Məqsəd 13: İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlər görmək

İqlim dəyişikliyinin təsirləri dünyanın bütün ölkələrini əhatə edir. O, ölkələrin iqtisadiyyatına zərbə vurur, insanların həyatına təsir edir, insanlara, icmalara və ölkələrə baha başa gəlir.

 

İnsanlar artıq iqlim dəyişikliyinin, o cümlədən hava şəraitindəki dəyişikliklərin, dəniz səviyyəsinin yüksəlməsinin və ekstremal hava göstəricilərinin təsirlərini hiss edir. İnsan fəaliyyəti nəticəsində “istixana” effekti yaradan qazların emissiyası iqlim dəyişikliyinə təkan verir və artmaqda davam edir. İndi bu göstərici tarixdəki ən yüksək səviyyəyə çatmışdır. Heç bir tədbir görülməzsə, XXI əsrdə dünyanın orta səth temperaturunun yüksələcəyi proqnoz olunur. Bu əsrdə temperaturun Selsi şkalası ilə 3 dərəcə artacağı ehtimal olunur, dünyanın bəzi ərazilərində isə daha kəskin  istiləşmə gözlənilir. Ən çox təsirə məruz qalanlar məhz ən yoxsul və ən həssas qruplar olur.

Ölkələrin ekoloji cəhətdən daha təmiz, daha möhkəm iqtisadiyyata keçməsini təmin etmək üçün  xərc baxımından münasib, miqyası tənzimlənə bilən həll yolları artıq mövcuddur. Alternativ və bərpa olunan enerji mənbələrinə  və bir sıra üsullara daha çox insanın yönəldiyinə görə iqlim dəyişikliyinin tempi sürətlənib. Bu  isə emissiyaların azalmasına və uyğunlaşma səylərinin artmasına səbəb olacaqdır.

Lakin iqlim dəyişikliyi sərhəd tanımayan qlobal problemdir. Bir yerdə baş verən emissiya istənilən yerdə yaşayan insanlara təsir göstərir. Bu, beynəlxalq səviyyədə əlaqələndirilməli tədbirlər tələb edən bir məsələdir və inkişaf etməkdə olan ölkələrin az karbonlu iqtisadiyyata keçmələrinə kömək etmək üçün beynəlxalq əməkdaşlıq tələb olunur.

İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ölkələr 2015-ci il dekabrın 12-də Parisdə Tərəflərin 21-ci Konfransında Paris Sazişini qəbul etdilər. Saziş qısa müddət sonra – 2016-cı ilin 4 noyabr tarixində qüvvəyə mindi. Müqavilədə bütün ölkələr qlobal temperaturun artım səviyyəsinin 2 dərəcə Selsini keçməməsini təmin etmək və ciddi riskləri nəzərə alaraq, bu göstəricinin 1.5 dərəcə Selsidən aşağı olması üçün tədbirlər görmək barədə razılığa gəldilər. Saziş haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Paris Sazişinin həyata keçirilməsi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir və emissiyaların azaldılmasına və iqlimin davamlılığının artırılmasına imkan verə biləcək iqlim tədbirləri üçün yol xəritəsi kimi çıxış edir.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin sayəsində biz aşağıdakıları bilirik:

  • 1880-ci ildən 2012-ci ilə qədər orta qlobal temperatur 0.85°C artıb. Bunun təsirini başa düşmək üçün aşağıdakı faktlara nəzər salaq: temperaturun hər 1 dərəcə artımı taxıl məhsuldarlığının təxminən 5 faiz azalmasına səbəb olur. 1981-2002-ci illər ərzində isti iqlim şəraitinə görə  qarğıdalı, buğda və digər əsas məhsullarda qlobal səviyyədə hər il 40 meqatonadək əhəmiyyətli dərəcədə azalma müşahidə olunub.
  • Okeanlarda istiləşmə, qar və buzun miqdarının azalması nəticəsində dəniz səviyyəsi yüksəlmişdir. 1901-ci ildən 2010-cu ilədək buzların əriməsi və istiləşmə nəticəsində okeanlar genişlənmiş, qlobal orta dəniz səviyyəsi 19 sm-dək artmışdır. Şimal Buzlu okeanında buz səthi buzların əriməsi səbəbilə 1979-cu ildən etibarən hər onillikdə 1.07 milyon km² kiçilmişdir.
  • “İstixana” effekti yaradan qazların mövcud səviyyəsini və davamlı emissiyalarını nəzərə alsaq, yeganə mümkün ssenaridən başqa bütün ssenarilərdə bu əsrin sonunadək qlobal temperaturun artımı 1850-1900-cü illərlə müqayisədə 1.5°C-i ötə bilər. Dünya okeanlarının temperaturu yüksələcək və buzlar əriməyə davam edəcək. Orta dəniz səviyyəsinin 2065-ci ilə qədər 24-30 sm, 2100-cü ilədək isə 40-63 sm artacağı proqnozlaşdırılır. İqlim dəyişikliyinin nəticələrinin əksəriyyəti hətta qaz emissiyaları  dayandırılsa belə, əsrlər boyu davam edəcəkdir.
  • Karbon dioksid qazının (CO2) qlobal emissiyası 1990-cı ildən bəri, təxminən 50 faiz artmışdır.
  • Emissiyalar 2000-2010-cu illər ərzində əvvəlki üç onilliyin hər biri ilə müqayisədə daha sürətlə artıb.
  • Geniş spektrli texnoloji tədbirlərin tətbiqi və davranış modellərinin dəyişdirilməsi yolu ilə, qlobal orta temperatur artımını sənayeləşmə erasından öncəki göstəricidən 2°C yüksək həddə saxlamaq hələ də mümkündür.
  • Əsaslı institusional və texnoloji dəyişikliklər qlobal istiləşmənin bu həddi aşmaması üçün əvvəlki dövrlərlə müqayisədə daha yaxşı imkanlar təqdim edir.
  • Bütün ölkələrdə iqlim təhlükələri və təbii fəlakətlərə qarşı davamlılığı və uyğunlaşma potensialını gücləndirmək;
  • İqlim dəyişikliyi ilə bağlı tədbirləri milli siyasətlərə, strategiyalara və planlara daxil etmək;
  • İqlim dəyişikliyinin yumşaldılması, uyğunlaşma, təsirlərin azaldılması və erkən xəbərdarlıq sahəsində təhsili, maarifləndirməni, eləcə də insan resursları və institusional potensialı inkişaf etdirmək;
  • İnkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinin yumşaldılması və icra şəffaflığı ilə bağlı əsaslı tədbirlərə olan ehtiyaclarını qarşılamaq, eləcə də mümkün qədər qısa müddətdə kapitallaşdırma yolu ilə Yaşıl İqlim Fondunun tam fəaliyyətini təmin etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının iştirakçısı olan inkişaf etmiş ölkələrin bütün mənbələrdən 2020-ci ilədək hər il ümumilikdə 100 milyard ABŞ dolları məbləğdə vəsaitin toplanması hədəfi ilə bağlı götürdükləri öhdəliyin yerinə yetirilməsi;
  • Qadınlara, gənclərə, yerli və təcrid olunmuş icmalara xüsusi diqqət yetirməklə, ən az inkişaf etmiş ölkələrdə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə bağlı effektiv planlaşdırma və idarəetmə potensialının artırılması mexanizmlərini təşviq etmək.

* BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası iqlim dəyişmələrinə qarşı qlobal tədbirlərin görülməsi ilə bağlı müzakirələr üçün başlıca beynəlxalq, hökumətlərarası forumdur.

Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: