Məqsəd 11: Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək

Şəhərlər intellektual fəallıq, ticarət, mədəniyyət, elm, əmək məhsuldarlığı, sosial inkişaf və bir çox digər proseslər üçün mərkəz kimi çıxış edir. Düzgün inkişaf etdiyi hallarda, şəhərlər insanların sosial və iqtisadi tərəqqisinə imkan verir.

Bununla belə, şəhər təsərrüfatlarının idarə olunması zamanı torpaq və digər resursları tükətmədən yeni iş yerləri yaratmağa və rifahı təmin etməyə çalışarkən bir çox problemlər ortaya çıxır. Şəhərlərdə ən çox rast gəlinən problemlərə əhalinin sıxlığı, əsas xidmətlərin göstərilməsi üçün kifayət qədər vəsaitlərin olmaması, münasib mənzil təminatının yetərli səviyyədə olmaması və infrastrukturun deqradasiyası daxildir.

Şəhərlərin üzləşdiyi problemləri aradan qaldırmaq üçün resurslardan daha səmərəli istifadə, ətraf mühitin çirklənməsi və yoxsulluq səviyyəsinin azaldılması ilə yanaşı, onların inkişaf etməsinə və böyüməsinə imkan verən üsullardan istifadə oluna bilər. Hamı üçün imkanlar yaradan, o cümlədən əsas xidmətlərə, enerjiyə, mənzil təminatına, nəqliyyata və digər imkanlara çıxış imkanı yaradan şəhərlər arzu etdiyimiz gələcəyin bir parçasıdır.

  • Bu gün, bəşəriyyətin yarısı – 3.5 milyard insan şəhərlərdə yaşayır.
  • 2030-cu ilə qədər dünya əhalisinin təxminən 60 faizi şəhərlərdə yaşayacaq.
  • Qarşıdakı onilliklərdə qlobal urbanizasiyanın 95 faizi inkişaf etməkdə olan ölkələrin payına düşəcək.
  • Bu gün 828 milyon insan xarabalıqlarda yaşayır və bu göstərici artmaqda davam edir.
  • Şəhərlərin ümumi sahəsi Yer kürəsinin quru ərazisinin  yalnız 3 faizini təşkil etsə də, enerji istehlakının 60-80 faizi və karbon emissiyasının 75 faizi onların payına düşür.
  • Sürətli urbanizasiya  şirin su ehtiyatlarını, kanalizasiya sistemini, yaşayış mühitini və ictimai səhiyyəni təzyiq altında saxlayır.
  • Lakin şəhərlərdə sıxlığın yüksək olması səmərəliliyin yüksəlməsinə və texnoloji innovasiyaların tətbiqinə gətirib çıxarmaqla, resurslardan istifadənin və enerji istehlakının azalmasına imkan verə bilər.
  • 2030-cu ilədək hamı üçün adekvat, təhlükəsiz və sərfəli mənzil təminatına və əsas xidmətlərə çıxış təmin etmək və xarabalıqları abadlaşdırmaq;
  • 2030-cu ilədək yol təhlükəsizliyini təmin etmək, xüsusilə həssas qrupa aid insanlara, qadınlara, uşaqlara, əlillərə və yetkin əhaliyə xüsusi diqqət yetirməklə ictimai nəqliyyatı genişləndirmək, bununla da hamıya təhlükəsiz, sərfəli, əlçatan və dayanıqlı nəqliyyat infrastrukturuna çıxış imkanı təmin etmək;
  • 2030-cu ilədək bütün ölkələrdə inklüziv və dayanıqlı urbanizasiyanı genişləndirmək, yaşayış məntəqələrinin birgə, inteqrativ və dayanıqlı şəkildə planlaşdırılması və idarə olunması potensialını inkişaf etdirmək;
  • Dünyada mədəni və təbii irsi qorumaq və mühafizə etmək üçün səyləri gücləndirmək;
  • 2030-cu ilədək, əsas diqqəti yoxsul və həssas təbəqədən olan insanlara yetirməklə, təbii fəlakətlər, o cümlədən su ilə bağlı  fəlakətlər nəticəsində baş verən ölüm hallarının və zərərçəkənlərin sayını nəzərəçarpacaq dərəcədə azaltmaq və qlobal ÜDM-ə nisbətdə birbaşa iqtisadi itkiləri əhəmiyyətli dərəcədə azaltmaq;
  • 2030-cu ilədək, havanın keyfiyyətinə, məişət və digər tullantıların idarə olunmasına xüsusi diqqət yetirməklə şəhərlərin adambaşına düşən mənfi ekoloji təsirini azaltmaq;
  • 2030-cu ilədək, xüsusilə qadınlar və uşaqlar, yaşlı insanlar və əlillər üçün təhlükəsiz, inklüziv, əlçatan, yaşıllaşdırılmış və açıq sahələrə çıxış təmin etmək;
  • Milli və regional səviyyələrdə inkişaf planlamasını gücləndirmək yolu ilə şəhər, şəhərətrafı və kənd əraziləri arasında müsbət iqtisadi, sosial və ekoloji əlaqəliliyə dəstək vermək;
  • 2020-ci ilədək, inklüzivlik, resurslardan səmərəli istifadə, iqlim dəyişikliyinin təsirlərinin yüngülləşdirilməsi və onlara uyğunlaşma, təbii fəlakətlərə qarşı davamlılığın gücləndirilməsinə yönələn siyasət və planların qəbul olunduğu və icra olunduğu şəhərlərin və yaşayış məntəqələrinin sayını əhəmiyyətli şəkildə artırmaq və 2015-2030-cu illərdə Təbii Fəlakət Risklərinin Azaldılması üzrə Senday Çərçivəsinə uyğun olaraq, bütün səviyyələrdə təbii fəlakət risklərinin vahid idarəetmə sistemini işləyib hazırlamaq və həyata keçirmək;
  • Ən az inkişaf etmiş ölkələrə yerli materiallardan istifadə etməklə dayanıqlı və möhkəm binaların inşasında digər vasitələrlə yanaşı, maliyyə və texniki yardım dəstəyi göstərmək.
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: