Məqsəd 10: Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq

Beynəlxalq ictimaiyyət insanların yoxsulluqdan xilas edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyişə nail olub. Ən həssas vəziyyətdə olan ölkələr, o cümlədən ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan və kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlər yoxsulluğun azaldılması sahəsində irəliləyiş əldə etməyə davam edir. Ancaq bərabərsizlik hələ də qalmaqdadır, səhiyyə və təhsil xidmətlərinə, eləcə də digər xidmətlərə çıxış səviyyəsində böyük bərabərsizliklər hələ də mövcuddur.

Bundan əlavə, ölkələr arasında gəlir bərabərsizliyi azalsa da, ölkələrdaxili bərabərsizlik artıb. İqtisadi inkişafın inklüziv olmadığı və dayanıqlı inkişafın üç aspektini – iqtisadi, sosial və ətraf mühit aspektlərini özündə birləşdirmədiyi təqdirdə yoxsulluğun azaldılması üçün yetərli olmadığına dair  konsensus getdikcə güclənir.

Bərabərsizliyi azaltmaq üçün əlverişsiz vəziyyətdə olan və təcrid olunmuş icmaların ehtiyaclarına diqqət yetirilməsi baxımından siyasətlər prinsip etibarilə universal xarakter daşımalıdır.

  • İnkişaf etməkdə olan ölkələrdə əhalinin sayını nəzərə almaqla, 1990-2010-cu illərdə gəlir bərabərsizliyi orta hesabla 11 faiz artıb.
  • İnkişaf etməkdə olan ölkələrdə ailələrin böyük əksəriyyəti – əhalinin 75 faizindən çoxu  1990-cı illərə nəzərən gəlirlərin daha qeyri-bərabər paylandığı cəmiyyətdə yaşayır.
  • Elmi dəlillər göstərir ki, müəyyən bir həddi keçdikdən sonra, bərabərsizlik inkişafa və yoxsulluğun azaldılmasına, ictimai və siyasi sahələrdə münasibətlərin keyfiyyətinə və fərdlərin xoşbəxtlik və özünüqiymətləndirmə hissinə mənfi təsir göstərir.
  • Gəlirlər üzrə bərabərsizliyinin artması heç də qaçılmaz deyil. Yüksək inkişaf göstəricilərinə nail olan bir neçə ölkə gəlir bərabərsizliyinin artımını dayandırmağa və ya onu azaltmağa müvəffəq olub.
  • Gəlirlərin bərabərsizliyi yalnız o zaman effektli şəkildə aradan qaldırıla bilər ki, onun özülündə dayanan imkanların bərabərsizliyi faktoru aradan qaldırılsın.
  • BMT-nin İnkişaf Proqramı tərəfindən aparılan qlobal sorğuda dünyanın müxtəlif ölkələrindən olan siyasətçilər ölkələrində bərabərsizliyin yüksək dərəcədə olduğunu və bunun uzunmüddətli perspektivdə sosial və iqtisadi inkişafa potensial təhlükə olduğunu təsdiq ediblər.
  • İnkişaf etməkdə olan ölkələrə dair faktlar göstərir ki, əhalinin ən yoxsul 20 faizindən olan uşaqların 5 yaşadək ölmə ehtimalı ən zəngin təbəqədən olan uşaqlarla müqayisədə 3 dəfə yüksəkdir.
  • Dünyada sosial müdafiənin əhatəsi əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Lakin əlilliyi olan insanların böyük sağlamlıq xərcləri ilə üzləşmə ehtimalı orta göstəricidən 5 dəfəyə qədər yüksəkdir.
  • İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində ana ölümü göstəricisində ümumi azalmalara baxmayaraq, kənd yerlərində yaşayan qadınların doğum  zamanı ölmə halları şəhərlərdə yaşayan qadınlarla müqayisədə hələ də 3 dəfə daha yüksəkdir.
  • 2030-cu ilədək, əhalinin ən yoxsul 40 faizinin gəlir artımının ölkədəki orta səviyyədən daha yüksək olmasına tədricən nail olmaq və bu səviyyədə saxlamaq;
  • 2030-cu ilədək, yaşından, cinsindən, əlilliyindən, irqindən, etnik mənsubiyyətindən, mənşəyindən, dinindən, iqtisadi və ya digər statusundan asılı olmayaraq, hamının sosial, iqtisadi və siyasi həyatda iştirakı üçün səlahiyyətləri artırmaq və bunu təşviq etmək;
  • Digər vasitələrlə yanaşı, ayrı-seçkiliyə yol verən qanunları, siyasətləri və təcrübələri aradan qaldırmaqla və müvafiq qanunvericiliyi, siyasətləri və fəaliyyəti təşviq etməklə, bərabər imkanların yaradılmasını və nəticələrdəki bərabərsizliklərin azaldılmasını təmin etmək;
  • Maliyyə, əməkhaqqı və sosial müdafiə məsələlərinə xüsusi diqqət ayıran siyasi sənədləri qəbul etmək və tədricən daha böyük bərabərliyə nail olmaq;
  • Qlobal maliyyə bazarlarının və təsisatlarının tənzimlənməsini,monitorinqini, müvafiq normativ-hüquqi aktların icrasını gücləndirmək;
  • Təsisatların səmərəliliyini, etibarlılığını, hesabatlılığını və legitimliyini yaxşılaşdırmaq məqsədilə qlobal beynəlxalq iqtisadi və maliyyə təsisatlarında qərarlar qəbul edilərkən inkişaf etməkdə olan ölkələrin daha geniş təmsil olunmasını və eşidilməsini təmin etmək;
  • Başqa vasitələrlə yanaşı, planlaşdırılmış və düzgün idarə olunan miqrasiya siyasətini həyata keçirməklə, insanların nizamlı, təhlükəsiz, müntəzəm və məsuliyyətli miqrasiyasına və hərəkətliliyinə şərait yaratmaq;
  • Ümumdünya Ticarət Təşkilatının sazişlərinə uyğun olaraq, inkişaf etməkdə olan ölkələr, xüsusən də ən az inkişaf etmiş ölkələr üçün xüsusi və differensial yanaşma prinsipini tətbiq etmək;
  • Milli planlara və proqramlara uyğun olaraq, ən çox ehtiyac duyan dövlətlərə, xüsusilə də ən az inkişaf etmiş ölkələrə, Afrika ölkələrinə, kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərə və dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrə yönələn rəsmi inkişaf yardımı və maliyyə axınlarını, o cümlədən birbaşa xarici investisiyaları stimullaşdırmaq;
  • 2030-cu ilədək, miqrantlar tərəfindən həyata keçirilən ölkələrarası pul köçürmələri ilə bağlı əməliyyat xərclərini köçürülən məbləğin 3%-dən aşağı səviyyəyə salmaq və 5%-dən baha başa gələn köçürmə xidmətlərini aradan qaldırmaq.
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: