BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzainin “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik və inklüziyaya doğru” konfransında çıxışı

Zati-aliləri, xanımlar və cənablar

Bu gün əlillərə həsr olunmuş “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik və inklüziyaya doğru” adlı konfransı başlatmaqdan böyük məmnunluq hissi duyuram.

Fürsətdən istifadə edərək, bu üçgünlük tədbiri təşkil etdiyinə görə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinə və Azərbaycan Respublikası Hökumətinə təşəkkürümü bildirirəm.

Cəmiyyətlər, əlilliyi olan insanlar da daxil olmaqla hər kəsin tam iştirakı olmadan Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilməzlər.

BMT-nin “Əlillər tərəfindən, əlillərlə birgə və əlillər üçün DİM-ləri tətbiq etmək” adlı əlillik və inkişafla bağlı əsas hesabatına görə, bir milyard insan, digər sözlə, dünya əhalisinin 15 faizi əlilliyin müəyyən bir növünü yaşayır.

Onların bir çoxu hələ də müasir cəmiyyətdə: fiziki və virtual mühitə çıxışın olmaması, mənfi münasibət, stiqmatizasiya və ayrı-seçkilik, enerjiyə çıxışın olmaması, yardımçı texnologiyalara və reabilitasiyadan istifadə, eləcə də müstəqil yaşamı təşviq etmək üçün tədbirlərin olmaması kimi təcridedici amillərlə qarşılaşırlar.

Əlilliyi olan insanlar gündəlik həyatlarının bir çox nöqtəsində – iş imkanları, əmək haqqı, iş yerləri, müəssisələr, ictimai yerlər və təşkilatlara fiziki giriş, habelə sanitariya qurğuları və yeni texnologiyalardan istifadə məsələlərində çatışmazlıqlar ilə üzləşirlər.

Əgər beynəlxalq ictimaiyyət DİM-lərə nail olmaq üçün öz cəhdində heç kəsi kənarda qoymamaq vədinə əməl etmək istəyirsə, 2007-ci ildə qəbul edilmiş və hazırda Azərbaycan da daxil olmaqla, 177 dövlətin ratifikasiya etdiyi Əlillərin Hüquqları haqqında Konvensiyaya uyğun olaraq, bu məqsədləri əlilliyi olan və ya olmayan hər kəs üçün həyata keçirməlidir.

Lakin Konvensiyanın imzalanması və ratifikasiyası yox, icrası əhəmiyyətlidir.

Mən, Azərbaycanın inklüziv cəmiyyətin təşviqi və əlillik əsaslı ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində atdığı son addımları alqışlayıram.

Azərbaycan 2018-ci ildə əlillərin hüquqları haqqında yeni qanun qəbul edib.

Bu, əlilliyə əsaslanan ayrı-seçkiliyin aradan qaldırılması üçün hüquqi bazanı təmin edir, həmçinin sosial inteqrasiyanı və əlilliyi olan insanların öz həyatlarına dair qərar qəbuletmə prosesinə cəlb edilməsini təşviq edir. Burada, həmçinin əlillərin bərabər imkanlara əsaslanan hüquq və azadlıqları vurğulanır.

2018-ci ildə açıqlanan inklüziv təhsil üzrə yeni Dövlət Proqramı, ümumtəhsil məktəbində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün keyfiyyətli təhsilin vacibliyinə yönəlib.

2018-ci ilin may ayında, prezidentin fərmanı ilə uşaqlıq dövrünə xas olan Əlilliyin Erkən Profilaktikası və Müalicəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. Bu plan, doğuşdan əvvəlki və sonrakı dövrdə, eləcə də  uşaqlığın sonrakı mərhələlərində risk faktorları və xəstəlikləri erkən aşkarlamaqla, uşaqlar arasında əlillik yayılmasının və şiddətinin azaldılmasını hədəfləyir.

Azərbaycanda fəaliyyət göstərən BMT agentlikləri bu cür proqramların həyata keçirilməsinə dəstək vermək üçün hökumət və vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq edir.

UNİCEF, İnklüziv Təhsil üzrə Dövlət Proqramının icrası üçünTəhsil Nazirliyinə dəstək verib. 2015-ci ildən etibarən həyata keçirilən mövcud pilot layihə əsasında, inklüziv təhsildə müəllimlərin işə hazırlığı üçün pedaqoji təhsil paketindən istifadə etməklə inklüziv təhsilə daha kompleks yanaşma hazırlanıb və tətbiq edilib.

UNİCEF əlillik haqda olan təsəvvürlərin tibbi problemdən sosial məsələyə keçməsinə xüsusi diqqət yetirərək əlil uşaqların hüquqlarını təbliğ etməyə davam edib.

Hazırda əlil uşaqların stiqmatizasiyasının, ayrı-seçkiliyin və təcrid olunmasının azaldılmasına və daha inklüziv cəmiyyətin qurulmasına yardım məqsədilə sosial dəyişikliklərlə bağlı hərtərəfli kommunikasiya strategiyası tərtib edilir.

Eyni zamanda, BMT İnkişaf Proqramının dəstəyi ilə 30-a yaxın vətəndaş cəmiyyəti təşkilatı, əlilliyi olan insanlarla əlaqə yarada bilib. Bu işin bir çox nəticələri oldu, lakin əsas təsir Şirvan Regional Uşaq Psixi Sağlamlıq İdarəsinin Şirvan və ətraf 7 rayondan olan 100 minə yaxın məhdudiyyətli uşağa və onların ailələrinə müxtəlif yöndə psixoloji və inkişaf xidmətləri təqdim etməsi idi.

Gender stereotiplərini azaltmaq məqsədi ilə BMT-nin Əhali Fondu, Azərbaycanda əqli qüsuru olan və olmayan qız və gənc qadınlara idman növlərində bərabər imkanlar təmin etmək üçün Xüsusi Olimpiada keçirib. Layihə əqli qüsurlu qızlar üçün inteqrasiya maneələrini aradan qaldırmağa, gender bərabərsizliyi və əlillik stiqmasına qarşı mübarizə aparmağa yönəlib.

Birlikdə biz, maneələri aradan qaldıra və məlumatlılıq səviyyəsini artıra bilərik. Beləliklə, məhdud imkanlı insanlar həm ölkəmizdə, həm də bütün dünyada cəmiyyət həyatının bütün sahələrində hərtərəfli rol oynaya bilərlər.

Birləşmiş Millətlər Təşkilatı əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təşviqi ilə bağlı Azərbaycanın səylərini dəstəkləməyə hazırdır.

Sizə məhsuldar və maraqlı bir konfrans arzulayıram!

Təşəkkür edirəm.

 

 

Tədbirlər
may 2020
27282930123
45678910
11121314151617
18192021222324
2526
27
28293031
27 may / Çərşənbə
Bizi izləyin: