BMT-nin Rezident Əlaqələndiricisi “Azərbaycanda qadın hüquqları: milli və beynəlxalq qanunvericilik gənclərin gözü ilə” layihəsinin təqdimat mərasimindəki çıxışı

Hörmətli Hicran xanım,

Hörmətli Məlahət xanım,

BMT həmkarları,

Dəyərli qonaqlar,

Qadınlar İctimai Birliyinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, DİM-lər üzrə Milli əlaqələndirmə Şurası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə həyata keçirdiyi bu mühüm layihənin açılış tədbirində olmaqdan məmnunam.

Layihə, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələləri ilə bağlı vəziyyəti dünyanın ciddi düşünməyə başladığı bir dönəmə təsadüf edir. Belə ki, biz qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın 40-cı ildönümünü, Pekin Bəyannaməsinin və Fəaliyyət Platformasının 25-ci ildönümünü, eləcə də 2030-cu il gündəliyinin qəbul olunmasının 5-ci ilini qeyd edirik.

Layihə, gender bərabərliyi, qadınların səlahiyyətləndirilməsi sahəsində Azərbaycanın inkişafı və üzləşdiyi problemlərlə bağlı beynəlxalq öhdəliklərə həsr etdiyi inşa müsabiqəsi vasitəsilə, ölkə daxilində 3000-dən çox məktəbdə gənclər arasında məlumatlılığın artırılmasına kömək edəcək.

Biz şadıq ki, müsabiqə Beynəlxalq İnsan Hüquqları Gününü qeyd edərək dekabrın 7-də başlayacaq.

Bu vacibdir, çünki gender bərabərliyi insan hüquqları ilə bağlıdır.

Eleanor Ruzveltin sözlərinə görə, “universal insan hüquqları çox kiçik yerlərdə başlayır, elə evə yaxın yerlərdə, o qədər yaxın və kiçik ki, onları dünyanın heç bir xəritəsində görmək mümkün deyil. Bu hüquqların yaxınımızda mənası olmadıqca, heç bir yerdə də mənası olmayacaq”.

Pekin gündəliyi insan hüquqlarını o kiçik ərazilərdə yaşatmağı, cəmiyyətin rifahını təmin etmək üçün kənd icmalarında olan qadın və qızların səlahiyyətləndirilməsini bizdən tələb edir.

Bildiyiniz kimi, Pekin Bəyannaməsi və Fəaliyyət Platforması 1995-ci ildə BMT-nin Qadınlar üzrə Dördüncü Dünya konfransında qəbul edilib.

Sənəddə bütün qadın, kişi, qız və oğlanlar üçün daha çox bərabərlik və imkanların təmin edilməsi üçün Azərbaycan da daxil olmaqla, bütün üzv dövlətlərin təcili tədbirlər görməsi üçün 12 əsas sahə qeyd edilib.

Qeyd olunduğu kimi, Azərbaycan Pekin Platformasında Hərtərəfli Milli İcmal Məruzəsini təqdim edən ilk ölkələrdən biri olub.

Məruzədə qadınların ictimai sferada və ailə həyatında hüquqlarını qoruyan inkişaf etmiş qanunvericilik bazasının tətbiqi nəticəsində son on il ərzində əldə edilmiş tərəqqinin əhəmiyyətli sahələri işıqlandırılıb.

20-ci əsrin əvvəlləri ilə müqayisədə, bu gün Azərbaycan kişiləri və qadınları daha uzun ömür sürürlər, savadlıdırlar, daha yetkin yaşda nikaha daxil olurlar, daha az uşaqları var, eləcə də şəhər yaxud kənd yerində yaşamaq üçün, demək olar ki, bərabər şanslara malikdirlər.

Bundan başqa, Azərbaycan qadınlarının böyük hissəsi ev təsərrüfatlarından kənar fəaliyyətlər hesabına gəlir əldə edir.

Şadam ki, BMT ailəsi gender bərabərliyi və ayrı-seçkiliksizliyə dair öhdəliklərini yerinə yetirmək üçün hökumətin əsas strateji tərəfdaşlarından biridir.

Bu günə qədər, qadınlara qarşı zorakılıq, cinsi seçim əsaslı abortlar, uşaq evlilikləri, ictimaiyyətin gender münasibətlərinin dinamikası problemlərinə dair rəyləri və digər mövzularda dəlil və məlumatlar hazırlaya bilmişik.

Biz gender bərabərliyi, məişət zorakılığı, eləcə də kişi və qadınlar üçün minimum nikah yaşının bərabərləşdirilməsi ilə bağlı qanunvericiliyin təsdiqlənməsi üçün uğurlu təbliğatın bir hissəsi olmuşuq.

Biz, gender bərabərliyi və gender əsaslı zorakılıq sahəsində işlək siyasi çərçivənin yaradılması istiqamətində təbliğat səylərimizi davam etdiririk.

Bugünkü mətbuat konfransı, BMT-nin hər il noyabrın 25-dən dekabrın 10-dək Azərbaycan hökuməti ilə birlikdə keçirdiyi gender zorakılığına qarşı 16 günlük fəallıq kampaniyasına təsadüf edir.

Biz, həmçinin, hökumətlə DİM-lərin, xüsusən də 5-ci Dayanıqlı İnkişaf Məqsədinin ölkədə lokallaşdırılması üzrə sıx əməkdaşlıq edirik.

Belə diqqətədəyər tərəqqiyə baxmayaraq, bu bərabərlikçi hüquqi mövqe, təəssüf ki, cinslər arasında siyasi, sosial, iqtisadi və bəzən hətta şəxsi səlahiyyətlərin bölüşdürülməsində adekvat səviyyədə əks olunmur.

Statistik göstəricilərə əsasən, Azərbaycanda qadınlar təhsil, səhiyyə və sosial müdafiə sahələrində işləyənlərin əksəriyyətini təşkil etsələr də, onların çox az hissəsi rəhbər vəzifələrdə çalışır.

Bu, əlbəttə ki, onların həyatına bilavasitə təsir edən məsələlər üzrə qərarlar qəbul etmək imkanından məhrum edəcək.

Ev işlərini görməyə imkanı olması üçün qadınlar hələ də müəllimlik, səhiyyə və katiblik işlərinə uyğun görülür.

Qadınların resurslara çıxışı kişilərlə müqayisədə əhəmiyyətli dərəcədə məhduddur.

Buna görə də, biz gender bərabərliyi və ayrı-seçkiliksiz mühit üçün əlverişli şəraitin yaradılması üzrə praktiki tədbirlərə daha çox yatırım etməliyik.

Məsələn, biz qadınlara və qızlara qarşı zorakılıq və ayrı-seçkilik haqqında bütün məlumatların operativ və hərtərəfli araşdırılmasını, qurbanların və şahidlərin müdafiəsinə yönələn və zorakılıq edənlərin cəzasız qalmamasını nəzərdə tutan bir sistem yaratmalıyıq.

Ölkədə mövcud hüquqi və siyasi çərçivələrin əməli surətdə həyata keçirilməsini təmin etmək üçün bərabər hüquqlu cəmiyyətin ayrı-seçkilikdən azad üstünlükləri barədə məlumatlılığı artırmalıyıq.

 

Əziz Məlahət xanım,

Fürsətdən istifadə edərək gənclərin gender rolları barəsində daha ədalətli fikirlərinin formalaşmasını hədəfləyən bu mühüm təşəbbüsə görə Sizə təşəkkürümü bildirirəm.

Onlardan gələn məlumat və fikirlər siyasətçilər, tədqiqatçılar və fəallar üçün dəyərli məlumat mənbəyi ola bilər.

BMT-nin Azərbaycandakı idarə heyəti adından bütün töhfələrinizə görə təşəkkür edir və bu layihənin uğurla həyata keçirilməsini arzulayıram.

Diqqətiniz üçün təşəkkür edirəm!

 

 

 

Tədbirlər
may 2020
27282930123
45678910
11121314151617
18192021222324
2526
27
28293031
27 may / Çərşənbə
Bizi izləyin: