Məqsəd 6: Hamıya suyun və kanalizasiya xidmətlərinin əlçatanlığını təmin etmək

Hamıya təmiz suyun əlçatanlığının təmin olunması arzu etdiyimiz dünyanın vacib elementlərindən biridir. Buna nail olmaq üçün planetdə kifayət qədər şirin su ehtiyatı var. Lakin zəif iqtisadi idarəetmə və ya infrastruktur zəifliyi səbəbilə hər il əksəriyyəti uşaqlar olmaqla milyonlarla insan qeyri-adekvat su təchizatı, sanitariya və gigiyena ilə bağlı yaranan xəstəliklər nəticəsində həyatını itirir.

Su qıtlığı, suyun keyfiyyətinin aşağı olması və  kanalizasiya xidmətlərinin qeyri-adekvatlığı yoxsul ailələrin ərzaq təhlükəsizliyinə, dolanışıq imkanlarına  və təhsil almaq imkanlarına mənfi təsir göstərir. Quraqlıq dünyanın ən yoxsul ölkələrindən bəzilərində aclığın və zəif qidalanmanın kəskinləşməsinə  səbəb olur.

2050-ci ilə qədər dünyada hər dörd nəfərdən ən azı birinin xroniki  və ya vaxtaşırı şirin su çatışmazlığı ilə üzləşən ölkələrdə yaşayacağı ehtimal olunur.

  • 1990-cı ildən bəri, 2.6 milyard insan yaxşılaşdırılmış içməli su mənbələri ilə təmin olunub, lakin 663 milyon insan hələ də əvvəlki kimi bu cür imkanlardan məhrumdur.
  • Dünyada ən azı 1.8 milyard insan fekal çirklənməyə məruz qalmış içməli su mənbələrindən istifadə edir.
  • 1990-2015-ci illərdə dünyada yaxşılaşdırılmış içməli su mənbəyindən  istifadə edən əhalinin xüsusi çəkisi 76 faizdən 91 faizədək artıb.
  • Lakin su qıtlığı dünya əhalisinin 40 faizindən çoxu üçün aktual olaraq qalır və bu göstəricinin artacağı proqnozlaşdırılır. Hazırda 1.7 milyarddan çox insan su istehlakı səviyyəsinin su ehtiyatlarının bərpası imkanlarını ötdüyü çay hövzələrində yaşayırlar.
  • 2.4 milyard insan tualet kimi ilkin kanalizasiya xidmətlərindən istifadə edə bilmir.
  • İnsan fəaliyyəti nəticəsində yaranan çirkab suların 80 faizindən çoxu təmizlənmədən çaylara və dənizə axıdılır.
  • Hər gün təqribən 1000-ə yaxın uşaq su təchizatı və sanitariya ilə bağlı yaranan problemlərə görə, müalicə oluna biləcək ishal xəstəlikləri nəticəsində həyatını itirir.
  • Hidroenerji ən əhəmiyyətli və geniş istifadə olunan bərpa olunan enerji mənbəyidir və 2011-ci ildə dünyada ümumi elektrik istehsalının 16 faizini təşkil edib.
  • Çaylardan, göllərdən və sulu laylardan götürülən suyun təxminən 70 faizi suvarma üçün istifadə olunur.
  • Təbii fəlakətlərlə bağlı baş verən bütün ölüm hallarının 70%-i daşqınların və su ilə əlaqəli digər təbii fəlakətlərin payına düşür.
  • 2030-cu ilədək, hamı üçün təhlükəsiz və əlçatan olmaqla, hər yerdə və bərabər şəkildə içməli suya çıxış imkanına nail olmaq;
  • 2030-cu ilədək, qız və qadınların, həssas qrupların ehtiyaclarına xüsusi diqqət yetirməklə, hamıya adekvat və bərabər şəkildə sanitar və gigiyena xidmətlərinə çıxış imkanına nail olmaq və açıq məkanlarda defekasiyaya son qoymaq;
  • 2030-cu ilədək,  çirklənməni azaltmaqla, tullantıların yığılıb qalması hallarını aradan qaldırmaqla və zərərli kimyəvi maddə və materialların atılmasını minimuma endirməklə, təmizlənməmiş çirkab suların xüsusi çəkisini yarıya qədər azaltmaqla,  təkrar emal və təhlükəsiz təkrar istifadəni  qlobal səviyyədə əhəmiyyətli dərəcədə artırmaqla suyun keyfiyyətini yaxşılaşdırmaq;
  • 2030-cu ilədək,  su çatışmazlığı problemini həll etmək və su çatışmazlığından əziyyət çəkən insanların sayını əhəmiyyətli şəkildə endirmək üçün bütün sahələrdə sudan səmərəli istifadəni əhəmiyyətli dərəcədə artırmaq, eləcə də su ehtiyatlarının dayanıqlı istifadəsini və təmiz su təchizatını təmin etmək;
  • 2030-cu ilədək, bütün səviyyələrdə, o cümlədən zərurət olduqda transsərhəd əməkdaşlıq vasitəsilə su ehtiyatlarının kompleks idarəetməsini tətbiq etmək;
  • 2020-ci ilədək, su ilə bağlı ekosistemləri, o cümlədən dağları, meşələri, bataqlıq əraziləri, çayları, sulu layları və gölləri qorumaq və bərpa etmək;
  • 2030-cu ilədək, su və kanalizasiya xidmətləri, o cümlədən suyun yığılması, duzdan təmizləmə, sudan səmərəli istifadə, çirkab suların təmizlənməsi, təkrar emal və təkrar istifadə texnologiyaları ilə bağlı fəaliyyət və proqramların həyata keçirilməsində beynəlxalq əməkdaşlığı genişləndirmək və inkişaf etməkdə olan ölkələrin potensialının inkişaf etdirilməsinə dəstək göstərmək;
  • Su və kanalizasiya xidmətlərinin idarə olunmasında yerli icmaların iştirakına dəstək vermək və bu iştirakı gücləndirmək
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: