Məqsəd 15: Meşələri dayanıqlı şəkildə idarə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaqların deqradasiyasına son qoyaraq onları bərpa etmək üçün tədbirlər görmək və bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq

Yer səthinin 30 faizini əhatə edən meşələr insanlar üçün ərzaq və sığınacaq təmin etməklə yanaşı, iqlim dəyişikliyinə qarşı mübarizə, biomüxtəlifliyin saxlanması və aborigen xalqların evlərinin qorunmasında mühüm rol oynayır. Hər il 13 milyon hektar meşə sahəsi itirilir. Quraq ərazilərin davamlı deqradasiyası 3.6 milyard hektar sahənin səhralaşmasına gətirib çıxarıb.

İnsan fəaliyyəti və iqlim dəyişikliyi nəticəsində meşələrin qırılması və səhralaşma dayanıqlı inkişafın qarşısında böyük əngəllər yaradır və yoxsulluğa qarşı mübarizədə milyonlarla insanın həyatına və dolanışığına təsir göstərir. Meşələri idarə etmək və səhralaşma ilə mübarizə aparmaq üçün səylər göstərilir.

Meşələr

  • Təxminən 1.6 milyard insanın dolanışığı meşələrdən asılıdır. Buraya 70 milyona yaxın aborigen əhali də daxildir.
  • Quruda yaşayan bütün heyvan, bitki və həşərat növlərinin 80 faizindən çoxu meşələrdə məskunlaşıb.

Səhralaşma

  • 6 milyard insanın dolanışığı kənd təsərrüfatından birbaşa  asılıdır. Lakin kənd təsərrüfatında istifadə olunan torpaqların 52 faizi yüngül və ya ağır dərəcədə deqradasiyaya məruz qalır.
  • 2008-ci ilə olan məlumata görə, torpağın deqradasiyası bütün dünyada 1.5 milyard insana mənfi təsir göstərir.
  • Əkinə yararlı sahələrin itkisi əvvəlki illərdə olduğundan təqribən 30-35 dəfə yüksəkdir.
  • Quraqlıq və səhralaşma ilə əlaqədar olaraq, hər il 12 milyon hektar torpaq sahəsi itirilir (dəqiqədə 23 hektar). İtirilən bu torpaqlarda 20 milyon ton taxıl bitkiləri becərmək olar.
  • Dünyada yoxsul insanların 74 faizi torpaqların deqradasiyasının birbaşa mənfi təsirinə məruz qalır

Biomüxtəliflik                

  • 8300 məlum heyvan cinsinin 8 faizi tükənib, 22 faizi isə tükənmə riski altındadır.
  • 80 mindən çox ağac növünün 1 faizindən azı potensial istifadə üçün öyrənilib.
  • Balıqlar təqribən 3 milyard insanın heyvan mənşəli zülal istehlakının 20 faizini təmin edir. Dənizdən  tutulan balıqların 30 faizini 10 növ təşkil edir və bu 10 növ balıq akvakultura vasitəsilə əldə olunan məhsulların 50%-ni təşkil edir.
  • İnsanın qida rasionunun 80%-dən çoxunu bitkilər təşkil edir. Təkcə üç dənli bitki – düyü, qarğıdalı və buğda kalori qəbulunun 60 faizini təmin edir.
  • İnkişaf etməkdə olan ölkələrdə kənd yerlərində yaşayan insanların 80 faizi sağlamlığının qayğısına qalmaq üçün ənənəvi bitki tərkibli dərmanlardan istifadə edir.
  • Mikroorqanizmlər və onurğasızlar ekosistemlərin fəaliyyətində mühüm rol oynayır, lakin onların ekosistemlərə töhfələri hələ də az öyrənilib və nadir hallarda qəbul edilir.
  • 2020-ci ilədək, yerüstü şirin su ekosistemlərinin və onların xidmətlərinin, xüsusilə meşələrin, bataqlaşmış ərazilərin, dağların və quraq ərazilərin beynəlxalq sazişlərə əsaslanan öhdəliklərə uyğun olaraq qorunması, bərpası və dayanıqlı istifadəsini təmin etmək;
  • 2020-ci ilədək, bütün növ meşələrin dayanıqlı idarəetməsini təşviq etmək, səhralaşmanın qarşısını almaq, deqradasiyaya uğramış meşə sahələrini bərpa etmək və qlobal səviyyədə meşəsalma və meşəbərpa işlərini əhəmiyyətli şəkildə artırmaq;
  • 2030-cu ilədək, səhralaşma ilə mübarizə aparmaq, deqradasiyaya uğramış yerləri və torpaqları, o cümlədən səhralaşmaya, quraqlığa və daşqınlara məruz qalmış yerləri bərpa etmək və torpaq deqradasiyasından azad dünyaya nail olmaq üçün səylər göstərmək;
  • 2030-cu ilədək, dağ ekosistemlərinin dayanıqlı inkişaf üçün vacib olan nemətləri təmin etmə potensialını artırmaq məqsədilə, dağ ekosistemlərinin, o cümlədən onların biomüxtəlifliyinin qorunmasını təmin etmək;
  • Təbii məskənlərin deqradasiyasını zəiflətmək, biomüxtəlifliyin itirilməsini azaltmaq üçün təxirəsalınmaz və əhəmiyyətli tədbirlər görmək və 2020-ci ilə qədər nəsli kəsilmə təhlükəsi ilə üzləşən bitki və heyvan növlərini qorumaq və onların nəslinin kəsilməsinin qarşısını almaq;
  • Genetik ehtiyatların istifadəsi yolu ilə əldə edilən faydaların ədalətli və bərabər bölüşdürülməsini təşviq etmək və beynəlxalq səviyyədə razılaşdırıldığı kimi, bu cür ehtiyatlara çıxış imkanını yaxşılaşdırmaq;
  • Qorunan flora və fauna növlərinin brakonyerliyinə və qanunsuz ticarətinə son qoymaq üçün təxirəsalınmaz tədbirlər görmək və qeyri-qanuni vəhşi təbiət məhsullarına olan tələb və təklifi aradan qaldırmaq;
  • 2020-ci ilədək, torpaq və su ekosistemlərində invaziv yad növlərin qarşısını almaq və onların mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaltmaq üçün tədbirlər görmək, prioritet növlərə nəzarət etmək və ya onları aradan qaldırmaq;
  • 2020-ci ilədək, ekosistem və biomüxtəliflik göstəricilərini milli və yerli planlara, inkişaf proseslərinə, yoxsulluğun azaldılmasına dair strategiyalara və uçot sistemlərinə daxil etmək;
  • Biomüxtəlifliyi və ekosistemləri qorumaq və onlardan dayanıqlı şəkildə istifadə etmək üçün bütün mənbələrdən maliyyə vəsaitləri cəlb etmək və onları əhəmiyyətli dərəcədə artırmaq;
  • Dayanıqlı meşə idarəetməsini maliyyələşdirmək üçün bütün mənbələrdən bütün səviyyələrdə əhəmiyyətli miqdarda resurslar cəlb etmək və inkişaf etməkdə olan ölkələri bu cür idarəetməni, o cümlədən meşələrin qorunması və meşəbərpa işini inkişaf etdirmək üçün adekvat dəstək mexanizmləri ilə təmin etmək;
  • Digər vasitələrlə yanaşı, yerli icmaların dayanıqlı dolanışıq imkanları əldə etmək potensialını artırmaq yolu ilə, mühafizə olunan flora və fauna növlərinin brakonyerliyi və qanunsuz ticarəti ilə mübarizə səylərinə qlobal dəstəyi artırmaq.
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: