Məqsəd 12: Dayanıqlı istehlak və istehsal modellərinə keçidi təmin etmək

Dayanıqlı istehlak və istehsal dedikdə, resurs və enerji istehlakının səmərəliliyinin təşviqi, dayanıqlı infrastrukturun qurulması, əsas xidmətlərə, hər kəs üçün ekoloji cəhətdən təhlükəsiz və layiqli əməyin və daha yüksək  həyat keyfiyyətinin təmin olunması nəzərdə tutulur. Onun həyata keçirilməsi ümumi inkişaf planlarına nail olmağa, gələcək iqtisadi, ekoloji və sosial xərcləri azaltmağa, iqtisadi rəqabətliliyi gücləndirməyə və yoxsulluğun azaldılmasına kömək edir.

Dayanıqlı istehlak və istehsalın məqsədi həyat keyfiyyətinin artırılması ilə eyni zamanda, resurslardan istifadənin, deqradasiyanın və çirklənmənin  azaldılması yolu ilə iqtisadi fəaliyyətlərdən əldə olunan xalis qazancları yüksəldərək “daha az resursla  daha çox şeyə daha yaxşı şəkildə nail olmaq”dır. Bunun üçün müxtəlif maraqlı tərəflərin, o cümlədən sahibkarlar, istehlakçılar, siyasətçilər, tədqiqatçılar, alimlər, pərakəndə satıcılar, media və inkişaf sahəsində əməkdaşlıq edən qurumların və başqalarının iştirakı zəruridir.

Bunun üçün həm də istehsalçıdan son istehlakçıya qədər tədarük zəncirində fəaliyyət göstərən bütün iştirakçılar arasında sistemli yanaşma və əməkdaşlıq da tələb olunur. Buraya istehlakçıların dayanıqlı istehlak və dayanıqlı həyat tərzləri ilə bağlı maarifləndirilmə tədbirləri və təlim vasitəsilə cəlb olunması, standartlaşdırma və etiketləmə ilə bağlı zəruri məlumatlarla təmin edilməsi və  dayanıqlılıq prinsipini nəzərə alan dövlət satınalmalarının həyata keçirilməsi və digər tədbirlər daxildir.

  • Hər il istehsal olunan bütün qida məhsullarının üçdə birinə yaxın – təqribən 1 trilyon dollar dəyərində 1.3 milyard ton ərzaq məhsulu istehlakçıların və pərakəndə satıcıların zibil qutularında çürüyür, ya da məsuliyyətsiz daşınma və məhsul yığımı səbəbindən korlanır.
  • Dünyada insanlar enerjiyə qənaət edən edən lampalara keçsələr, hər il 120 milyard dollara qənaət olunardı.
  • Əgər 2050-ci ilə qədər dünya əhalisi 9.6 milyard nəfərə çatsa, cari yaşayış tərzini davam etdirmək üçün zəruri olan təbii ehtiyatları təmin etməkdən ötrü demək olar ki, üç planetin ekvivalenti tələb oluna bilər.

Su

  • Dünyada su ehtiyatlarının 3 faizindən azı şirindir (içməlidir), onlardan 2.5 faizi Antarktida, Arktika və dağ buzlaqlarında donmuş vəziyyətdədir. Buna görə də, bəşəriyyət bütün antropogen ekosistemlərin və özünün şirin suya olan tələbatını ödəmək üçün 0.5 faiz təşkil edən su mənbələrinə arxalanmalıdır.
  • İnsanların suyu çirkləndirmə sürəti təbiətin çaylarda və göllərdə suyu təkrar dövr etdirmə və təmizləmə sürətindən yüksəkdir.
  • 1 milyarddan çox insanın hələ də içməli suya çıxışı yoxdur.
  • Sudan həddən artıq istifadə qlobal su defisitinə səbəb olur.
  • Təbiət suyu pulsuz bəxş edir, lakin onun çatdırılması üçün lazım olan infrastruktur baha başa gəlir.

Enerji

  • Enerji səmərəliliyinin yüksəlməsinə gətirib çıxaran texnoloji nailiyyətlərə baxmayaraq, İƏİT-ə üzv olan ölkələrdə enerjidən istifadə 2020-ci ilədək daha 35 faiz artmaqda davam edəcək. Kommersiya və yaşayış sektorunda enerjidən istifadə nəqliyyatdan sonra qlobal səviyyədə enerji istehlakının ikinci ən sürətlə böyüyən sahəsidir.
  • 2002-ci ildə İƏİT-ə üzv olan ölkələrdəki avtonəqliyyat vasitələrinin sayı 550 milyon təşkil edib (bunların 75%-ni şəxsi maşınlar təşkil edib). 2020-ci ilədək nəqliyyat vasitələrinin sahiblərinin sayında 32 faiz artım gözlənilir. Eyni zamanda, avtonəqliyyat vasitələri ilə səyahətin 40 faiz artması proqnozlaşdırılır və eyni dövrdə qlobal hava nəqliyyatı ilə səyahətin isə üç dəfə artması gözlənilir.
  • Ev təsərrüfatları qlobal enerjinin 29 faizini istehlak edir və müvafiq olaraq nəticədə əmələ gələn CO2 emissiyasının 21 faizini təşkil edir.
  • 2013-cü ildə dünyada enerjinin son istehlakının beşdə biri bərpaolunan enerji mənbələri hesabına təmin olunub.

Ərzaq

  • Ərzaqların ətraf mühitə təsiri əsasən istehsal mərhələsində baş versə də (kənd təsərrüfatı, ərzaq emalı), ev təsərrüfatları da bu təsirlərə öz qida seçimləri və vərdişləri vasitəsilə təsir edir. Bunlar nəticə etibarilə qida ilə əlaqədar enerji istehlakı və tullantıların əmələgəlməsi vasitəsilə ətraf mühitə təsir göstərir.
  • Təxminən 1 milyard insanın kifayət qədər qidalana bilməməsi və daha 1 milyard insanın ac qalmasına baxmayaraq, hər il 1.3 milyard ton ərzaq israf olunur.
  • Həddən artıq qida istehlakı həm öz sağlamlığımız, həm də ətraf mühit üçün zərərlidir.
  • Dünyada 2 milyard insan artıq çəkidən və ya piylənmədən əziyyət çəkir.
  • Torpaqların deqradasiyası və məhsuldarlığının azalması, suyun dayanıqlı şəkildə istifadə olunmaması, həddən artıq balıq ovu və dənizlərin deqradasiyası təbii resurs bazasının ərzaqla təminetmə qabiliyyətini azaldır.
  • Dünyanın ümumi enerji istehlakının təxminən 30 faizi və “istixana” effekti yaradan qazların ümumi emissiyasının təxminən 22 faizi qida sektorunun payına düşür.
  • Öndə inkişaf etmiş ölkələr olmaqla və inkişaf etməkdə olan ölkələrin inkişaf səviyyəsini və imkanlarını nəzərə alaraq, bütün ölkələrin cəlb olunması yolu ilə dayanıqlı istehlak və istehsal modellərinə keçid üzrə onillik fəaliyyət strategiyasını həyata keçirmək;
  • 2030-cu ilədək, təbii resursların dayanıqlı şəkildə idarə olunmasına və onlardan səmərəli istifadəyə nail olmaq;
  • 2030-cu ilədək, dünyada pərakəndə ticarət və istehlakçı səviyyələrində adambaşına düşən ərzaq tullantılarını yarıya qədər azaltmaq və məhsul yığımından sonrakı itkilər də daxil olmaqla, istehsal və təchizat zəncirləri boyu ərzaq itkilərini azaltmaq;
  • 2020-ci ilədək, razılaşdırılmış beynəlxalq prinsiplərə uyğun olaraq, dövriyyəsi boyunca kimyəvi maddələrin və bütün tullantıların ekoloji baxımdan düzgün idarə olunmasına nail olmaq və onların insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərini minimuma endirmək məqsədilə havaya, suya və torpağa buraxılışını əhəmiyyətli dərəcədə azaltmaq;
  • 2030-cu ilədək, tullantıların önlənməsi, azaldılması, təkrar emala cəlb olunması və təkrar istifadəsi vasitəsilə tullantıların əmələ gəlməsini əhəmiyyətli dərəcədə azaltmaq;
  • Şirkətləri, xüsusən də iri və transmilli şirkətləri dayanıqlı istehsal təcrübələrini qəbul etməyə və dayanıqlılıqla bağlı məlumatları öz hesabatvermə prosesinə daxil etməyə həvəsləndirmək;
  • Milli siyasətləri və prioritetləri nəzərə alaraq, dövlət satınalmaları üzrə dayanıqlı təcrübələri təşviq etmək;
  • 2030-cu ilədək, hər yerdə insanların dayanıqlı inkişaf və təbiəti nəzərə alan həyat tərzləri ilə bağlı müvafiq məlumatlara malik olmasını və maariflənməsini təmin etmək;
  • İnkişaf etməkdə olan ölkələrin daha dayanıqlı istehsal və istehlak modellərinə keçməsi üçün öz elmi və texnoloji potensiallarını gücləndirmələrinə dəstək vermək;
  • İş yerləri yaradan və yerli mədəniyyətin inkişafını və yerli məhsulların istehsalını təşviq edən dayanıqlı turizmə nail olmaq məqsədilə dayanıqlı inkişafın təsirlərini izləmək üçün metodlar işləyib hazırlamaq və tətbiq etmək;
  • İzafi istehlaka səbəb olan, mədən yanacaq növlərinə ayrılan subsidiyaları səmərəliləşdirmək, bunun üçün milli şəraiti nəzərə alaraq bazar təhrifilərini aradan qaldırmaq, o cümlədən vergitutma strukturunu yenidən müəyyən etmək və zərərli subsidiyaları mərhələli şəkildə aradan qaldırmaq (əgər varsa),  onların ətraf mühitə təsirlərini  nəzərə almaq, bu zaman ilk növbədə inkişaf etməkdə olan ölkələrin spesifik ehtiyaclarını və vəziyyətini diqqətə alaraq, eləcə də yoxsullar və təsirə məruz qalan icmaları qorumaq şərtilə onların inkişafına mümkün mənfi təsirləri minimallaşdırmaq.
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: