Məqsəd 14: Okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etmək

Okeanlar, onların temperaturu, kimyəvi xüsusiyyətləri, cərəyanları və onlarda mövcud olan həyat Yer kürəsini bəşəriyyətin yaşaması üçün yararlı edən qlobal sistemlərI formalaşdırır.

Yağış suları, içməli sular, hava, iqlim, sahil xətləri, ərzaqlarımızın böyük bir hissəsi, hətta havadakı oksigen də nəticə etibarı ilə dəniz tərəfindən təmin edilir və tənzimlənir. Tarix boyunca okeanlar və dənizlər ticarət və daşınma üçün həyati əhəmiyyətli kanallar olub.

Bu mühüm qlobal resursun diqqətlə idarə olunması dayanıqlı  gələcəyin əsas xüsusiyyətlərindən biridir.

  • Okeanlar Yer səthinin dörddə üç hissəsini əhatə edir. Yer kürəsinin su ehtiyatlarının 97 faizi okeanlardadır. Həcminə görə planetin yaşayış məkanının 99 faizi okeanların payına düşür.
  • Üç milyarddan çox insanın dolanışığı dəniz və sahil biomüxtəlifliyindən asılıdır.
  • Dünyada dəniz və sahilboyu resursların və sənaye sahələrinin bazar dəyəri təxminən il ərzində 3 trilyon dollar və ya qlobal ÜDM-in təxminən 5 faizi həcmində qiymətləndirilir.
  • Okeanlar təxminən 200 000 müəyyən edilmiş bitki və heyvan növlərinə malikdir, lakin faktiki rəqəmlər milyonlar ola bilər.
  • Okeanlar insan fəaliyyəti nəticəsində əmələ gələn karbon dioksid qazının təxminən 30 faizini udmaqla qlobal istiləşmənin təsirlərini neytrallaşdırır.
  • Okeanlar dünyanın ən böyük zülal qaynağıdır və 3 milyarddan çox insanın əsas zülal mənbəyi  okeanlardır.
  • Dənizlərdə olan balıq ehtiyatları birbaşa və ya dolayısı ilə 200 milyondan çox insanı işlə təmin edir.
  • Balıqçılığın subsidiyalaşdırılması bir çox balıq növlərinin sürətlə tükənməsinə səbəb olur və qlobal balıq ehtiyatlarının və balıqçılıqla bağlı iş yerlərlərinin qorunub saxlanması və bərpası ilə bağlı göstərilən səylərə əngəl olur. Nəticədə okean balıqçılığı sənayesi hər il 50 milyard ABŞ dolları daha az gəlir əldə edir;
  • Dünya okeanlarının 40%-i antropogen fəaliyyətin ağır fəsadlarına,  o cümlədən çirklənməyə, balıq populyasiyalarının tükənməsinə və sahilyanı yaşayış mühitinin itirilməsinə məruz qalır.
  • 2025-ci ilədək, bütün növ dəniz çirklənmələrini, xüsusilə də quruda həyata keçirilən fəaliyyətlər, o cümlədən tullantıların dənizə axıdılması nəticəsində çirklənmə və biogen maddələrlə çirklənmə səviyyəsini əsaslı dərəcədə azaltmaq və onun qarşısını almaq;
  • 2020-ci ilədək, başqa vasitələrlə yanaşı dayanıqlılığı artırmaqla ciddi mənfi təsirlərdən qorunmaq üçün dəniz və sahilyanı ekosistemləri dayanıqlı şəkildə idarə etmək və qorumaq, okeanların təmiz və məhsuldar olmasını təmin etmək məqsədilə bu ekosistemlərin bərpası üçün tədbirlər görmək;
  • Digər vasitələrlə yanaşı, elmi əməkdaşlığı bütün səviyyələrdə genişləndirməklə okeanların turşulaşmasının təsirlərini minimuma endirmək və bu təsirlərin qarşısını almaq;
  • 2020-ci ilədək, mümkün olan ən qısa müddətdə balıq ehtiyatlarını bərpa etmək, onları bioloji xüsusiyyətlərindən asılı olaraq, maksimum dayanıqlı məhsuldarlıq səviyyəsinə çatdırmaq məqsədilə, balıq hasilatını səmərəli şəkildə tənzimləmək və balıqların həddən artıq ovlanmasına, o cümlədən qanunsuz, qeydə alınmayan və tənzimlənməyən balıq ovuna və ziyanlı balıqçılıq ənənələrinə son qoymaq və təsərrüfat fəaliyyətinin elmi cəhətdən əsaslandırılmış idarəetmə planlarını icra etmək;
  • 2020-ci ilədək, milli və beynəlxalq hüquqa uyğun olaraq və mövcud olan ən qabaqcıl elmi məlumatlara əsaslanaraq, sahilyanı və dəniz ərazilərinin ən azı 10 faizini təbiəti mühafizə tədbirləri ilə əhatə etmək;
  • 2020-ci ilədək, balıqçılıq potensialının həddən çox olmasına və hədsiz balıq ovuna səbəb olan balıqçılıq subsidiyalarının müəyyən formalarını qadağan etmək, qanunsuz, qeydə alınmayan və tənzimlənməyən balıqçılığa şərait yaradan subsidiyaları aradan aldırmaq və bu növ yeni subsidiyaları tətbiq etməkdən çəkinmək, inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrə adekvat, səmərəli, xüsusi və differensial yanaşmanın Ümumdünya Ticarət Təşkilatının balıqçılıq subsidiyaları ilə bağlı müzakirələrinə daxil edilməli olmasını qəbul etmək;
  • 2030-cu ilədək, digər vasitələrlə yanaşı, balıqçılıq, akvakultura və turizmin dayanıqlı şəkildə idarə olunması vasitəsilə, kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlər və ən az inkişaf etmiş ölkələrin dəniz resurslarının dayanıqlı istifadəsindən daha çox iqtisadi fayda əldə etmələrini təmin etmək;
  • Okeanların təmizliyini yaxşılaşdırmaq və dəniz biomüxtəlifliyinin inkişaf etməkdə olan ölkələrin, xüsusən də kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərin və ən az inkişaf etmiş ölkələrin inkişafına töhfəsini artırmaq məqsədilə, Hökumətlərarası Okeanoqrafiya Komissiyasının Meyarlarını və Dəniz Texnologiyalarının Ötürülməsi üzrə Rəhbər Prinsipləri nəzərə alaraq, elmi bilikləri artırmaq, elmi tədqiqat potensialını inkişaf etdirmək və dəniz texnologiyalarını paylaşmaq;
  • Xırda fərdi balıqçılıq təsərrüfatlarının dəniz resurslarına və bazarlarına çıxışını təmin etmək;
  • BMT-nin Dayanıqlı İnkişaf üzrə Konfransının yekun sənədi olan “Arzu etdiyimiz gələcək” adlı sənəddə qeyd olunduğu kimi, “Dəniz hüququ haqqında Konvensiya”ya uyğun olaraq, beynəlxalq hüququ tətbiq etməklə okeanların və onların ehtiyatlarının mühafizəsini və dayanıqlı istifadəsini gücləndirmək.
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: