Məqsəd 2: Aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə və daha yaxşı qidalanmaya nail olmaq və dayanıqlı kənd təsərrüfatını təşviq etmək

Qida məhsullarımızı necə yetişdirdiyimizi, paylaşdığımızı və istehlak etdiyimizi yenidən düşünməyin zamanı gəlib.

Düzgün şəkildə həyata keçirilərsə, kənd, meşəçilik və balıqçılıq təsərrüfatları insanların yaşayışının yaxşılaşmasına yönələn aqrar inkişafa  və ətraf mühitin mühafizəsinə dəstək göstərməklə yanaşı, hər kəs üçün qidalı elementlərlə zəngin ərzaq təmin edə və layiqli gəlir yarada bilər.

Hal-hazırda torpaqlar, şirin sular, okeanlar, meşələr və bioloji müxtəliflik sürətlə azalmaqdadır. İqlim dəyişikliyi bizim asılı olduğumuz resurslara daha da çox təzyiq göstərərək, quraqlıq və daşqınlar kimi təbii fəlakətlərlə bir-birinə bağlı təhlükə risklərinin yüksəlməsinə səbəb olur. Kənd yerlərində yaşayan bir çox qadınlar və kişilər artıq öz torpaqlarında dolana bilmirlər və bu onları yeni imkanlar axtarmaq üçün şəhərlərə köçməyə məcbur edir.

Bu gün aclıqdan əziyyət çəkən 795 milyon nəfər insanı  və 2050-ci ilə qədər aclıqdan əziyyət çəkməsi gözlənilən daha 2 milyard insanı qidalandırmaq üçün qlobal ərzaq və kənd təsərrüfatı sisteminin əsaslı şəkildə dəyişdirilməsi tələb olunur.

Ərzaq və kənd təsərrüfatı sahəsi inkişaf üçün əsas həll yollarını təşkil edir və aclıq və yoxsulluğun aradan qaldırılmasında əsas rol oynayır.

Aclıq

  • Bu gün dünyada hər 9 nəfərdən biri (795 milyon nəfər) kifayət qədər qidalanmır.
  • Dünyada aclıqla üzləşən insanların böyük əksəriyyəti əhalisinin 12.9 faizi aclıqdan əziyyət çəkən inkişaf etməkdə olan ölkələrdə yaşayır.
  • Aclıqdan əziyyət çəkən insanların ən böyük hissəsi Asiya qitəsində yaşayır. Belə ki, dünyada aclıqdan əziyyət çəkən insanların üçdə ikisi Asiyanın payına düşür. Son illərdə bu göstəricidə Cənubi Asiyanın xüsusi çəkisi azalsa da, Qərbi Asiyanın xüsusi çəkisi cüzi artıb.
  • Aclıqla üzləşən insanların sayının ən yüksək olduğu region Cənubi Asiyadır, burada təxminən 281 milyon nəfər aclıqdan əziyyət çəkir. 2014-2016-cı illər üzrə hesablamalar Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsində əhalinin 23%-in aclıqdan əziyyət çəkdiyini göstərir.
  • Zəif qidalanma hər il 5 yaşadək uşaqların təxminən yarısının (45 faizi) – 3.1 milyon uşağın ölümü ilə nəticələnir.
  • Dünyada hər dörd uşaqdan biri bəstəboyluqdan əziyyət çəkir. İnkişaf etməkdə olan ölkələrdə bu nisbət üçdə birə qədər qalxa bilir.
  • İnkişaf etməkdə olan ölkələrdə ibtidai təhsil pilləsində təhsil alan 66 milyon uşaq dərs boyunca ac olur və bunun 23 milyonu təkcə Afrikanın payına düşür.

Ərzaq təhlükəsizliyi

  • Kənd təsərrüfatı bu gün dünya əhalisinin 40 faizinin dolanışığını təmin etməklə,  ən çox əmək ehtiyatlarından istifadə edən sahədir. Kənd təsərrüfatı kənd yerlərində yaşayan yoxsul ailələr üçün ən böyük gəlir mənbəyi və iş yeridir.
  • Dünyada, əsasən, dəmyə əkinçiliyinə əsaslanan 500 milyon kiçik təsərrüfat inkişaf etməkdə olan ölkələrin böyük əksəriyyətində istehlak edilən ərzaqların 80 faizə qədərini təmin edir. Yoxsulların ərzaq təhlükəsizliyi və qidalanmasının, həmçinin yerli və qlobal bazarlar üçün ərzaq istehsalının artırılmasının əhəmiyyətli üsullarından biri  kiçik təsərrüfatlara malik qadın və kişi sahibkarlara * sərmayə qoymaqdır.
  • 1900-cü illərdən bəri fermer sahələrində bitki müxtəlifliyi 75% azalmışdır. Kənd təsərrüfatının bioloji müxtəlifliyindən daha yaxşı istifadə qida rasionunun qidalı elementlərlə daha zəngin olmasına, əkinçiliklə məşğul olan icmaların dolanışıq imkanlarının artırılmasına və əkin sistemlərinin daha davamlı və dayanıqlı olmasına töhfə verə bilər.
  • Əgər qadın fermerlər də kişi fermerlər kimi resurslara bərabər çıxış imkanına malik olsa, dünyada aclıqdan əziyyət çəkən insanların sayı təqribən 150 milyon nəfər azala bilər.
  • Dünyada 1.4 milyard insanın elektrik enerjisinə çıxışı yoxdur. Onların əksəriyyəti inkişaf etməkdə olan ölkələrin kənd yerlərində yaşayır. Bir çox bölgələrdə enerji məhdudluğu aclığın azaldılmasına və ərzağa olan gələcək tələbatı ödəmək üçün dünyada kifayət qədər ərzağın istehsal edilməsinə əngəl yaradır.
  • 2030-cu ilədək, aclığa son qoymaq və hamının, xüsusən də yoxsul və həssas qrupların, o cümlədən, körpələrin il boyu təhlükəsiz, qidalı elementlərlə zəngin və yetərli miqdarda ərzağa çıxışını təmin etmək;
  • 2030-cu ilədək, zəif qidalanmanın bütün formalarına son qoymaq, o cümlədən 2025-ci ilədək, 5 yaşadək uşaqlarda bəstəboyluq və arıqlıq halları ilə bağlı beynəlxalq səviyyədə razılaşdırılmış hədəflərə çatmaq və yeniyetmə qızların, hamilə və ya süd verən qadınların və yaşlı insanların qidalanma ilə bağlı ehtiyaclarını təmin etmək;
  • 2030-cu ilədək,  başqa vasitələrlə yanaşı, torpaqlara, digər səmərəli resurslara və materiallara, məlumatlara, maliyyə xidmətlərinə, bazarlara və əlavə dəyər yaradan fürsətlərə, eləcə də təsərrüfatdankənar məşğulluğa təhlükəsiz və bərabərhüquqlu çıxış imkanının təmin olunması vasitəsilə kənd təsərrüfatı sahəsində məhsuldarlığın və kiçik ölçülü ərzaq istehsalçılarının, xüsusilə qadınların, aborigen əhalinin, ailə təsərrüfatlarının, heyvandarlıqla və balıqçılıqla məşğul olan əhalinin gəlirlərini ikiqat artırmaq;
  • 2030-cu ilədək, dayanıqlı ərzaq istehsalı sistemlərini təmin etmək, məhsuldarlığı və istehsalı yüksəldən, ekosistemlərin qorunub saxlanmasına kömək edən, iqlim dəyişikliyinə, kəskin hava şəraitinə, quraqlığa, daşqınlara və digər təbii fəlakətlərə uyğunlaşma potensialını gücləndirən, yerin və torpağın keyfiyyətini tədricən artıran dayanıqlı kənd təsərrüfatı təcrübələrini tətbiq etmək;
  • 2020-ci ilədək, başqa vasitələrlə yanaşı, milli, regional və beynəlxalq səviyyələrdə düzgün idarə olunan və zəngin tərkibli toxum və bitki bankı vasitəsilə, toxumların, becərilən bitkilərin və ferma şəraitində yetişdirilən və əhliləşdirilən heyvanların və onlarla bağlı yabanı növlərin genetik müxtəlifliyini qorumaq və beynəlxalq səviyyədə razılaşdırılmaqla genetik resurslardan və bununla bağlı ənənəvi biliklərdən istifadə nəticəsində meydana çıxan faydalardan yararlanmanı və onların ədalətli və bərabər şəkildə bölüşülməsini təmin etmək;
  • İnkişaf etməkdə olan ölkələrdə, xüsusən də ən inkişafdan qalmış ölkələrdə kənd təsərrüfatının istehsal potensialını artırmaq məqsədilə, başqa üsullarla yanaşı, beynəlxalq əməkdaşlığı gücləndirməklə kənd infrastrukturuna, kənd təsərrüfatı sahəsində elmi tədqiqat və məsləhət xidmətlərinə, texnologiyaların inkişaf etdirilməsinə və bitki və mal-qara banklarına ayrılan maliyyə vəsaitli artırmaq;
  • Doha İnkişaf Proqramının mandatına uyğun olaraq, başqa vasitələrlə yanaşı, kənd təsərrüfatı məhsullarının ixracı üzrə subsidiyaların bütün formalarını  və eyni qüvvəyə malik olan bütün ixrac tədbirlərini eyni zamanda aradan qaldırmaqla, qlobal kənd təsərrüfatı bazarlarında ticarətlə bağlı məhdudiyyətləri və təhrifləri aradan qaldırmaq və onların qarşısını almaq;
  • Ərzaq qiymətlərindəki kəskin enib-qalxmaları məhdudlaşdırmağa kömək etmək məqsədilə, ərzaq malları bazarlarının və onların törəmələrinin düzgün şəkildə fəaliyyət göstərməsini və bazara, o cümlədən ərzaq ehtiyatlarına dair məlumatlara vaxtlı-vaxtında çıxışı təmin etmək üçün tədbirlər görmək.
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: