Məqsəd 17: Dayanıqlı inkişaf üçün qlobal əməkdaşlığı canlandırmaq

Dayanıqlı inkişaf gündəliyinin uğurlu icrası üçün hökumət, özəl sektor və vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətləri olmalıdır. Bu tərəfdaşlıq münasibətləri hamını əhatə etməli, qlobal, regional, milli və yerli səviyyələrdə olmalı, insanların və planetin maraqlarına cavab verən prinsip və dəyərlər, gələcəyə ortaq baxış və birgə məqsədlərə söykənməlidir.

Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün trilyonlarla dollar dəyərində özəl resursların transformativ gücünün səfərbər edilməsinə, yönləndirilməsinə və üzə çıxarılmasına yönələn təxirəsalınmaz tədbirlər görülməlidir. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə vacib sektorlar üçün uzunmüddətli investisiyalar, o cümlədən birbaşa xarici investisiyalar tələb olunur. Bu sektorlara dayanıqlı enerji, infrastruktur və nəqliyyat, eləcə də informasiya və kommunikasiya texnologiyaları daxildir. Dövlət sektoru aydın istiqamət müəyyən etməlidir. İnvestisiya cəlb etmək və dayanıqlı inkişafı möhkəmləndirmək üçün investisiyaların qoyulmasına münbit şərait yaradan  yoxlama və monitorinq çərçivələri, hüquqi normalar və güzəşt mexanizmləri  müasirləşdirilməlidir. Ali audit təşkilatları və qanunvericilik orqanlarının nəzarət funksiyaları kimi milli nəzarət mexanizmləri gücləndirilməlidir.

  • 2014-cü ildə inkişaf naminə rəsmi yardımın miqdarı 135.2 milyard dollar olub. Bu, indiyədək qeydə alınmış ən yüksək səviyyədir.
  • İnkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə ixrac olunan məhsulların 79 faizi həmin ölkələrə rüsumsuz daxil olur.
  • İnkişaf etməkdə olan ölkələrin borc yükü ixrac gəlirlərinin təxminən 3 faizi səviyyəsində olmaqla, sabit qalır.
  • Son dörd ildə Afrikada internet istifadəçilərinin sayı iki dəfəyə yaxın artıb.
  • Dünya gənclərinin 30%-i rəqəmsal dövrdə böyümüş gənclərdir və onlar ən azı beş ildir ki, internetdən aktiv istifadə edirlər.
  • Lakin dörd milyarddan çox insan internetdən istifadə etmir və onlardan 90 faizi inkişaf etməkdə olan ölkələrdədir.

Maliyyə

  • Başqa vasitələrlə yanaşı, inkişaf etməkdə olan ölkələrin vergi və digər gəlirləri toplamaq üçün daxili potensialını artırmaqdan ötrü onlara beynəlxalq dəstəyin göstərilməsi yolu ilə, daxili mənbələrdən resursların səfərbər olunması işini gücləndirmək;
  • İnkişaf etmiş ölkələrin rəsmi inkişaf yardımı ilə bağlı öhdəliklərinin, o cümlədən bir çox inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə Ümumi Milli Gəlirin 0.7%-i həddində, ən az inkişaf etmiş ölkələrə isə ÜMG-nin 0.15%-0.2%-i həddində rəsmi inkişaf yardımının ayrılması hədəfinə nail olmaq öhdəliyinin tam şəkildə yerinə yetirilməsi; Rəsmi inkişaf yardımı ayıran ölkələr ən az inkişaf etmiş ölkələrə ayrılan rəsmi inkişaf yardımının ÜMG-nin ən azı 0.20 faizi həddində təyin etməyi hədəf kimi qarşıya qoymaq məsələsini nəzərdən keçirməyə çağırılır.
  • Çoxsaylı mənbələrdən inkişaf etməkdə olan ölkələr üçün əlavə maliyyə resursları səfərbər etmək;
  • Borc maliyyələşməsinə, zərurət olduqda borcların azaldılmasına və borcların restrukturizasiyasına yönələn əlaqələndirilmiş siyasətlər vasitəsilə uzunmüddətli borc dayanıqlığına nail olmaqda inkişaf etməkdə olan ölkələrə yardım etmək və borcla bağlı gərginliyi azaltmaq üçün yüksək həddə borcu olan yoxsul ölkələrin xarici borc probleminə diqqət yetirmək;
  • Ən az inkişaf etmiş ölkələr üçün investisiyaların təşviqi modellərini qəbul etmək və həyata keçirmək.

Texnologiya

  • Digər vasitələrlə yanaşı, mövcud olan mexanizmlər arasında, xüsusən də BMT səviyyəsində əlaqələndirməni təkmilləşdirməklə və qlobal texnoloji yardım mexanizmləri vasitəsilə, Şimal-Cənub, Cənub-Cənub xətti üzrə əməkdaşlığı, eləcə də elm, texnologiya və innovasiyalar sahəsində üçtərəfli regional və beynəlxalq əməkdaşlığı genişləndirmək və qarşılıqlı şəkildə razılaşdırılmış şərtlərlə bilik mübadiləsini artırmaq;
  • Ekoloji baxımdan təhlükəsiz texnologiyaların yaradılmasını, ötürülməsini, qarşılıqlı şəkildə razılaşdırılmış əlverişli şərtlərlə, o cümlədən güzəştli və imtiyazlı şərtlərlə inkişaf etməkdə olan ölkələrə yayılmasını və mənimsənilməsini təşviq etmək;
  • 2017-ci ilədək ən az inkişaf etmiş ölkələrin texnologiyalar bankından və Elm, Texnologiya və İnnovasiyalar üzrə potensialın yaradılması mexanizmindən tam istifadə etməsini təmin etmək və imkanlar yaradan texnologiyalardan, xüsusilə informasiya və kommunikasiya texnologiyalarından istifadəni genişləndirmək;

Potensialın yaradılması

  • İnkişaf etməkdə olan ölkələrdə bütün Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına yönələn milli planlara dəstək göstərmək üçün effektiv və məqsədyönlü potensialın yaradılması işinin həyata keçirilməsinə Şimal-Cənub, Cənub-Cənub və üçtərəflli əməkdaşlıq vasitəsilə beynəlxalq dəstəyi genişləndirmək;

Ticarət

  • Ümumdünya Ticarət Təşkilatı çərçivəsində, digər vasitələrlə yanaşı Doha İnkişaf Proqramı çərçivəsində sazişlər bağlamaqla ümumi, qaydalara əsaslanan, açıq, ayrı-seçkiliyə yol verilməyən və ədalətli çoxtərəfli ticarət sistemini təşviq etmək
  • 2020-ci ilədək inkişaf etməkdə olan ölkələrin ixracatını əhəmiyyətli dərəcədə yüksəltmək, xüsusən qlobal ixracatda ən az inkişaf etmiş ölkələrin payını iki dəfə artırmaq;
  • Ümumdünya Ticarət Təşkilatının qərarlarına uyğun olaraq, bütün ən az inkişaf etmiş ölkələrin uzunmüddətli əsaslarla bazarlara rüsumsuz və kvotasız çıxışını vaxtında təmin etmək və bazarlara çıxışın asanlaşdırılmasına kömək etmək, bunun üçün başqa vasitələrlə yanaşı, ən az inkişaf etmiş ölkələrdən idxal olunan məhsullara tətbiq olunan mənşə ilə bağlı güzəştli qaydaların şəffaf və sadə olmasını təmin etmək;

Sistem məsələləri

Siyasi və institusional uyğunluq

  • Başqa vasitələrlə yanaşı, siyasətlərin əlaqələndirilməsi və siyasətlərin uyğunluğunun təmin edilməsi vasitəsilə qlobal makroiqtisadi sabitliyi artırmaq;
  • Siyasətləri dayanıqlı inkişaf üçün uyğunlaşdırmaq;
  • Hər bir ölkənin siyasi məkanına və yoxsulluğun aradan qaldırılması və dayanıqlı inkişaf sahəsində siyasətlərin hazırlanıb icra edilməsi işinə rəhbərlik etməsinə hörmətlə yanaşmaq;

Çoxsaylı maraqlı tərəflərdən ibarət tərəfdaşlıq

  • Bütün ölkələrdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə dayanıqlı inkişaf məqsədlərinə nail olmağa dəstək vermək üçün bilik, təcrübə, texnologiya və maliyyə resurslarını səfərbər edən və bölüşən çoxtərəfli tərəfdaşlıqlardan da istifadə etməklə, dayanıqlı inkişaf naminə qlobal tərəfdaşlığı artırmaq;
  • Tərəfdaşlıq təcrübələrinə və resursların cəlb olunması strategiyalarına söykənərək, səmərəli dövlət, dövlət-özəl və vətəndaş cəmiyyəti tərəfdaşlıqlarını stimullaşdırmaq və təşviq etmək;

Məlumatlar, monitorinq və hesabatlılıq

  • 2020-ci ilədək gəlir səviyyəsi, gender, yaş qrupu, irq, etnik mənsubiyyət, köçkün statusu, əlillik, coğrafi yerləşmə və milli kontekstdən asılı olaraq digər xüsusiyyətlər üzrə dezaqreqasiya olunmuş yüksək keyfiyyətli, vaxtlı-vaxtında verilən və etibarlı məlumatların mövcudluğunu əhəmiyyətli dərəcədə artırmaq üçün inkişaf etməkdə olan ölkələrə, o cümlədən ən az inkişaf etmiş ölkələrə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərə potensialın inkişaf etdirilməsi sahəsində dəstəyi artırmaq;

2030-cu ilədək mövcud təşəbbüslərə söykənərək, ümumi daxili məhsul göstəricisindən əlavə, dayanıqlı inkişafın icrasında əldə olunan irəliləyişin digər göstəricilərini işləyib hazırlamaq və inkişaf etməkdə olan ölkələrdə statistika sahəsində potensialın inkişaf etdirilməsinə dəstək göstərmək.

Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: