BMT-nin Rezident Əlaqələndiricisi cənab Qulam İshaqzainin Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə çıxış nitqi

Hörmətli Əli Əhmədov! (Azərbaycan Respublikası Baş nazirinin müavini)

Hörmətli Hicran Hüseynova! (Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri)

BMT-ni təmsil edən həmkarlarım!

Zati-aliləri!

Xanımlar və cənablar!

Bu gün bu tədbirdə iştirak etməkdən və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı İdarə Heyəti adından Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə çıxış etməkdən qürur hissi duyuram.

Bu tədbiri təşkil etdiyinə və məni çıxış etməyə dəvət etdiyinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təşəkkürümü bildirmək istəyirəm.

Son 108 ildə 8 Mart Beynəlxalq Qadınlar Günü ölkələrin gender bərabərliyi istiqamətində əldə etdikləri irəliləyişin güclü bir nişanəsinə çevrilib.

BMT-nin qadın məsələləri ilə bağlı keçirdiyi dörd qlobal konfransı ilə gücləndirilmiş və genişlənməkdə olan bu beynəlxalq kampaniya bu ənənə vasitəsilə qadınların hüquqları və onların siyasi və iqtisadi sahələrdə iştirakı üçün dəstəyin gücləndirilməsinə kömək edib.

Nəzərəçarpan uğurların əldə edilməsinə baxmayaraq, dünyada qadınların bütün hüquqlarının təmin edilməsi üçün hələ çox iş görülməlidir. Təəccüblüdür ki, Dünya Bankının son araşdırması nəticəsində dünyada yalnız altı dövlətin qadın və kişilərə onların işlərinə təsir göstərən sahələrdə bərabər hüquqlar verdiyi müəyyən edilib. Bu o deməkdir ki, BMT-yə üzv olan digər 187 dövlət hələ də ölkənin sosial, iqtisadi və siyasi həyatının bütün aspektləri üzrə tam hüquq bərabərliyinin təmin edilməsi hədəfinə nail olmayıb. Buna görə də, bu, sadəcə yoxsul, yaxud az inkişaf etmiş ölkələrdə müşahidə edilən bir fenomen deyil.

BMT olaraq biz başa düşürük ki, bərabərlik və inklüzivlik baxımından biz də öz üzərimizə düşənləri etməliyik. Baş Katib Antonio Quterreşin rəhbərliyi ilə və onun başlatdığı islahatlar nəticəsində BMT tarixində ilk dəfə olaraq təşkilatın yüksək səviyyəli idarəetmə heyətində və BMT-nin qlobal heyətlərinin rəhbərləri, xüsusilə də Rezident Əlaqələndiriciləri arasında qadınların sayı və gender pariteti ən yüksək həddə çatmışdır. Bu uğurun davam etdirilməsi və qarşıdakı onillik ərzində bütün BMT sistemində gender tarazlığına nail olmaq öhdəliyini üzərimizə götürmüşük.

Hörmətli dostlar,

Beynəlxalq Qadınlar Günü həm də əldə edilmiş irəliləyiş barədə düşünmək,  dəyişikliklərə dair çağırış etmək, mənsub olduqları ölkə və icmaların tarixində müstəsna rol oynamış sadə qadınların cəsarət və qətiyyətlərini qeyd etmək üçün əlverişli fürsətdir.

Azərbaycanın tarixi də ilk qadın pilot Leyla Məmmədbəyova, ilk qadın gəmi kapitanı Şövkət Səlimova və ilk qadın rəssam Qeysər Kaşıyeva kimi müstəsna rola sahib qadınlarla doludur. Bu gün biz zati-aliləri Birinci vitse-prezident Mehriban Əliyeva da daxil olmaqla daha çox Azərbaycanlı qadının cəmiyyət üçün bir nümunə ola biləcək istedad, cəsarət və fədakarlığa sahib olduqlarını görürük.

Mən Azərbaycan hökumətini və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasını 5-ci Dayanıqlı İnkişaf Məqsədinin (Gender bərabərliyinin əldə edilməsi və bütün qadın və qızların səlahiyyətlərinin artırılması) bütün hədəf və göstəriciləri milliləşdirdiklərinə görə təqdir edirəm. Bu o deməkdir ki, Azərbaycan qadınlara qarşı ayrı-seçkilik və zorakılığın bütün formalarının aradan qaldırılması və bərabərliyi təmin edən gələcəyin qurulması barədə tam öhdəlik götürmüşdür.

BMT-in Azərbaycandakı sistemi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığını aradan qaldırmaq, erkən və məcburi nikahların qarşısını almaq, gender əsaslı abortu aradan qaldırmaq, hər kəsin cinsi və reproduktiv sağlamlığa çıxış imkanını təmin etmək və qadınların iqtisadi səlahiyyətlərini artırmaq üçün uzun illərdir çiyin-çiyinə işləyir.

Ötən 9 il ərzində Azərbaycan gender bərabərliyini yaxşılaşdırmaq üçün müvafiq qanunvericilik və siyasətlər qəbul etmiş, məsələn, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunu qəbul etmiş, Cinayət Məcəlləsi, Ailə Məcəlləsi və Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilib.

Həmçinin, uzun sürən yubanmalardan sonra reproduktiv sağlamlıq haqqında qanun layihəsinin Milli Məclisin builki yaz sessiyasında müzakirə ediləcəyini bilmək mənim üçün çox xoş oldu.

Lakin bu ölkədəki hər bir kiçik qıza onun hətta dünyaya gəlməmişdən öncə valideynləri tərəfindən cinsinə görə ondan imtina edilməyəcəyinə və onların Azərbaycan bayrağı altında azad və öz seçimi əsasında həyat sürməsinə təminat verənədək işimizi başa çatmış hesab edə bilmərik.

Bütün qızlar bilməlidir ki, cəmiyyət istər reproduktiv hüquqlar, istərsə də əmlak hüquqları olsun, onların insan hüquqlarını eyni qətiyyət və canfəşanlıqla müdafiə edəcəkdir.

Mən, həmçinin, kifayət qədər diqqətin ayrılmadığı bəzi yeni fəaliyyət sahələrini də qeyd edə bilərəm:

  1. dövlət xidmətlərinin təmin edilməsi, infrastruktur və sosial müdafiə siyasətləri vasitəsilə, ödənişsiz qayğı və məişət işlərinin dəyərinin tanınması;
  2. qadınların dövlət və özəl sektordakı bütün qərarvermə səviyyələrində rəhbər vəzifələrə çıxışının təmin edilməsi;
  3. qadınların səlahiyyətlərinin artırılmasının təşviqi üçün mütərəqqi texnologiyalardan, xüsusən də informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməsi.

BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu 2019-cu il Beynəlxalq Qadınlar Günü üçün “bərabər düşün, düşünərək qur, dəyişikliklər üçün innovasiyalar et” şüarını elan edib.

İşlərin ənənəvi qaydada aparılmasına son qoyan innovativ yanaşmalar struktur xarakterli əngəllərin aradan qaldırılması və heç bir qadın və qızın kənarda qalmamasının təmin edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Mən, həmçinin, Azərbaycandakı sənaye liderləri, innovativ startaplar, sosial sahibkarlar, gender bərabərliyi fəalları və yenilikçi qadınları innovasiyaların əngəlləri necə aradan qaldırdığına və gender bərabərliyi istiqamətində irəliləyişi necə sürətləndirdiyinə nəzər salmağa çağırıram.

Sonda mən BMT-nin Azərbaycandakı agentliklərinin Azərbaycan Hökuməti, elm ictimaiyyəti, QHT-lər və biznes subyektləri ilə gender bərabərliyinin əldə edilməsi və Azərbaycandakı qadın və qızların səlahiyyətlərinin artırılması istiqamətində sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirmək istərdim!

Qızlar bacarar!

Təşəkkür edirəm!

Tədbirlər
aprel 2019
1234567
891011121314
15161718192021
22
23
2425262728
293012345
23 aprel / Çərşənbə axşamı
Bizi izləyin: