Dövlət Miqrasiya Xidməti və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının qaçqınların əmək bazarına çıxışı barədə Birgə Bəyanatı

Dünyanın bir çox ölkəsi misli görünməmiş COVID-19 koronovirus böhranı ilə mübarizəni davam etdirdiyi bir zamanda zorla didərgin salınma halları artmaqdadır. Hazırda bu, bəşəriyyətin bir faizindən çoxuna təsir göstərir ki, onlar da münaqişələrdən, təqiblərdən və ictimai asayişi ciddi surətdə pozan hadisələrdən qaçmaqdan başqa seçimi olmayan və evlərinə qayıda bilməyən insanlardır.  Qlobal miqyasda köçürülməyə məruz qalmış insanların dünya tarixində qeydə alınmış ən yüksək həddə-79.5 milyona çatdığı bir məqamda, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) BMT QAK-ın mandatı altında olan təxminən 2000 qaçqın və sığınacaq axtaran şəxs üçün yerli inteqrasiya şəraitinin yaxşılaşdırılması istiqamətində birgə fəaliyyətlərini davam etdirir.

2019-cu ilin dekabr ayında baş tutan Qlobal Qaçqın Forumunda qaçqınların qanuni məşğulluğunun və əmək bazarına çıxışının asanlaşdırılması Azərbaycan nümayəndə heyəti tərəfindən götürülən mühüm bir öhdəlik və dünya qaçqınları, eləcə də onlara ev sahibliyi edən ölkələr və icmalarla həmrəyliyin qurulmasında mühüm mərhələ olmuşdur. Qlobal Qaçqın Forumundan sonrakı aylar ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti öhdəliyin icrasını təmin etmək məqsədilə Əmək Nazirliyi və digər dövlət qurumları ilə iş aparıb. 20 iyunda qeyd edilən Beynəlxalq Qaçqın Günü ərəfəsində əldə edilən böyük nailliyyət ondan ibarətdir ki, hazırda Azərbaycanda olan qaçqın və sığınacaq axtaran şəxslər fərdi eyniləşdirmə nömrələri üçün müraciət edə və əmək müqavilələrini qeydiyyata aldıra bilərlər. 

 “Azərbaycan hökuməti BMT QAK-ın himayəsində olan sığınacaq axtaran şəxslərin və qaçqınların qanuni məşğulluğunu asanlaşdırmaq, həmçinin qanuni əmək bazarına çıxış imkanlarını yaxşılaşdırmaq üçün mühüm addımlar atıb. Dövlət Miqrasiya Xidmətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu yaxınlarda birgə həyata keçirdiyi tədbirlər bu şəxslərin əmək hüquqlarını tam təmin edib”- deyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

 BMT QAK-ın Azərbaycan Respublikasındakı nümayəndəsi Guido Ambroso isə “Xoşbəxtlikdən, Hökumət bu qaçqınların yalnız qeyri-rəsmi məşğulluq və humanitar yardımlara güvənmək əvəzinə özlərini təmin etmələrinə və vergi ödəmələrinə imkan verəcək qanuni məşğulluğa çıxış məsələsini həll edir. Bu, inklüzivlik və inteqrasiya yolunda irəliyə doğru böyük bir addım olacaq” ifadəsini səsləndirib.

Ötən illər ərzində səmərəli əməkdaşlıq, texniki dəstək və potensialın artırılması fəaliyyətləri nəticəsində milli sığınacaq prosedurlarında beynəlxalq standartlara uyğun bir sıra pozitiv irəliləyişlər baş verib ki, bu da qaçqınların himayə olunmasında və onlar üçün uzunmüddətli həll yollarının təmin edilməsində Hökumətin mühüm rolunu bir daha vurğulayır.

19 iyun 2020

Son xəbərlər
Tədbirlər
avqust 2020
272829303112
3
4
56789
10111213141516
17181920212223
24252627282930
31123456
04 avqust / Çərşənbə axşamı
Bizi izləyin: