UNAPF

Bakı şəhərində təşkil olunmuş imzalanma mərasimində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai və Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədini imzalayırlar. BMT-nin fotosu/İyul 2016-cı il

2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədini (UNAPF) Azərbaycanda Birləşmiş Millətlər Təşkilatı sisteminin hazırladığı dördüncü əməkdaşlıq sənədidir. Bu sənəd əsas etibarilə inkişafa yardım üzərində qurulan əməkdaşlıqdan artan potensiala və milli planlaşdırma prosesi ilə daha çox bilik tələb edən, təşviqatyönlü birgə səylərə əsaslanan tərəfdaşlığa keçidi səciyyələndirir. UNAPF Azərbaycana qlobal problemlərin həlli yollarının tapılması və cənub-cənub inkişaf modeli əsasında digər ölkələrə də yardım göstərilməsi üçün dəstək olacaqdır.

UNAPF “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunmuş milli prioritetlərə uyğunlaşdırılıb və mühüm milli inkişaf prioritetləri, habelə 2015-ci ildən sonrakı inkişaf məsələləri və yeni dayanıqlı inkişaf məqsədləri nəzərə alıb.

Bu sənəd iqtisadiyyat naziri və Birləşmiş Millətlər Təşkilatının rezident əlaqələndiricisinin koordinasiya etdikləri əhatəli və ümumi məşvərət qaydasında işlənib hazırlanıb.

2014-cü ilin əvvəlində Azərbaycan Respublikası hökuməti və BMT-nin Azərbaycandakı nümayəndəliyinin dəvət etdiyi milli tərəfdaşlar, inkişaf məsələləri üzrə beynəlxalq partnyorlar, elm ictimaiyyəti, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə UNAPF üçün strateji sahələrin müəyyənləşdirilməsi üzrə məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə BMT-nin Ölkə üzrə İdarə Heyətinin mandatına, mövcud insan, maliyyə və təbii resurslara uyğun olaraq, milli prioritetlərə dəstək göstərmək üçün potensiala malik sahələrə diqqət yetirilmiş, qadınlar, gənclər və əhalinin həssas qruplarının nümayəndələri məsləhətləşmələrə cəlb edilib. Müzakirələr təbii və bərpa olunan resursların səmərəli şəkildə idarə olunması, iqtisadi şaxələndirmə, təhlükələrin, fəlakətlərin və iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlılıq, keyfiyyətli və səmərəli xidmətin təşkili, korrupsiyaya qarşı mübarizə, kənd və şəhər yerlərinin tarazlı inkişafı, gender bərabərliyi, həmçinin qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası da daxil olmaqla insan hüquqlarına söykənən dayanıqlı inkişaf prinsiplərinə əsaslanıb.

BMT (həm rezident, həm də qeyri-rezident agentlikləri vasitəsilə) Azərbaycan Respublikasında tərəqqinin dəstəklənməsi naminə şaxələndirmə və layiqli əməyi özündə ehtiva edən dayanıqlı iqtisadi inkişafın təşviqi, institusional potensialın, eləcə də səmərəli ictimai və sosial xidmətlərin gücləndirilməsi, ətraf mühitin idarə edilməsi, təhlükə və fəlakətlərə qarşı dayanıqlılığın artırılması istiqamətində Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti, özəl sektor və digər maraqlı tərəflərlə əməkdaşlıq edəcək.

Bizi izləyin: