BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzainin Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin Təqdimat Mərasimində Çıxışı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, hörmətli cənab Azay Quliyev;

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, hörmətli cənab Əli Həsənov;

Hörmətli Milli Məclis sədrinin müavini, xanım Bahar Muradova;

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, hörmətli cənab Ülvi Mehdiyev;

 

Xanımlar və cənablar,

İlk növbədə mən, “SƏLİS” – Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimat mərasimində çıxış etmək imkanı yaratdığına və dəvətinə görə cənab Azay Quliyevə dərin minnətdarlığımı bildirirəm.

Vətəndaş cəmiyyəti təşkilatları üçün 20 yeni elektron xidmət təqdim edərək Şura, fəaliyyətinin şəffaflığını, hesabatlılığını və səmərəliliyini təmin etməkdə irəliyə doğru önəmli bir addım atır.

BMT-nin baş katibi Antonio Quterreşin dediyi kimi: “Dövlət xidməti Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün vacib bir komponentdir. Biz, yeni yanaşmalara başlamalı, fərqli işləməli, risk almalı və yeniliklər etməliyik. Bu, daha çevik, səmərəli və əməkdaşlığa açıq dövlət xidmətlərinin yaradılması üçün texnoloji yeniliklərin potensialından istifadə etmək deməkdir.”

Həqiqətən də, yaxşı nəticələr verən və xalqın etimadını qazanmağa qadir olan idarəetməyə ehtiyacımız var; düzgün əlaqələndirilmiş və hesabatlı olan; inklüziv və ölkənin bütün vətəndaşlarını dinləyən; insan hüquqlarını qoruyan və heç kəsi kənarda qoymayan bir idarəetmə.

“SƏLİS”, yalnız Şuranın funksiyalarını təkmilləşdirmək üçün rəqəmsal texnologiyaların və elektron idarəetmənin müsbət tranformasiyasına yönəlmiş bir təşəbbüs deyil, həm də vətəndaş cəmiyyəti təşkilatlarının yeni texnologiyalardan faydalanacağı və onların fəaliyyətinə təsir göstərə biləcəyi bir təşəbbüsdür.

Xüsusi vurğulamaq istərdim ki, institusional potensialın, eləcə də effektiv dövlət və sosial xidmətlərin gücləndirilməsi 2016-2020-ci illər üçün BMT-Azərbaycan tərəfdaşlıq çərçivəsinin strateji istiqamətlərindən biridir.

BMT agentliklərinin ölkədə fəaliyyəti müddətində, Azərbaycanın institusional inkişafına və bununla bağlı yaxşı idarəetməyə töhfə verib.

BMT Dövlət Xidmətləri Mükafatını qazanan ASAN da daxil olmaqla, hökumətin göstərdiyi xidmətlərdə informasiya kommunikasiya texnologiyalarının və avtomatlaşdırılmış prosedurların genişləndirilməsini dəstəkləyən bir neçə nümunə mövcuddur.

Bizim dəstəyimiz xidmətlərin göstərilməsi və vətəndaşların hüquqlarının qorunması yolu ilə dövlət sektorunda səmərəliliyə, şəffaflığa və hesabatlılığa töhfə verib.

2018-ci ildə Tərəfdaşlıq Çərçivəsi, sosial xidmətlərin cəmiyyətin bütün üzvləri, o cümlədən uşaq, qadın və əlil insanlar üçün əlçatan olmasını təmin etmək məqsədilə hökumətə dəstəyini davam etdirib.

Məcburi köçkün, qaçqın, eləcə də əhalinin digər aztəminatlı qruplarına, səyyar hüquqi yardım imkanları yaxud uşaqların müdafiəsi üzrə daha yaxşı əlaqələndirilmiş sistemlər vasitəsilə çatmaq üçün daha səmərəli və innovativ yolların axtarışı da bu dəstək sisteminə aid idi.

Vətəndaş cəmiyyəti təşkilatları (VCT) qlobal gündəliyin milli prioritetlərə çevrilməsində, şəbəkələr və onların üzvləri vasitəsilə fəaliyyət göstərməkdə həlledici rol oynayır.

Öz növbəsində, VCT-lər tərəfdarları və birgə çalışdıqları vətəndaşlar vasitəsilə bu milli prioritetlərin əyalət, regional və yerli səviyyədə insanların real yaşayış ehtiyaclarını əks etdirməsini təmin edir.

Bundan başqa, VCT-lər hökumətlərə, öz proqramlarının həyata keçirilməsi, xidmətlərin göstərilməsi, tədqiqatların aparılması və məlumatların toplanmasında, hökumətlərin öz öhdəliklərinin yerinə yetirməsinə görə məsuliyyətə cəlb edilməsində, eləcə də dəyişikliklər, o cümlədən DİM-lərlə bağlı təbliğat aparmaqda mühüm rola malikdir.

QHT-lərə Dövlət Dəstəyi Şurasının təqdim etdiyi daha rahat və əlverişli elektron xidmətləri Azərbaycanda qrant, müraciət, monitorinq, qiymətləndirmə, müqavilələrin bağlanması və digər məsələlərdə ərizələrin verilməsinin sürətləndirilməsi baxımından vətəndaş cəmiyyəti təşkilatlarının işini xeyli asanlaşdıracaq.

Bir daha Şuranı “SƏLİS” sisteminin işə salınması münasibətilə təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayıram.

Təşəkkür edirəm!

Tədbirlər
noyabr 2019
28293031123
45678910
111213141516
17
18192021222324
2526272829301
17 noyabr / Bazar
Bizi izləyin: