BMT-nin qida eksperti Azərbaycanın inkişaf edən fermerlik sektorunda kiçik fermerlərin dəstəyə ehtiyacı olduğunu bildirib

UN Special Rapporteur shares the mission statement to media. Photo / UN DGC

CENEVRƏ / BAKI, 11 oktyabr 2019 – Ölkəyə səfər edən BMT-nin insan hüquqları üzrə eksperti Hilal Elver bildirdi ki, son 20 il ərzində yüksək iqtisadi artım və sosial sahədə həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycan yüksək nəticələr göstərən yuxarı orta gəlirli ölkəyə çevrilib, lakin ölkə, iqtisadiyyatını şaxələndirmək üçün səylər göstərməli və kiçik fermerlərə dəstək verməlidir.

“Azərbaycan iqtisadiyyatının neft və təbii qaz hasilatından geniş şəkildə asılılığı üzündən həssas vəziyyətdə olması qeyri-neft sektoruna daha çox sərmayə yatırmaqla diversifikasiyanı təmin etməyin zəruriliyini daha qabarıq göstərir,” BMT-nin qida hüququ üzrə Xüsusi Məruzəçisi xanım Elver 11 günlük səfərinin yekununda ilkin bəyanatını təqdim edərək söyləyib.

“Hökumət iqtisadi sabitliyi təmin etmək məqsədilə ölkənin aqrar potensialını inkişaf etdirmək və məhsuldarlığı artırmaq üçün səylər göstərir. Ancaq bu işlər hələ də erkən mərhələdədir və bu sahədə insan hüquqlarına əsaslanan yanaşma təmin edilməlidir ki, ölkənin regionlarının və fərqli etnik mənsubiyyəti olan insanların ehtiyacları və ənənələrini nəzərə alan dayanıqlı inkişaf əldə edilsin.

“Son iki il ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi kimi yeni təsisatların yaradılması istiqamətində Azərbaycan təqdirəlayiq addımlar atıb, kənd təsərrüfatı, ərzaq və qida təhlükəsizliyi sahələrini inkişaf etdirmək üçün yeni qanunlar, siyasət və proqramlar qəbul edib. Hazırda əsas məsələ, müvafiq vəsaitin ayrılmasını təmin edərək bu məqsədləri həyata keçirmək, habelə cəmiyyətin bütün təbəqələrinin bəhrələnəcəyi iqtisadi artıma nail olmaqdır” – deyə xanim Elver bildirib.

Xüsusi Məruzəçi qeyd edib ki, müsbət nailiyyətlərin əldə edilməsinə baxmayaraq, Azərbaycanın iqtisadi sərvəti əhali arasında bərabər bölüşdürülməyib. Bütün dünyada qeyri-bərabərlik yoxsulluq, aclıq və zəif qidalanmanın aradan qaldırılması yolunda əsas maneələrdən biridir, ekspert vurğulayıb.

“Azad bazar istisadiyyatına keçid son illərdə ölkənin əhəmiyyətli dərəcədə irəliləməsinə töhfə versə də, bu artım hamını kifayət qədər əhatə etməmiş və bütün cəmiyyət artımdan bəhrələnməmişdir.

“Növbəti onillik həlledici əhəmiyyət kəsb edəcək. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından, Azərbaycan özü-özünü təmin edə bilmək üçün səylər göstərməli və kənd təsərrüfatı sahəsində böyük güclərdən və şirkətlərdən asılı olmamaq üçün bu sahədə müstəqilliyini gücləndirməlidir. Buna nail olmaq üçün kiçik fermerlərin bazarda rəqabət qabiliyyətini gücləndirmək həlledici əhəmiyyət kəsb edir.

“Fermer təsərrüfatlarının təxminən 90%-i kiçik ölçüdədir və bu kiçik təsərrüfatlar kənd təsərrüfatı torpaqlarının 85%-ni təşkil edir. Torpaq sahələri kiçik olduğundan, əsasən, bir-üç hektar arası, habelə assosiasiyalar mövcud olmadığından, bu fermerlər bazarlara çıxarkən çoxsaylı çətinliklərlə üzləşirlər və böyük aqro bizneslərlə rəqabət aparmalı olurlar. Bir çox hallarda, məhsulların “sahədə ödənilən” ilkin topdansatış qiymətləri və istehlakçıların ödədiyi qiymət arasında əhəmiyyətli fərq olur.

“Kiçik fermerlər son dərəcə həssas vəziyyətdədirlər və çox zaman öz fermer təsərrüfatları hesabına dolanışıqlarını təmin edə bilmirlər. Ailələrinin ehtiyaclarını təmin etmək üçün onlar neft və xidmət sektorunda günəmuzd işləməyə məcburdurlar. İctimaiyyətlə məsləhətləşmələrin aparılmaması vəziyyəti yaxşılaşdırmaq üçün göstərilən səylərə mane olur. İctimai iştirakçılıq olmazsa, kənd təsərrüfatı sektorunda insanların real ehtiyacları, eləcə də ətraf mühit və istehsal ilə bağlı real ehtiyaclar, proqram və layihələrdə düzgün nəzərə alına bilməyəcək.

“Bir çox fermerlər ağır su çatışmazlığı və ekoloji çirklənmə ilə üzləşirlər – bu, xüsusilə Ermənistan tərəfdən sərhədi keçərək ölkəyə axan çaylarda müşahidə edilir. Keyfiyyətli toxum, müasir suvarma sistemləri kimi münasib kənd təsərrüfatı avadanlığının əlçatan olmaması kimi problemlər, habelə məhsulun satışı və bazara çıxarılması üçün emal edilməsində çətinliklər var. Eyni zamanda, fermerlər kredit və subsidiyaların əldə edilməsi baxımından tez-tez maliyyə çətinlikləri ilə üzləşirlər” – deyə xanım Elver bildirib.

“Bundan başqa, iqlim dəyişmələri, sənaye müəssisələrinin havanı kəskin çirkləndirməsi və istehsalı artırmaq üçün pestisidlərin izafi istifadəsi ekoloji çətinlikləri daha da ağırlaşdırır. İstifadə müddəti bitmiş təhlükəli pestisidlərin zərərsizləşdirilməsində, eləcə də suyun çirklənməsi, torpaqların deqradasiyası ilə bağlı çətinliklər var, biomüxtəliflik və meşələrin qorunub saxlanılması sahələrində mühüm çağırışlar mövcuddur.”

Xüsusi Məruzəçisi vurğulayıb ki, Azərbaycanda yoxsulluğun səviyyəsini dəqiq hesablamaq üçün daha keyfiyyətli məlumatların toplanılmasına və qida, təhsil, səhiyyə, yaşayış yeri ilə bağlı hüquqların təmin olunub-olunmadığını müəyyən etməyə ehtiyac var.

Xanım Elver bildirib: “Əgər hökumət ölkənin insan kapitalını təhsil vasitəsilə inkişaf etdirmək, kənd təsərrüfatı siyasətlərində insan hüquqlarına əsaslanan yanaşmanı təmin etmək və ictimaiyyətlə, xüsusilə qadınlar, uşaqlar, kənd əhalisi və əlilliyi olan insanlar kimi həssas qruplarla konstruktiv məsləhətləşmələr aparmağa hazırdırsa, dayanıqlı inkişafa nail olmaq mümkündür. Əgər bu istiqamətdə iş aparılarsa, Azərbaycan əldə etdiyi nailiyyətlər və islahatları sayəsində yüksək səviyyədə qiymətləndirilməyə layiq olacaq”.

Xüsusi Məruzəçisi 1-11 oktyabr tarixlərində Bakı, Quba və Gəncəyə səfər edib. O, fermerlər, xalça toxucuları, qadın sahibkarlar, beynəlxalq inkişaf agentliklərinin nümayəndələri, dövlət internat məktəbində əlilliyi olan uşaqlar, eləcə də yerli və mərkəzi hökumət rəsmiləri ilə görüşlər keçirib.

2020-ci ilin mart ayında, Cenevrədə Xüsusi Məruzəçisi ətraflı hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.

SON

 

Xanım Hilal Elver (Türkiyə) 2014-cü ildə İnsan Hüquqları Şurası tərəfindən Qida Hüququ üzrə Xüsusi Məruzəçi təyin edilmişdir. O, tədqiqatlar üzrə professor, “Qlobal və Beynəlxalq Araşdırmalar” üzrə Orfalea Mərkəzi tərəfindən həyata keçirilən qlobal iqlim dəyişikliyi, insan təhlükəsizliyi və demokratiya layihəsinin həmdirektorudur, o cümlədən Kaliforniya Universitetinin Los Anceles Hüquq Məktəbinin (KULA) Resnik Qida Hüququ və Siyasət Mərkəzində qlobal səviyyəli tədqiqatçı kimi çalışır.

Xüsusi məruzəçilər İnsan Hüquqları Şurasının Xüsusi Prosedurlar mexanizminin bir hissəsidir. BMT-nin insan hüquqları sistemində ən böyük müstəqil mütəxəssislər qurumu sayılan “Xüsusi Prosedurlar”, Şuranın müəyyən ölkənin vəziyyətini, yaxud dünyanın bütün yerlərində tematik məsələləri araşdıran müstəqil fakt araşdırıcı və monitorinq mexanizminin ümumi adıdır. Xüsusi prosedurlara aid ekspertlər könüllü əsaslarla işləyir. Onlar BMT işçisi hesab edilmir və icra etdiyi işə görə əmək haqqı almırlar. Onlar hər hansı hökumətdən və ya təşkilatdan müstəqildir və fərdi qaydada xidmət göstərirlər.

BMT-nin İnsan Hüquqları, ölkə üzrə səhifə – Azərbaycan

Əlavə məlumat və mətbuatdan suallar üçün aşağıdakı qaydada əlaqə saxlayın:

Azərbaycanda (səfərdə olarkən): xanım Patrisiya Varela (+41 792 010119 / pvarela@ohchr.org)

Mətbuat üçün əlaqə, Azərbaycan: xanım Leyla Qurbanova (+994 55 914 6490 / leyla.gurbanova@unic.org)

BMT-nin digər müstəqil ekspertlərinə dair mətbuat suallarına gəldikdə, aşağıdakı qaydada əlaqə saxlayın: cənab Ceremi Lourens, BMT-nin İnsan Hüquqları – mətbuat bölməsi (+41 22 917 9383 / jlaurence@ohchr.org)

BMT-nin müstəqil insan hüquqları ekspertlərinə dair xəbərləri tvitterdə izləyin@UN_SPExperts.

Yaşadığımız dünyanın taleyi sizi narahat edirsə, İnsanların hüququ naminə bu gün HƏRƏKƏTƏ KEÇİN. #Standup4humanrights və internet səhifəyə daxil olun http://www.standup4humanrights.org

 

 

 

 

Tədbirlər
oktyabr 2019
30123456
78910111213
14
151617181920
21222324252627
28293031123
14 oktyabr / Bazar ertəsi
Bizi izləyin: