BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzainin “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” beynəlxalq konfransında çıxışı

Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri cənab Hüseyn Bağırov,

Professor və tələbələr,

Hörmətli qonaqlar,

 

Bu gün “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” mövzusunda keçirilən bu Beynəlxalq Konfransda olmağım mənim üçün böyük şərəfdir.

Qərbi Kaspi Universitetinə, xüsusilə Dağ mədəniyyətləri və landşaftları Tədqiqat İnstitutuna və Beynəlxalq Alpinizm və Dağçılıq Federasiyasına bugünkü tədbirin təşkilinə görə təşəkkür edirəm.

Fürsətdən istifadə edərək mərhum ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü münasibəti ilə Azərbaycan hökumətini və xalqını təbrik edirəm.

Hörmətli qonaqlar,

Mənim üçün “Dağ” sözü doğma ölkəm Əfqanıstanı xatırladır və dağlarla əhatələnən bir şəhər olan Kabuldakı uşaqlığımın keçmiş xatirələrini yadıma salır.

Əfqanıstanda Hindu Kuş dağlarını tərk etdikdən sonra mənim dağlara olan sevgim və bağlılığım bitmədi. Belə ki, BMT karyeram məni Himalayın Pakistan, Nepal və Tacikistanda yeni yüksəkliklərinə, Yəmənin Səna şəhərində Cəbəl Al Şuaib dağlarına, İraqın Kürdüstan bölgəsində Zaqros dağlarına, indi isə Azərbaycanda Qafqaz dağlarına gətirib çıxardı.

Böyük ekoloji, mədəni və sosial-iqtisadi dəyəri ilə yanaşı, dağlar insanın mənəvi və ruh dünyasında da mühüm rol oynayır.

Qədim Yunan, Misir, Çin və digər mifologiyalardan tutmuş Bibliya və Qurani-Kərim kimi müqəddəs kitablarda adı çəkilən dağlar həmişə güc, nüfuz, möhkəmlik, canlılıq, enerji və həyat simvolu olub.

Bu gün dünyada təxminən bir milyard insan dağlıq ərazilərdə yaşayır və insan əhalisinin yarısından çoxu su, qida və təmiz enerji üçün dağlardan yararlanır.

Dağın nəyə görə bizim üçün əhəmiyyətli olduğunu vurğulayım:

  • Dağlar dünyanın “su qüllələri” dir və planetimizin bütün suyunun 60-80% -ni təmin edir.
  • Dağlar qlobal turizmin 15-20 faizini cəlb edir və əhəmiyyətli mədəni müxtəliflik, bilik və miras sahələridir.
  • Dağlar mühüm qida qaynağıdır və kənd təsərrüfatı biomüxtəlifliyinin önəmli mərkəzləridir.
  • Dağlar çox sayda yerli xalqların yuvasıdır. Bir çox dağlıq ərazilər qiymətli biliklərə, ənənə və dillərə malik qədim yerli icmaların yaşayış yeridir.
  • Dağlar dünyanın biomüxtəliflik konsentrasiyasının yarısına sahibdir.
  • Və ən vacibi, dağlar iqlim dəyişikliyinin erkən göstəricilərini özündə əks etdirir.

Ancaq bu əsas məhsul və xidmətlərə baxmayaraq, dağlar hələ də ən az sənədləşdirilmiş və ən az müzakirə mövzusu olan ekosistemlər sırasında qalır.

Bu gün artan qlobal demoqrafik və iqtisadi təzyiq dağlarımızı daha zəif vəziyyətə salır.

Dağlar, iqlim dəyişikliyi, torpaqların deqradasiyası, istismar və təbii fəlakətlərə görə təhlükə altındadır. Bu, dağların populyasiyaları və həm də dünyanın digər hissələri üçün daha uzun müddətli və dağıdıcı nəticələrə gətirib çıxara bilər.

Qlobal iqlim şəraiti istiləşməyə davam edərkən, dünyanın ən ac və ən yoxsullarından olan dağ xalqı həyatda qalmaq üçün daha böyük çətinliklərlə üzləşir.

Dağların planet üçün əsas ekosistem məhsul və xidmətlərini təmin etməkdə mühüm rol oynadığını və onların iqlim dəyişikliyi qarşısında həssas olduğunu nəzərə alaraq, dağların dayanıqlı qorunması və inkişafı üçün tədbir görməli, bu məsələni diqqətdə saxlamalıyıq.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsində strateji sahələrdən olan ətraf mühitin mühafizəsində hökumət, vətəndaş cəmiyyəti, özəl sektor və digər beynəlxalq təşkilatlar kimi yerli tərəfdaşlarla sıx əməkdaşlıq edir.

BMTİP, “Böyük Qafqaz landşaftında dayanıqlı torpaq və meşə idarəçiliyi” kimi müxtəlif layihələr vasitəsilə dağların landşaft dayanıqlılığı və ABAD ilə birgə İsmayıllı və Şamaxının yüksək dağ kəndlərində yerli əhalinin yaşayış şəraiti imkanlarının yaxşılaşdırılmasını dəstəkləyib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bioloji müxtəlifliyin və meşəçiliyin dayanıqlı idarə edilməsinin inteqrasiyasında Azərbaycanı dəstəkləmək üçün yaxından əməkdaşlıq edir.

Qlobal olaraq, BMT dağların həssas ekosistemini qorumaq üçün bir neçə mexanizm və fəaliyyət gündəliklərini qəbul edib.

1992-ci ildə Yer Sammitində qəbul edilən Gündəlik 21, bütöv bir fəsil və tədbirlər proqramını dayanıqlı dağ inkişafına ayırmışdı.

2002-ci ildə Cənubi Afrikada Dayanıqlı İnkişaf üzrə Dünya Sammitində Birləşmiş Millətlər Təşkilatı, dağ xalqlarının həyatlarını yaxşılaşdırmağa və dünyanın dağlıq mühitinin qorunmasına dair Dağ Tərəfdaşlığı beynəlxalq könüllü ittifaqını təsis etdi.

Bu gün Dağ Tərəfdaşlığının hökumət, hökumətlərarası təşkilat və vətəndaş cəmiyyətinin xeyli qruplarından, QHT-lərdən və özəl sektordan 343 üzvü var.

2012-ci ildə Rio+20 Dayanıqlı İnkişaf Konfransında qəbul edilmiş İstədiyimiz Gələcək sənədində Birləşmiş Millətlər Təşkilatının üzv dövlətləri, dağlıq bölgələrdən əldə edilən faydaları sadəcə dayanıqlı inkişaf üçün vacib hesab etmir, həm də həssas dağ ekosistemlərinin iqlim dəyişikliyi və cəmiyyətlərin marjinallaşmasının mənfi təsirlərinə qarşı zəifliyi barədə xəbərdarlıq edir.

2015-ci ildə 2030 Dayanıqlı İnkişaf Gündəliyi xüsusilə, 15-ci məqsəd olan “Torpaq ekosisteminin mühafizəsi”, ölkələri dağların da daxil olduğu torpaq ekosistemlərinin qorunması, bərpası və dayanıqlı istifadəsinin təbliğinə, meşələrin dayanıqlı idarəsinə, səhralaşma, torpaq deqradasiyası və bioloji müxtəliflik itkisinin qarşısını almağa və prosesi faydalı istiqamətə yönləndirməyə səsləyib.

Bütün bu tədbirlər və çərçivə sənədləri üzv dövlətləri, bütün əlaqədar tərəflərin əməkdaşlığı, iştirak və təcrübə mübadiləsini artırmağa, uzunmüddətli plan qəbul etməyə, milli dayanıqlı inkişaf strategiyalarına dağlara dair siyasətlərini daxil etməyə və dağlıq ərazilərdə icmalar üçün yoxsulluğun azaldılması plan və proqramlarını tərtib etməyə dəvət edir.

Onlar, həmçinin, yerli mədəniyyətlər, ənənə və biliklərin inkişaf siyasətində və planlaşdırılmasında tanınması və daxil edilməsini təmin etmək üçün qadınların roluna xüsusi diqqət yetirərək, dağ populyasiyalarının qərar qəbuletmə proseslərində fəal iştirakını təşviq edirlər.

Bu səbəbdən, məsələnin əhəmiyyətini nəzərə alaraq, Qərbi Kaspi Universiteti və Beynəlxalq Alpinizm və Dağçılıq Federasiyasının növbəti iki gün ərzində təbiətin bu qiymətli hədiyyəsini qorumağı müzakirə etmək, ekosistem və biomüxtəlifliyin formalaşmasında dağların rolunu nəzərdən keçirmək üçün bu konfransı təşkil etməsi çox təqdirəlayiqdir və yüksək qiymətləndirilir.

Əlavə olaraq, bu konfransın nəticəsi tədqiqatlara bünövrə təşkil edəcək və dağlıq bölgələrə təsir edən dəyişikliklərin səbəblərini başa düşməkdə faydalı olacaq.

Uğurlu tədbir arzu edirəm.

Təşəkkürlər!

Tədbirlər
sentyabr 2019
2627282930311
2345678
9101112131415
161718
19
202122
23242526272829
30123456
19 sentyabr / Cümə axşamı
Bizi izləyin: