Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi

BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) 1 yanvar 2016-cı il tarixdə rəsmi şəkildə qüvvəyə minib. Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni Məqsədlər fonunda, qarşıdakı on beş il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklər.

“Qlobal Məqsədlər” kimi də tanınan DİM-lər Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Yeni DİM-lərin özünəməxsusluğu onların bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsində əks olunur. DİM-lər təsdiq edir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir.

DİM-lərin icrası hüquqi baxımdan icbari xarakter daşımasa da, Hökumətlərdən bu 17 məqsədi qəbul etmək və onlara nail olmaq üçün milli çərçivələr yaratmaq gözlənilir. Ölkələrin əsas öhdəliyi DİM-lərin icrasında əldə olunan irəliləyişi izləmək və təhlil etməkdir. Bunun üçün keyfiyyətli və əlçatan məlumatların vaxtında toplanması tələb olunur. DİM-lərin icrasının regional səviyyədə izlənməsi və təhlili isə milli səviyyədə aparılan təhlillərə əsaslanacaq və qlobal səviyyədə izləmə və təhlil işində istifadə olunacaq.

Tez-tez verilən suallar

Dayanıqlı inkişaf nədir?

  • Dayanıqlı inkişaf dedikdə, gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanına xələl gətirmədən, bugünkü ehtiyacların qarşılanmasına imkan verən inkişaf nəzərdə tutulur.
  • Dayanıqlı inkişaf insanlar və planet üçün inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərməyə çağırır.
  • Dayanıqlı inkişafa nail olmaq üçün, üç təməl element bir-biri ilə uzlaşdırılmalıdır: iqtisadi artım, inklüziv cəmiyyət və ətraf mühitin mühafizəsi. Bu elementlər bir-biri ilə qarşılıqlı əlaqəlidir və hamısı fərdlərin və cəmiyyətlərin rifahı üçün vacibdir.
  • Yoxsulluğun bütün formalarının və ölçülərinin aradan qaldırılması dayanıqlı inkişaf üçün inkarolunmaz şərtdir. Buna nail olmaq üçün, hamı üçün daha böyük imkanlar yaradan, bərabərsizlikləri azaldan, ilkin yaşayış standartlarını yüksəldən, ədalətli sosial inkişaf və inklüzivliyə şərait yaradan və təbii ehtiyatların və ekosistemlərin inteqrasiyalı və dayanıqlı şəkildə idarə olunmasını təşviq edən dayanıqlı, inklüziv və hər kəs üçün bərabər imkanlar yaradan iqtisadi artım təşviq olunmalıdır.

Dayanıqlı İnkişaf Məqsədlərin icrası hüquqi baxımdan icbaridirmi?

  • Xeyr. Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) hüquqi baxımdan icbari xarakter daşımır.
  • Bununla belə, hökumətlərdən bu 17 məqsədi qəbul etmək və onlara nail olmaq üçün milli çərçivələr yaratmaq gözlənilir.
  • DİM-lərin icrası və nəticələri ölkələrin dayanıqlı inkişafla bağlı öz siyasət, plan və proqramlarından asılı olacaq.
  • Ölkələrin başlıca öhdəliyi qarşıdakı 15 il ərzində DİM-lərə və hədəflərə nail olma sahəsində əldə olunan irəliləyişi milli, regional və qlobal səviyyələrdə izləmək və təhlil etməkdir.
  • İrəliləyişin milli səviyyədə izlənməsi ilə bağlı tədbirlər üçün vaxtlı-vaxtında keyfiyyətli və əlçatan məlumatların toplanması, eləcə də regional səviyyədə DİM-lərin icrasının izlənməsi və təhlili tələb olunur.

Dayanıqlı İnkişaf Məqsədləri necə icra olunacaq?

  • İnkişaf üçün Maliyyələşdirmə üzrə Üçüncü Beynəlxalq Konfransda qəbul edilmiş Əddis-Əbəbə Fəaliyyət Proqramı yeni gündəliyin icrasına dəstək üçün görülməli olan konkret siyasət və tədbirləri müəyyən edib.
  • DİM-lərin icrası və nəticələri ölkələrin dayanıqlı inkişafla bağlı öz siyasət, plan və proqramlarından asılı olacaq və bu prosesə ölkələrin özləri rəhbərlik edəcək. DİM-lər ölkələrin planlarını onların qlobal öhdəliklərinə uyğunlaşdırmaq üçün kompas kimi çıxış edir.
  • Milli səviyyədə qəbul olunmuş və ölkələrin özlərinin rəhbərlik etdiyi dayanıqlı inkişaf strategiyaları üçün resursların cəlb olunması və maliyyələşməyə dair strategiyalar tələb olunur.
  • Bütün maraqlı tərəflərin, o cümlədən hökumətlərin, vətəndaş cəmiyyətinin, özəl sektorun və digərlərinin yeni gündəliyin icrasına töhfə verməsi gözlənilir.
  • Milli tədbirlərə dəstək üçün qlobal səviyyədə tərəfdaşlığın canlandırılması tələb olunur. Bu, 2030-cu il Gündəliyində də təsdiq olunur.
  • Çoxsaylı maraqlı tərəflərin cəlb olunduğu tərəfdaşlıqlar bütün maraqlı tərəflərin yeni gündəliyin ətrafında bir araya gəlməsinə yönələn strategiyaların vacib komponentlərindən biri kimi təsdiq olunub.

Dayanıqlı inkişaf məqsədlərinin monitorinqi necə aparılacaq?

  • Qlobal səviyyədə, yeni gündəliyə daxil olan 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM-lər) və 169 hədəfin monitorinqi və təhlili üçün qlobal göstəricilər çərçivəsindən istifadə olunacaq.
  • Monitorinq prosesinə dəstək üçün hökumətlər də öz milli göstəricilərini işləyib hazırlayacaqlar.
  • Üzv Dövlətlərin statistika orqanlarının rəhbərləri hər hədəf üçün 2 göstərici hazırlamaq məqsədilə hədəflərin müəyyənləşdirilməsi üzərində çalışırlar. Ümumilikdə hədəflər üçün 300-ə yaxın göstərici olacaq. Hədəflər üst-üstə düşən məsələləri əhatə etdikdə, göstəricilərin sayı daha aşağı ola bilər.
  • Baş Katibin hər il hazırlayacağı “DİM-lərin icrasında əldə olunan irəliləyiş haqqında hesabat” DİM-lərin icrasının izlənməsi və təhlili prosesində istifadə olunacaq.
  • BMT-nin dayanıqlı inkişaf üzrə Yüksək səviyyəli Siyasi Forumunun illik iclasları qlobal səviyyədə DİM-lərə doğru əldə olunan irəliləyişin təhlilində mərkəzi rol oynayacaq. DİM-lərin icra vasitələri İnkişaf üçün Maliyyələşdirmə üzrə Üçüncü Beynəlxalq Konfransın yekun sənədi olan Əddis-Əbəbə Fəaliyyət Proqramında göstərildiyi kimi, monitorinq və təhlil ediləcək. Burada məqsəd yeni dayanıqlı inkişaf gündəliyinə dəstək üçün maliyyə resurslarının səmərəli şəkildə cəlb olunmasını təmin etməkdir.

Dayanıqlı inkişaf gündəliyinin icrası üçün nə qədər maliyyə tələb olunur?

  • İcra vasitələri, o cümlədən dayanıqlı inkişaf gündəliyinə nail olmaq üçün maliyyə resurslarının necə cəlb olunması yeni gündəliyin təməl elementlərindən biridir.
  • Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM-lər) nail olmaq üçün həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə əsaslı sərmayə tələb olunur. Bu gündəlik üçün kifayət qədər iri həcmdə – trilyonlarla dollar həcmində maliyyə resursları tələb olunur.
  • Lakin bu resurslar artıq mövcuddur. Yeni gündəliyi maliyyələşdirmək üçün dünyada tələb olunandan da çox resurs toplanıb. Sərmayələr elə yönləndirilməlidir ki, dayanıqlı inkişafa dəstək göstərə bilsinlər. Bu, DİM-lərə nail olmaq üçün vacib şərtlərdən biridir.
  • Resurslar daxili və beynəlxalq mənbələrdən, eləcə də özəl və dövlət sektorlarından cəlb olunmalıdır.
  • Ən çox ehtiyacı olan ölkələrin, o cümlədən ən az inkişaf etmiş ölkələrin dayanıqlı inkişafa nail olmalarına kömək etmək üçün rəsmi inkişaf yardımı hələ də zəruridir.

İqlim dəyişikliyi ilə dayanıqlı inkişaf arasındakı əlaqə nədən ibarətdir?

  • İqlim dəyişikliyinin əhalinin sağlamlığı, qida və su təhlükəsizliyi, miqrasiya, sülh və təhlükəsizliyə təsirləri artıq özünü göstərir. İqlim dəyişikliyinə nəzarət edilməzsə, o, ötən onilliklər ərzində inkişafla bağlı əldə etdiyimiz nailiyyətlərin itirilməsinə səbəb olmaqla yanaşı, gələcək nailiyyətlərin qazanılmasını da mümkünsüz edəcək.
  • Dayanıqlı inkişafa sərmayə “istixana” effekti yaradan qazların emissiyasını azaltmaqla və iqlimin davamlılığını gücləndirməklə iqlim dəyişikliyinin qarşısını almağa kömək edir.
  • Öz növbəsində, iqlim dəyişikliyinə qarşı tədbirlərin görülməsi isə dayanıqlı inkişafa təkan verir.
  • İqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişafın gücləndirilməsi bir sikkənin bir-biri ilə vəhdət əmələ gətirən iki üzü kimidir: yəni, iqlim dəyişikliyinə qarşı tədbirlər görmədən dayanıqlı inkişafa nail olmaq mümkün deyil. Öz növbəsində, DİM-lərin bir çoxu iqlim dəyişikliyinə təkan verən əsas səbəblərin aradan qaldırılmasına yönəlir.

Dayanıqlı İnkişaf Məqsədləri ilə Minilliyin İnkişaf Məqsədləri arasındakı fərqlər hansılardır?

  • 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) və onların ümumilikdə 169 hədəfi miqyasına görə Minilliyin İnkişaf Məqsədlərindən (MİM-lər) daha geniş olub, yoxsulluğun özülündə dayanan səbəblərin aradan qaldırılmasına və hamı üçün faydalı olan universal inkişaf ehtiyacının qarşılanmasına yönəlir. DİM-lər dayanıqlı inkişafın üç ölçüsünü əhatə edir: iqtisadi artım, inklüziv cəmiyyət və ətraf mühitin mühafizəsi.
  • MİM-lərin əldə etdiyi uğurlara və irəliləyişə söykənən yeni qlobal məqsədlərin əhatə dairəsi daha genişdir. Onlar bərabərsizlik, iqtisadi artım, layiqli iş, şəhərlər və yaşayış məskənləri, sənayeləşmə, okeanlar, ekosistemlər, enerji, iqlim dəyişikliyi, dayanıqlı istehlak və istehsal, sülh və ədalət məsələlərinə yönələn hədəflərə malikdir.
  • Yeni Məqsədlər universal xarakter daşıyır və bütün ölkələrə şamil olunur, MİM-lər isə yalnız inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulmuşdu.
  • DİM-lərin təməl xüsusiyyətlərindən biri onların icra vasitələrinə, o cümlədən maliyyə resurslarının cəlb olunması, potensialın yaradılması və texnologiyaya, eləcə də məlumatlara və təsisatlara xüsusi diqqət yetirməsidir.
  • Yeni Məqsədlər dayanıqlı inkişaf və yoxsulluğun aradan qaldırılması üçün iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini təsdiq edir. 13-cü Dayanıqlı İnkişaf Məqsədi iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə üçün təxirəsalınmaz tədbirlərin görülməsini təşviq etmək məqsədini güdür.
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: