daha yüksək səviyyəyə qalxmasına nail olmaq;
  • İstehsal fəaliyyətlərinə, layiqli iş yerlərinin yaradılmasına, sahibkarlığa, yaradıcılığa və innovasiyalara dəstək göstərən inkişaf yönümlü siyasətləri təşviq etmək və başqa vasitələrlə yanaşı maliyyə xidmətlərinə çıxış yaratmaqla mikro, kiçik və orta ölçülü müəssisələrin formalaşdırılmasını və böyüməsini stimullaşdırmaq;
  • 2030-cu ilədək, qlobal səviyyədə istehlak və istehsal proseslərində resurslardan səmərəli istifadəni proqressiv qaydada yaxşılaşdırmaq və inkişaf etmiş ölkələrin pionerliyi ilə, dayanıqlı istehlak və istehsal üzrə onillik proqramlar çərçivəsinə uyğun olaraq iqtisadi artımla ətraf mühitin deqradasiyası arasındakı əlaqəliliyi aradan qaldırmağa səy göstərmək;
  • 2030-cu ilədək, bütün qadınlar və kişilər üçün, o cümlədən gənclər və əlilliyi olan insanlar üçün tam və səmərəli məşğulluq imkanlarının yaradılmasına və bərabər dəyərli əməyə görə bərabər ölçüdə ödənişə nail olmaq;
  • 2020-ci ilədək, məşğulluq, təhsil və ya təlimdən kəndarda qalan gənclərin xüsusi çəkisini əhəmiyyətli dərəcədə azaltmaq;
  • Məcburi əməyə, müasir köləliyə və insan alverinə son qoymaq, uşaq əməyinin ən pis formalarının, o cümlədən hərb sahəsinə uşaqların cəlb olunması və istifadə olunmasının qadağan olunmasına və aradan qaldırılmasına nail olmaq üçün təxirəsalınmaz və effektiv tədbirlər görmək və 2025-ci ilədək uşaq əməyinin bütün formalarına son qoymaq;
  • Bütün işçilərin, o cümlədən miqrant işçilərin, xüsusilə də qadın miqrantların və riskli şəraitlərdə işləyən işçilərin əmək hüquqlarını qorumaq və etibarlı və təhlükəsiz əmək şəraitini təşviq etmək;
  • 2030-cu ilədək iş yerləri yaradan, yerli mədəniyyətin inkişafını və yerli məhsulların istehsalını təşviq edən dayanıqlı turizmi təşviq etmək üçün strategiyaları hazırlamaq və həyata keçirmək;
  • Ölkədaxili maliyyə institutlarının hamı üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxışı stimullaşdırmaq və genişləndirmək potensialını gücləndirmək;
  • Başqa vasitələrlə yanaşı, Ən Az İnkişaf Etmiş Ölkələrə Ticarətlə Bağlı Texniki Yardım üzrə Gücləndirilmiş Vahid Çərçivə vasitəsilə, inkişaf etməkdə olan ölkələr, xüsusən də ən az inkişaf etmiş ölkələrə “Ticarətə Yardım” təşəbbüsü çərçivəsində dəstəyi artırmaq;
  • 2020-ci ilədək, gənclərin məşğulluğu üzrə qlobal strategiyanı işləyib hazırlamaq, həyata keçirmək və Beynəlxalq Əmək Təşkilatının Qlobal Məşğulluq Paktını icra etmək.

 

Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: