Insan Hüquqları üzrə Ali Komissarlığın hazırladığı COVID-19 Təlimatı

COVID-19 cəmiyyətlər, hökumətlər, icmalar və ayrı-ayrı insanlar üçün bir sınaqdır. İndi virusa qarşı mübarizədə həmrəylik və əməkdaşlıq nümayiş etdirmək və COVID-19 pandemiyasının yayılmasının dayandırılmasına yönəlmiş tədbirlərin çox vaxt bilmədən yarada biləcəyi təsirləri azaltmaq vaxtıdır.  İqtisadi və sosial hüquqlar, habelə mülki və siyasi hüquqlar daxil olmaqla, məsələlərin bütün spektri üzrə insan hüquqlarına hörmət ictimai sağlamlıq sahəsində cavab tədbirlərinin müvəffəqiyyətli olması üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.

Tibbi xidmətlərə çıxış

  • Səhiyyə sahəsindəki strategiyalar təkcə epidemiyanın tibbi aspektlərini deyil, həm də səhiyyə sahəsində cavab tədbirləri çərçivəsində həyata keçirilən tədbirlərin hüquq mühafizə və genderə-həssas nəticələrini də nəzərə almalıdır.
  • Müalicə heç bir ayrı-seçkilik olmadan hər kəs üçün əlçatan olmalıdır. Bu, ödəniş üçün vəsaitin olmaması və ya müalicə almağa mane olan stiqmatizasiya səbəbindən heç kimin müalicədən imtina etməməsinin təmin edilməsi deməkdir.

Təcili tədbirlər

  • Hökumətlər COVID-19 pandemiyasına cavab olaraq çətin qərarlar qəbul etməlidirlər. Beynəlxalq hüquq, mühüm əhəmiyyət kəsb edən təhlükələrə qarşı təcili tədbirlərin görülməsinə imkan verir, lakin tədbirlər qiymətləndirilən riskə mütənasib olmalı, ayrı-seçkilik olmadan tətbiq olunmalıdır. Bu, müəyyən istiqamət və müddətin olması, habelə ictimai sağlamlığın qorunması üçün daha az müdaxiləçi yanaşmadan istifadə edilməsi deməkdir.
  • COVID-19 pandemiyasına gəldikdə isə, fövqəladə səlahiyyətlər ictimai sağlamlığın qanuni məqsədləri üçün istifadə olunmalı, daha çox hüquq müdafiəçilərinin və ya jurnalistlərin işini ləngitmək və ya susdurmaq üçün əsas kimi istifadə edilməməlidir. Sığınacaq üçün müraciət edən şəxslərin geri qaytarılmama prinsipi (non-refoulement), kollektiv şəkildə qovulmanın qadağan edilməsi, işgəncənin və digər formada pis rəftarın qadağan edilməsi, özbaşına saxlanmanın tətbiqi prinsipləri və s. daxil olmaqla, bəzi hüquqlar məhdudlaşdırıla bilməz.
  • Hökumətlər zərər çəkmiş əhaliyə fövqəladə vəziyyətin harada tətbiq edildiyi və nə qədər qüvvədə qalmalı olduğu barədə məlumat verməlidirlər.
  • Böhran başa çatdıqdan sonra Hökumətlərin həyatı normal məcraya qaytarmaq və gündəlik həyatın qeyri-müəyyən müddətədək tənzimlənməsi üçün fövqəladə səlahiyyətlərdən istifadə etməmələri, cavab tədbirlərinin bu böhranın müxtəlif mərhələlərinin ehtiyaclarına uyğun olduğunu etiraf etmələri vacibdir.

Heç kəs gözardı edilməməlidir

  • Bütün cəmiyyətlərdə marginallaşdırılmış və bir sıra səbəblərdən ictimai informasiyaya və xidmətlərə çıxış əldə etməkdə çətinliklərlə üzləşən insanlar vardır ki, bu səbəblərdən bəziləri kök salmış ayrı-seçkiliyi və ya siyasi fikir ayrılıqlarını əks etdirir. Unudulmaq və ya kənarda qalmaq riski altında olan milli, etnik və ya dini azlıqlar, yerli xalqlar, miqrantlar və qaçqınlar, yaşlı insanlar, əlilliyi olan şəxslər və ya LGBTİ kimi insanların müəyyən edilməsi üçün COVID-19 pandemiyası haqqında məlumatlandırmaya və ona qarşı cavab tədbirlərinə xüsusi diqqətlə yanaşılmalıdır.
  • Milli Hüquq Müdafiə Təşkilatları və vətəndaş cəmiyyəti bu icmalara informasiya axınını dəstəkləməklə və hökumət orqanlarına tədbirlərin icmalara təsiri barədə rəy təmin etməklə, bu və ya digər formada unudula və ya kənarda qala biləcək şəxslərin aşkarlanmasına yardım edə bilər.

Mənzil şəraiti

  • İnsanların evdə qalmağa çağırıldıqları bir vaxtda, Hökumətlərin müvafiq mənzil şəraiti olmayan insanlar üçün təxirəsalınmaz tədbirlər görmələri son dərəcə vacibdir. Evdə qalmaq və sosial məsafə saxlanılması təcrübəsinin sınaqdan keçirilməsi istiqamətində COVID-19 tədbirləri bəzi insanlar, məsələn, insanların çox olduğu şəraitdə yaşayan şəxslər, eləcə də su və sanitariyaya çıxışı olmayan şəxslər üçün olduqca çətindir.
  • Müvafiq mənzil şəraiti olmayan və evsiz insanlarla davranışa dair ən yaxşı təcrübə – virusdan əziyyət çəkənlər və təcrid olunmalı olanlar üçün xidmətlərin və təcili şəkildə mənzil şəraiti (boş və tərk edilmiş yaşayış vahidlərindən istifadə, qısamüddətli kirayə imkanı daxil olmaqla) ilə təmin edilməsini nəzərdə tutur.
  • Hökumət orqanları daha çox insanın evsiz qalmasının, məsələn, gəlir itkisi səbəbindən ipoteka kreditlərinin və kirayə haqqının ödənilməsinin qeyri-mümkün olduğu bir vaxtda insanların evlərindən çıxarılması hallarının qarşısını almağa xüsusi diqqət yetirməlidirlər. İpoteka kreditləri üzrə ödənişlərin təxirə salınması, evdən çıxarılmaya moratorium qoyulması kimi qabaqcıl təcrübələri geniş şəkildə tətbiq etmək lazımdır.
  • İzolyasiya tədbirlərinin tətbiq edildiyi müddət ərzində və yerlərdə heç kəs evsiz olmasına və ya müvafiq mənzil şəraitinin olmamasına görə cəzalandırılmamalıdır.


Əlilliyi olan şəxslər

  • Sosial məsafənin saxlanması və özünütəcrid kimi izolyasiya tədbirləri, yemək yemək, əynini geyinmək və duş qəbul etmək üçün digər insanların dəstəyinə ehtiyacı olan şəxslərin ehtiyaclarını nəzərə almalıdır.
  • Əlilliyi olan şəxslər da daxil olmaqla, bir çox insanlar ev xidmətlərinə və ictimai xidmətlərə arxalanırlar. Bu xidmətlər riskin minimuma endirilməsinə yardımçı olmalı və Dövlətlər bütün böhran dövründə əlilliyi olan şəxslərə dəstəyin davamlılığına təminat verən əlavə tədbirlər görməlidirlər. Əgər hərəkət məhdudiyyətləri mövcud ailə və sosial dəstək şəbəkələrinə mane olursa, onlar digər xidmətlərlə əvəz olunmalıdır.
  • Əlavə maliyyə yardımına çıxış, imkanları məhdud olan insanlar və onların ailələri üçün də mühüm əhəmiyyətli olacaqdır, çünki onların bir çoxu dayandırılmış xidmətlərdən asılıdır və ərzaq və dərman ehtiyatı yaratmaq və ya evə çatdırılmaya görə ödəniş etmək üçün vəsaitin olmaması problemi ilə üzləşə bilər.

Azadlıqdan məhrumetmə yerləri və xüsusi müəssisələrdəki insanlar

  • Azadlıqdan məhrum edilmiş insanlar, o cümlədən həbsxanalarda, istintaq təcridxanalarında, immiqrasiya xidmətinin saxlama mərkəzlərində, idarələrdə və digər azadlıqdan məhrumetmə yerlərində epidemiyanın baş qaldırması halında yoluxma riski daha yüksəkdir. Burada yoluxma riski yüksəkdir və sosial məsafənin saxlanmasını təmin etmək çətindir. Böhran vəziyyətlərində planlaşdırma və cavab tədbirlərində onların vəziyyəti xüsusi olaraq nəzərdən keçirilməlidir.
  • Azadlıqdan məhrum edilmiş bütün şəxslər üçün informasiyaya çıxışın, profilaktik və digər tibbi xidmətlərin təmin edilməsi üçün Dövlətlər tərəfindən xüsusi tədbirlər görülməli, azadlıqdan məhrumetmə yerlərində zərərçəkmə riskinin azaldılması üçün azadetmə variantları və azadlıqdan məhrumetmənin alternativləri təcili surətdə öyrənilməlidir.
  • Xüsusi müəssisələrdə yaşayan əlilliyi olan şəxslərin vəziyyəti xüsusilə ağırdır. Ailələrlə əlaqələrin məhdudlaşdırılması səhiyyə sahəsində təcili tədbirlərin bir hissəsi kimi əsaslandırıla bilər, lakin əlilliyi olan şəxslərin laqeyd və qəddar rəftara daha çox məruz qalmasına səbəb ola bilər.


İnformasiya və İştirak

  • COVID-19 pandemiyası və ona cavab tədbirləri haqqında müvafiq məlumat istisnasız olaraq bütün insanlara çatdırılmalıdır. Bu, informasiyanın asanlıqla başa düşülən formatlarda və dillərdə təmin edilməsini, habelə informasiyanın görmə qabiliyyəti zəif və eşitmə qabiliyyəti zəif olanlar, o cümlədən xüsusi ehtiyacları olan insanlar üçün uyğunlaşdırılmasını və oxuma qabiliyyəti məhdud olan və ya ümumiyyətlə oxuya bilməyən hər kəsi əhatə etməsini tələb edir.
  • İnternetə çıxış, informasiyanın virusdan əziyyət çəkənlərə çatmasını təmin etmək üçün vacibdir. Hökumətlər internet kəsintilərinə son qoymalı, internet xidmətlərinə maksimum geniş çıxışı təmin etməli və gender boşluğu da daxil olmaqla, rəqəmsal boşluğu aradan qaldırmaq üçün tədbirlər görməlidirlər. 
  • İnsanlar həyatlarına təsir edən qərarların qəbulunda iştirak etmək hüququna malikdirlər. Açıq və şəffaf olmaq, həmçinin zərərçəkmiş şəxsləri qərar qəbulu prosesinə cəlb etmək insanların öz sağlamlığının və əhalinin daha geniş təbəqələrinin sağlamlığının qorunmasına yönəlmiş tədbirlərdə iştirakının təmin edilməsində mühüm rol oynayır. 
  • Tibb işçiləri, habelə alimlər də daxil olmaqla müvafiq mütəxəssislər sərbəst danışmaq və bir-biri ilə və ictimaiyyətlə dəqiq və həyati əhəmiyyət kəsb edən məlumatları bölüşmək imkanına malik olmalıdırlar. Beynəlxalq və milli səviyyələrdə yanlış və ya çaşdırıcı məlumatlara qarşı mübarizə istiqamətində birgə səylər göstərilməlidir.
  • Xəstəliklərin baş qaldırması zamanı hazırlıq və cavab tədbirlərinin təmin edilməsi sahəsində, qadınların qlobal, regional və milli səviyyədə COVID-19 məkanlarında təmsil olunması və aparıcı rolunun təmin edilməsi də daxil olmaqla, qadınların perspektivləri, fikirləri və biliklərini nəzərə almaq son dərəcə vacibdir.

 

Stiqmatizasiya, ksenofobiya, irqçilik

  • COVID-19 pandemiyası müəyyən milli və etnik qruplara münasibətdə stiqmatizasiya, ayrı-seçkilik, irqçilik və ksenofobiya dalğası yaradır. Biz, həmçinin coğrafi istinaddan istifadə etməkdənsə, bu xəstəliyi COVID-19 adlandırmaqla, bu axının qarşısını almaq üçün birlikdə çalışmalıyıq.
  • Siyasi liderlər və digər nüfuzlu şəxslər bu böhranın doğurduğu stiqmatizasiya və irqçiliyə qarşı qətiyyətlə çıxış etməli və nəyin bahasına olursa-olsun, bu cür ayrı-seçkiliyin alovlanmasından çəkinməlidirlər. Dövlətlər qorxu yaradan ritorikaya qarşı durmaq və onların COVID-19 pandemiyasına cavab tədbirlərinin əhalinin bəzi qruplarını zorakılığa və ayrı-seçkiliyə daha həssas etməməsini təmin etmək üçün vaxt itirmədən hərəkət etməlidirlər.
  • Dəqiq, aydın və faktlara əsaslanan informasiyanın yayılması, habelə məlumatlılığın artırılması kampaniyaları ayrı-seçkilik və ksenofobiyaya qarşı mübarizənin ən effektiv mexanizmləridir. Ayrı-seçkilik və ksenofobiya hallarının monitorinqi üçün əlavə səylər göstərilməli və hər hansı insidentə cavab tədbirləri mətbuatda operativ şəkildə və geniş işıqlandırılmalıdır.

Miqrantlar və Qaçqınlar

  • Miqrantlar və qaçqınlar xüsusi risklərlə üzləşirlər, çünki onların hərəkəti düşərgələr və yaşayış yerləri ilə məhdudlaşdırıla bilər və ya onlar insanların sıx olduğu, sanitariya şəraitinin pis olduğu və tibbi xidmətlərin həddindən artıq yüklənmiş və ya əlçatan olmadığı şəhər yerlərində yaşayırlar.
  • Miqrantlar çox vaxt tibbi xidmətlərə çıxışda dil baryeri və mədəni baryer, xərclər, informasiyaya çıxışın olmaması, ayrı-seçkilik və ksenofobiya kimi maneələrlə üzləşirlər. Qeyri-leqal vəziyyətdə olan miqrantlar tibbi xidmətlərə çıxış əldə etmək və ya sağlamlıq vəziyyəti haqqında məlumat vermək iqtidarında olmaya və ya istəməyə bilərlər, çünki onlar immiqrasiya statusu ilə əlaqədar azadlıqdan məhrumetmə, deportasiya və ya cəzaya məruz qalma təhlükəsi ilə üzləşirlər.
  • Dövlətlər, COVID-19 virusuna qarşı milli profilaktik və cavab tədbirləri proqramlarına miqrantların və qaçqınların daxil edilməsi üçün xüsusi tədbirlər görməlidirlər. Bu, statusundan asılı olmayaraq, bütün miqrantların və qaçqınların informasiyaya, testdən keçməyə və tibbi xidmətlərə bərabər çıxışının təmin edilməsini, eləcə də immiqrantların öz hüquqlarını həyata keçirməsi ilə bağlı fəaliyyətlərini miqrantların və qaçqınların tibbi və digər əsas xidmətlərə çıxış əldə etmək qabiliyyətindən ayıran antiböhran fondlarının yaradılmasını əhatə etməlidir.
  • Beynəlxalq dəstək, ev sahibi ölkələrə həm miqrantlar, həm də yerli icmalar üçün xidmətlərin göstərilməsini intensivləşdirməyə kömək etmək və onları milli müşahidə, profilaktika və cavab tədbirləri (reaksiya) mexanizmlərinə daxil etmək üçün son dərəcə vacibdir. Bunun edilməməsi hər kəsin sağlamlığını təhlükə altına salacaq və düşmənçilik və stiqmatizasiyanın güclənməsi riski yaradacaqdır. Miqrantlara qarşı düşmənçilik və ksenofobiyaya qarşı mübarizə istiqamətində də konkret addımlar atılmalıdır.
  • Sərhəd nəzarətinin bu və ya digər formada gücləndirilməsinin, səyahət məhdudiyyətlərinin və ya hərəkət azadlığının məhdudlaşdırılmasının müharibədən və ya təqibdən qaçmış ola biləcək insanların təhlükəsizliyə və müdafiəyə çıxış əldə etməsinə müdaxilə etməməsi də son dərəcə vacibdir. 

Pandemiyanın sosial-iqtisadi nəticələri

  • Məktəblərin bağlanması halında, təhsil hüququ mümkün olduqca qorunmalıdır (məsələn, onlayn təhsil vasitəsilə). Qızlara təsir qeyri-mütənasib şəkildə daha güclü ola bilər, çünki onların bir çoxu artıq məktəbə getməklə bağlı əhəmiyyətli maneələrlə üzləşirlər və indiki vəziyyətdə məişət qayğıları ilə daha çox məşğul olduqları ehtimal edilir. Qızlar və oğlanlar da çox vaxt məktəblərin təmin etdiyi qidaya və digər xidmətlərə çıxışlarını itirə bilərlər. 
  • Bu böhranın mənfi sosial-iqtisadi nəticələrinin yumşaldılması üzrə hökumətlərin, dövlət və özəl sektorların, beynəlxalq və milli təşkilatların qabaqcıl təcrübəsini paylaşmaq lazımdır.
  • Bu böhran dövründə işləyənlərin, xüsusilə də tibb işçilərinin əməyinin mühafizəsi və təhlükəsizliyi problemi qiymətləndirilməli və həll edilməlidir. Heç kəs işini və ya məvacibini itirməkdən qorxduğu üçün özünü əsassız olaraq öz sağlamlığına təhlükə yaradan şəraitdə işləməyə məcbur hiss etməməlidir.
  • Təminatlı ödənişli xəstəlik məzuniyyəti, genişləndirilmiş işsizlik müavinətləri və ümumi əsas gəlir kimi birbaşa iqtisadi yardım tədbirləri ölkəni böhranın kəskin nəticələrindən qorumağa kömək edə bilər.

Gizlilik

  • Sağlamlıq monitorinqinə insanların davranışlarını və hərəkətlərini izləyən və onlara nəzarət edən bir sıra mexanizmlər daxildir. Bu cür nəzarət və monitorinq xüsusi olaraq ictimai sağlamlığın konkret məqsədləri ilə əlaqəli olmalı və onlara nail olmaq üçün istifadə olunmalı, habelə, konkret bir vəziyyətdə olduğu kimi, həm müddət, həm də miqyas baxımından məhdudlaşdırılmalıdır.

Gender

  • Böhranın qadın və qızlara qeyri-mütənasib təsirinin aradan qaldırılması üçün məqsədyönlü tədbirlərin görülməsi vacibdir. Qadınların və qızların məişət qayğılarının artması ilə üzləşəcəkləri ehtimal olunur ki, bu da onların əlavə stress yaşamasına səbəb olacaq və potensial olaraq yoluxma riskini artıracaqdır.
  • Bir çox ölkələrdə qadınlar iş sektorunda da qeyri-mütənasib risklərlə üzləşə bilərlər, çünki burada qadınların bir çoxu qeyri-formal sektorda (məsələn, ev qulluqçuları, dayələr, kənd təsərrüfatı işçiləri və ya ailə biznesinə dəstək işçiləri) çalışırlar və öz işlərini itirənlər və ya böhranın nəticələrindən əziyyət çəkənlər arasında ön sıralarda ola bilərlər. Həmçinin onların sosial təminatının, tibbi sığortasının və ya ödənişli məzuniyyətinin olmadığını nəzərə alsaq, onlar böhranın nəticələrindən əziyyət çəkə bilərlər. Bir çox qadınlar, həmçinin hazırda məhdudlaşdırılmış olan uşağa qulluq xidmətlərinin əlçatanlığından və mövcudluğundan asılıdır ki, bu da onların işləmək və gəlir əldə etmək qabiliyyətini daha da məhdudlaşdırır.
  • Yaşlı qadınlar daha çox yoxsulluq və ya aşağı pensiya ilə və ya ümumiyyətlə pensiya olmadan yaşayırlar ki, bu da virusun təsirini ağırlaşdıra və onların mallar, ərzaq, su, informasiya və tibbi xidmətlərə çıxışını məhdudlaşdıra bilər.
  • İctimai sağlamlıq sahəsində məhdudlaşdırıcı tədbirlər, o cümlədən karantin, onların cinsi zorakılığa, xüsusilə də cinsi tərəfdaşı tərəfindən zorakılığa və məişət zorakılığına məruz qalması hallarını artırır. Cinsi zorakılıq qurbanlarına dəstək vermək və onlara müalicə üçün effektiv istiqamətlər də daxil olmaqla, təhlükəsiz sığınacaqlar təqdim etmək, eləcə də qurbanların təhlükəsizliyinin təmin edilməsi yollarının mövcudluğu və əlçatanlığını təmin etmək prioritet qaydada vacibdir. COVID-19 ilə bağlı mesajlara qaynar xətlər və onlayn xidmətlər haqqında məlumatlar daxil edilməlidir.
  • Cinsi və reproduktiv sağlamlıq sahəsində xidmətlər həyati əhəmiyyətli prioritet, habelə, kontrasepsiya, ana və yenidoğulmuşlara qulluq, cinsi yolla keçən infeksiyaların (CYKİ) müalicəsi, təhlükəsiz abort və effektiv müalicə istiqamətləri daxil olmaqla, cavab tədbirlərinin ayrılmaz hissəsi kimi qəbul edilməlidir. Qadın və qızların hüquqlarına və həyatına təsir göstərə biləcək cinsi və reproduktiv sağlamlıq sahəsində əsas xidmətlərdən resursları yayındırmamaq üçün səy göstərilməlidir.

Su təchizatı və kanalizasiya

  • Əllərin sabun və təmiz su ilə yuyulması COVID-19 virusundan qorunmada ilk addımdır, lakin 2,2 milyard insanın təhlükəsiz su xidmətlərinə çıxışı yoxdur. Su çatışmazlığından əziyyət çəkən insanlar da daxil olmaqla, əhalinin həssas qruplarının tələbatının ödənilməsi COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə müvəffəqiyyətin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
  • Kömək edə biləcək təxirəsalınmaz tədbirlərə sudan istifadəyə görə ödəniş qəbzini ödəyə bilməyənlərin suyunun kəsilməsinin qadağan edilməsi, yoxsulluq içərisində yaşayan insanlara və gözlənilən iqtisadi çətinliklərdən əziyyət çəkənlərə böhran dövründə pulsuz su təchizatı daxildir.
Tədbirlər
iyun 2020
123
4
567
891011121314
15161718192021
22232425262728
293012345
04 iyun / Cümə axşamı
Bizi izləyin: