Məqsəd 3: Yaşından asılı olmayaraq hər kəsin sağlam yaşamasını təmin etmək və rifah halını yaxşılaşdırmaq

Yaşından asılı olmayaraq hər kəsin sağlam yaşamasını təmin etmək və rifah halını yaxşılaşdırmaq dayanıqlı inkişafın əsas faktorlarından biridir. Orta yaş həddinin  artırılması, geniş yayılmış uşaq və ana ölümünə səbəb olan ölüm faktorlarının azaldılması ilə bağlı əhəmiyyətli addımlar atılıb. Təmiz su mənbələrinə və kanalizasiya xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, malyariya, vərəm, poliomielit və İİV/QİÇS xəstəliklərinin yayılmasının qarşısının alınması istiqamətində böyük irəliləyişlər əldə edilib. Bununla yanaşı, daha çox xəstəliklərin tam aradan qaldırılması və bir çox davamlı və yeni yaranmış sağlamlıq problemlərini həll etmək üçün daha çox səy göstərmək lazımdır.

Uşaq sağlamlığı

  • Hər gün həyatını itirən uşaqların sayı 1990-cı illə müqayisədə 17000 nəfər azdır. Bununla belə, hər il altı milyondan çox uşaq 5 yaşına çatmadan dünyasını dəyişir.
  • Qızılca peyvəndi 2000-ci ildən bəri təxminən 15.6 milyon uşaq ölümünün qarşısını alıb.
  • Uşaq ölümü göstəricilərinin qlobal səviyyədə yaxşılaşmasına baxmayaraq, uşaq ölümlərinin getdikcə daha çox hissəsi Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsi və Cənubi Asiyanın payına düşür. 5 yaşadək hər beş uşaq ölümündən dördü məhz bu regionlarda baş verir.
  • Yoxsul ailələrdə doğulan uşaqların beş yaşa çatmadan ölmə ehtimalı daha yaxşı təminatlı ailələrdə doğulan uşaqlarla müqayisədə iki dəfə çoxdur.
  • Təhsilli anaların, hətta təhsili yalnız ibtidai təhsillə məhdudlaşan anaların uşaqlarının sağqalma ehtimalı təhsilsiz anaların uşaqları ilə müqayisədə iki dəfə çoxdur.

Ana sağlamlığı

  • 1990-cı ildən bəri, ana ölümü təxminən 50 faizə qədər azalıb.
  • Şərqi Asiyada, Şimali Afrikada və Cənubi Asiyada ana ölümü göstəricisi təxminən üçdə iki dəfəyə qədər azalıb.
  • Lakin inkişaf etməkdə olan ölkələrdə ana ölümü əmsalı (uşaq dünyaya gətirərkən ölən anaların sayının sağ qalan anaların sayına nisbəti) hələ də inkişaf etmiş ölkələrlə müqayisədə 14 dəfə yüksəkdir.
  • Antenatal (doğuşqabağı) qulluqla təmin olunan qadınların sayı çoxalır. İnkişaf etməkdə olan ölkələrdə antenatal qulluqla təmin olunan qadınların xüsusi çəkisi 1990-2012-ci illərdə 65 faizdən 83 faizə qədər yüksəlib.
  • İnkişaf etməkdə olan ölkələrdə qadınların yalnız yarısı lazım olan sağlamlıq xidmətlərindən tövsiyə olunan səviyyədə istifadə edə bilir.
  • İnkişaf etməkdə olan əksər ölkələrdə uşaq dünyaya gətirən yeniyetmələrin sayı azalır, lakin bu sahədə irəliləyiş zəifləyib. 1990-cı illərdə kontraseptivlərdən istifadə ilə bağlı müşahidə olunan artım 2000-ci illərdə müşahidə olunan artımla üst-üstə düşmədi.
  • Getdikcə daha çox qadının ailə planlamasına tələbatı tədricən qarşılanır, lakin tələbat sürətlə artır.

İİV / QİÇS, malyariya və digər xəstəliklər:

  • 2014-cü ilin sonunda retrovirus əleyhinə müalicə alan insanların sayı 13.6 milyon nəfər idi.
  • 2013-ci ildə İİV-ə yeni yoluxmuş şəxslərin sayı təqribən 2.1 milyon nəfər olub. Bu göstərici 2001-ci illə müqayisədə 38 faiz azdır.
  • 2013-cü ilin sonunda, təxminən 35 milyon nəfər İİV-lə yaşayırdı.
  • 2013-ci ilin sonunda, İİV-ə yeni yoluxmuş uşaqların sayı 240 000 nəfər təşkil edib.
  • 2001-ci ildən bəri, İİV-ə yeni yoluxmuş uşaqların sayı 58% azalıb.
  • Dünyada yeniyetmə qızlar və gənc qadınlar gender bərabərsizliyi, təcrid olunma, ayrı-seçkilik və zorakılıqla üzləşirlər, bu isə onların İİV-ə yoluxma riskini yüksəldir.
  • İİV – dünyada nəsilvermə yaşında olan qadın ölümünün başlıca səbəbidir.
  • İİV ilə yaşayan insanların vərəm səbəbindən ölüm halları 2004-cü ildən bəri 36% azalıb.
  • 2013-cü ildə İİV-ə yeni yoluxan yeniyetmələrin sayı 250 000 nəfər təşkil edib. Bu göstəricinin üçdə ikisi yeniyetmə qızların payına düşür.
  • QİÇS hal-hazırda Afrikada yeniyetmələr (10-19 yaşlı) arasında başlıca ölüm səbəbi, dünyada isə yeniyetmələr arasında ən geniş yayılmış ikinci ölüm səbəbidir.
  • Bir çox yerlərdə yeniyetmə qızların şəxsi həyatı və öz bədəni barədə qərar vermək hüququna hörmət olunmur və bir çoxlarının bildirdiyinə görə, onların ilk cinsi təcrübəsi məcburi olub.
  • 2013-cü ildə İİV-lə yaşayan yeniyetmələrin sayı 2.1 milyon nəfər təşkil edib.
  • 2000-2015-ci illər ərzində Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsində malyariya ilə bağlı 6.2 milyondan çox ölüm halının qarşısı alınıb, bunun əsas hissəsi 5 yaşadək uşaqların payına düşür. Dünyada malyariyanın yayılma səviyyəsi təxminən 37 faiz, ölüm dərəcəsi isə 58% azalıb.
  • 2000-2013-cü ilər ərzində vərəmin profilaktikası, diaqnostikası və müalicəsi təxminən 37 milyon insanın həyatını xilas edib. 1990-2013-cü illər ərzində vərəm səbəbindən ölüm halları 45 faiz, vərəm xəstəliyinin yayılma dərəcəsi  isə 41 faiz azalıb.
  • 2030-cu ilədək, dünyada ana ölümü göstəricisinin hər 100 000 diri doğuşa 70-dən aşağı düşməsi;
  • 2030-cu ilədək, bütün ölkələr tərəfindən neonatal ölüm hallarının ən azı hər 1000 diri doğuşa 12 və beş yaşadək uşaq ölümü hallarının ən azı hər 1000 diri doğuşa 25-ə qədər endirilməsi qarşıya məqsəd kimi qoyulmaqla, yenidoğulmuşların və 5 yaşadək uşaqların qarşısı alına bilən ölüm hallarına son qoymaq;
  • 2030-cu ilədək, QİÇS-in, vərəmin, malyariyanın və “unudulmuş” tropik xəstəliklərin epidemiyasına son qoymaq, hepatitlə, su yolu ilə keçən xəstəliklərlə və digər yoluxucu xəstəliklərlə mübarizə aparmaq;
  • 2030-cu ilədək, profilaktika və müalicə vasitəsilə qeyri-yoluxucu xəstəliklərdən erkən ölüm hallarını üçdə bir dəfə azaltmaq, psixi sağlamlığı və ümumi rifahı təşviq etmək;
  • Narkotik maddələrdən sui-istifadə və alkoqoldan zərərli istifadənin qarşısının alınması və onlardan asılılığın müalicəsi işini gücləndirmək;
  • 2020-ci ilədək, dünyada yol-qəza hadisələri nəticəsində baş verən ölüm və xəsarət hallarını yarıya qədər azaltmaq;
  • 2030-cu ilədək, hər bir şəxsin cinsi və reproduktiv səhiyyə xidmətlərinə, o cümlədən ailə planlaşdırması, məlumat və maarifləndirmə ilə bağlı xidmətlərə çıxışının təmin olunması, reproduktiv sağlamlığın milli strategiyalara və proqramlara daxil edilməsi;
  • Hər bir şəxsin səhiyyə xidmətləri ilə təmin olunmasına, o cümlədən həmin xidmətlərdən istifadəyə əngəl olan maliyyə riskindən qorunmasına, keyfiyyətli əsas səhiyyə xidmətlərinə, təhlükəsiz, effektli, keyfiyyətli və xərc baxımından münasib olan zəruri dərman və peyvəndləri əldə etməsinə nail olmaq;
  • 2030-cu ilədək təhlükəli kimyəvi maddələr və havanın, suyun və torpağın çirklənməsi ilə bağlı ölüm və xəstəlik hallarının sayını əhəmiyyətli dərəcədə azaltmaq;
  • Ümumdünya Səhiyyə Təşkilatının “Tütünə qarşı mübarizə haqqında” Çərçivə Konvensiyasının bütün ölkələrdə icrasını zəruri səviyyədə gücləndirmək;
  • “Əqli mülkiyyət hüquqlarının ticarətlə əlaqəli aspektləri üzrə Saziş (TRİPS) və İctimai Səhiyyə haqqında” Doha Bəyannaməsinə uyğun olaraq, əsasən inkişaf etməkdə olan ölkələrə təsir edən yoluxucu və qeyri-yoluxucu xəstəliklər üçün peyvənd və dərmanların hazırlanmasına, onlarla bağlı elmi tədqiqatların aparılmasına dəstək göstərmək, xərc baxımından münasib olan əsas dərmanlara və peyvəndlərə çıxışı təmin etmək. Doha Bəyannaməsi inkişaf etməkdə olan ölkələrin “TRİPS” sazişinin ictimai səhiyyənin qorunması xüsusilə hər bir şəxsin dərmanlara çıxışının təminatı üçün zəruri hallarda müqavilənin icrası prosesində sərbəstliyinə dair müddəalarından tam şəkildə istifadə etmək hüququnu təsdiq edir;
  • İnkişaf etməkdə olan ölkələrdə, xüsusilə də ən az inkişaf etmiş ölkələrdə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərdə səhiyyə sahəsinin maliyyələşməsini və bu sahədə çalışan işçi qüvvəsinin işə götürülməsi, inkişaf etdirilməsi, təlim keçməsi və saxlanması işini əhəmiyyətli dərəcədə genişləndirmək;
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: