BMT və Azərbaycan tərəfdaşlığı tarixi

Azərbaycan Respublikası ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlıq 1992-ci ildə, bu ölkə BMT-yə üzv dövlət kimi qəbul edildikdən sonra başlayıb. 1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdikdən və Sovetlər İttifaqı süquta uğradıqdan sonra, 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 46-cı sessiyasının 82-ci plenar iclasında 46/230 saylı Qətnamə qəbul olunub və səkkiz keçmiş Sovet respublikası ilə birlikdə Azərbaycan Respublikası da Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib. 1992-ci il mayın 6-da isə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərindəki mənzil qərargahında öz daimi nümayəndəliyini açıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Katibliyinin və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) beynəlxalq əməkdaşlarından, habelə bir neçə yerli əməkdaşdan təşkil olunmuş BMT-nin Azərbaycan Respublikasındakı ilk Nümayəndəliyi 1992-ci ilin noyabr ayında Bakı şəhərindəki “Respublika” mehmanxanasında açılıb. 1993-cü ilin sonunadək nümayəndəlik Azərbaycan Respublikası Hökuməti tərəfindən təmənnasız BMT-nin ixtiyarına verilmiş binaya köçüblər. Az bir müddət keçdikdən sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK), BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Ərzaq Proqramı (ÜƏP) da hazırkı Nümayəndəliyin yerləşdiyi bu binada öz ofislərini açıblar.

Bir neçə il ərzində BMT-nin Azərbaycandakı ailəsi BMT-nin Humanitar İşlərin Əlaqələndirilməsi Departamenti (UNDHA, hazırkı OCHA), BMT-nin Əhali Fondu (UNFPA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Beynəlxalq Əmək Təşkilatı (BƏT), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), İnsan Hüquqları üzrə Ali Komissarlıq (OHCHR), Kənd Təsərrüfatı İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) və BMT-nin HİV/AİDS üzrə Birgə Proqramı (UNAIDS) hesabına daha da böyüyüb. Sözügedən təşkilatların çoxu hələ də Azərbaycanda fəaliyyət göstərir.

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində (1992-1995-ci illərdə) BMT tərəfindən göstərilən yardımın əsas hissəsi Dağlıq Qarabağ bölgəsində və ətraf ərazilərdə gedən münaqişədən əziyyət çəkmiş qaçqınların və məcburi köçkünlərin təxirəsalınmaz ehtiyaclarının ödənilməsinə yönəlmişdi. Həmin dövrdə BMT agentlikləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və onun ətrafında yerləşən yeddi rayondan – Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilandan didərgin düşmüş 600.000-dən çox məcburi köçkünü ərzaq, tibbi xidmətlər, sığınacaq və digər qeyri-ərzaq yardımı ilə təmin etmişdilər. Bununla yanaşı, 1988-1992-ci illərdə Ermənistanı tərk etmək məcburiyyəti ilə üzləşmiş 200.000 azərbaycanlı qaçqın da bu cür yardımla və dəstəklə əhatə olunmuşdu.

BMTQAK qaçqın məsələlərinin həllinə dair idarəetmə təcrübəsini və zəruri yardımı Azərbaycana gətirmiş ilk beynəlxalq təşkilatlardan biri idi. UNICEF isə münaqişədən zərər çəkmiş qaçqın və məcburi köçkün uşaqların və yeniyetmələrin vəziyyətinə xüsusi diqqət ayırırdı.

İrimiqyaslı yerdəyişmələrin kütləvi aclıq, epidemiyalar və ictimai qeyri-sabitlik kimi ən faciəvi fəsadlarının qarşısının alınmasında Azərbaycan hökumətinin, yerli icmaların və beynəlxalq birliyin birgə səyləri həlledici rol oynamışdı. Eyni zamanda, BMT Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM-in, hazırkı ATƏT-in) atəşkəsə nail olma və münaqişənin sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəkləməkdə davam etmişdi.

90-cı illərdə Birləşmiş Millətlər Təşkilatı hazırda da uğurla fəaliyyət göstərən Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi (ARRA) və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) müvafiq olaraq 1997 və 1998-ci illərdə yaratmaqla, maliyyələşdirməklə və potensiallarını inkişaf etdirməklə münaqişədən sonra bərpa işlərinin həyata keçirilməsi üçün hökumətə kömək göstərməyi davam etmişdi.

Azərbaycanda ərazilərin minalardan təmizlənməsi probleminin öhdəsindən səmərəli şəkildə gəlmək üçün BMTİP yeni yaradılmış ANAMA-nın potensialını gücləndirmək məqsədi daşıyan layihəni 1999-cu ildə həyata keçirməyə başlamışdı. Bu layihə ərazilərin minalardan təmizlənməsi üçün beynəlxalq donorlar, o cümlədən Kanada, Almaniya, Yaponiya, Norveç, ABŞ və son zamanlar Aİ tərəfindən ayrılan maddi vəsaitlərin səfərbər olunmasına şərait yaratmışdı. Yarandığı 1998-ci ildən etibarən Agentlik 30.000 km2-dən çox mina sahəsi və döyüş ərazisini təmizləyib, habelə ümumi sayı 700.000-dən çox olan partlayıcı qurğu məhv edib ki, bundan da 100.000-dən çox insan bəhrələnib. Dayanıqlı təsisatların yaradılması nöqteyi-nəzərindən BMT-Azərbaycan əməkdaşlığının ən uğurlu misallarından biri hesab olunan ANAMA bu gün öz bilik və təcrübəsini başqa ölkələrə ixrac etmək üçün hazırdır.

2000-ci ildə Azərbaycan hökuməti Minilliyin İnkişaf Məqsədlərinə (MİM-lərə) nail olmaq öhdəliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması üçün BMT agentlikləri və digər inkişaf təşkilatları ilə tərəfdaşlıq etməyə başlamışdı. Nəticədə yoxsulluğun səviyyəsi son 25 il ərzində kəskin şəkildə azalıb. Azərbaycan hökuməti və BMT tərəfindən həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda İnsan İnkişafı İndeksinin yaxşıya doğru dəyişməsini də qeyd etmək lazımdır. 1995-2015-ci illər arasında bu göstərici təxminən 30% artmışdır. 1990-2015-ci illərdə Azərbaycan Respublikasında adambaşına milli gəlir isə təqribən 87,8% artıb.

MİM-lərə nail olmaq üçün milli səviyyədə həyata keçirilən səylərin dəstəklənməsi kontekstində səhiyyə sistemini təkmilləşdirmək məqsədilə BMT agentlikləri Azərbaycan hökumətilə yaxından əməkdaşlıq edir. Azərbaycan Respublikası poliomelitdən azad ölkə statusunu rəsmi olaraq 2002-ci ilin iyun ayında alıb, malyariya xəstəliyinin qarşısı isə tamamilə alınıb. 1990-2015-ci illər ərzində Azərbaycanda orta ömür uzunluğu təxminən altı il artmışdı, 5 yaşadək uşaqlar arasında ölüm hallarının və ana ölümü hallarının səviyyəsi isə əhəmiyyətli dərəcədə azalmışdı.

Öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının ən önəmli nailiyyətlərindən biri Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi idi. Belə bir gənc ölkənin BMT-nin 155 üzv dövlət tərəfindən səs çoxluğu ilə seçilməsi onun dünyada baş verən proseslərdə artan rolunun, habelə qlobal sülhə və  təhlükəsizliyə verdiyi töhfələrinin beynəlxalq səviyyədə tanınmasının birmənalı şəkildə göstəricisidir.

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının işində fəal iştirak edir və bu təşkilatın müxtəlif orqanlarına seçilməklə, həmçinin bir sıra beynəlxalq zirvə toplantılarında və forumlarında iştirak etməklə BMT agentliklərinin və proqramlarının fəaliyyətinə dəyərli töhfələr verir. Azərbaycan Respublikası UNİCEF-in İcraiyyə Şurasına (1995-1997 və 1998-2000-ci illər üçün), Qadınların Statusu üzrə Komissiyaya (2000-2002-ci illər üçün), Dayanıqlı İnkişaf üzrə Komitəyə (2002-2004-cü illər üçün), Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasına (2006-2009-cu illər üçün) və  Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasına (2003-2005 və 2017-2019-cu illər üçün) üzv seçilib. Yaxınlarda Azərbaycan Respublikası BƏT-in İnzibati Şurasına da 2017-2020-ci illər üçün üzv seçilib. Bundan başqa, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının orqanları tərəfindən qəbul olunmuş bir sıra qətnamələrin müəllifi və ya həmmüəllifi biri kimi çıxış etmişdir, məsələn, Qadınların Statusu üzrə Komissiyasının “Girov götürülmüş, o cümlədən, hərbi münaqişələr zamanı azadlıqdan məhrum edilmiş qadınların və uşaqların azad edilməsi haqqında” illik Qətnaməsinin, 2002-ci ildə isə Azərbaycan Respublikası “İtkin düşmüş şəxslərə dair” Qətnamənin İnsan Hüquqları Komissiyası (hazırkı İnsan Hüquqları Şurası) tərəfindən qəbul edilməsi təşəbbüsünü irəli sürüb.

25 sentyabr 2015-ci il tarixində Azərbaycan da daxil olmaqla BMT-nin 193 üzv dövləti “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyini” qəbul edib. Gündəliyə 2030-cu ilədək nail olunması nəzərdə tutulan 17 məqsəd və 169 hədəf daxildir. Hazırda Birləşmiş Millətlər Təşkilatının rezident və qeyri-rezident agentlikləri Hökumətlə yaxından əməkdaşlığı davam etdirir və 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olma istiqamətində Azərbaycanın səylərini dəstəkləyir.

2016-cı ildə Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikası Hökuməti yeni əməkdaşlıq sazişi hesab olunan 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivə  Sənədini (UNAPF) imzalayıblar. BMT və Azərbaycan hökuməti arasında bağlanmış dördüncü əməkdaşlıq sazişi olan bu sənəd yardıma əsaslanan tərəfdaşlıqdan əməkdaşlığa əsaslanan tərəfdaşlığa keçidi nəzərdə tutur. Bu Çərçivə Sənədi ölkənin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası adlı sənədində təsbit olunmuş inkişaf meyllərini rəhbər tutaraq bir sıra tərəfdaşlarla aparılmış inklüziv və iştiraklı məsləhətləşmələr əsasında işlənib hazırlanıb.

2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivə  Sənədinin əsas məqsədlərindən biri bərabərliyə nail olmaqdan və əhalinin bütün həssas qrupları, məcburi köçkünlər, qaçqınlar, qadınlar, uşaqlar, gənclər və yaşlılar üçün inkişaf imkanlarını genişləndirməkdən ibarətdir. Buna nail olmaq üçün əsas siyasətlərin milli və yerli səviyələrdə planlaşdırılması və yerinə yetirilməsi proseslərində beynəlxalq insan hüquqları mexanizmlərinin və standartlarının, o cümlədən gender bərabərləyi normalarının hərtərəfli və əsaslı şəkildə tətbiq olunmasını təmin etmək məqsədilə BMT agentlikləri milli potensialları gücləndirməyə çalışacaqlar.

2016-cı il oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının (DİMƏŞ) yaradılması haqqında Fərman imzalamaqla “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyini” yerinə yetirmək üçün ölkənin siyasi öhdəliklərini ən yüksək səviyyədə nümayiş etdirib. Şuranın əsas vəzifəsi DİM-lərin milli səviyyədə mənimsənməsi, hərtərəfli təmin olunması və monitorinq edilməsi istiqamətində hökumətin və aidiyyəti olan digər milli təşkilatların səylərini əlaqələndirməkdən ibarətdir. Yarandığı tarixdən etibarən bu Şura DİM-lərin milli səviyyədə qəbul olunması və mənimsənməsi üçün BMT agentlikləri ilə yaxından əməkdaşlıq edərək Birləşmiş Millətlər sisteminin malik olduğu geniş və zəngin biliklərdən, təcrübədən və ekspertizadan hərtərəfli istifadə etməkdədir.

Beləliklə, dövlət müstəqilliyini bərpa etdikdən sonra nisbətən qısa bir müddət ərzində Azərbaycan Respublikası iqtisadi baxımından keçid dövrünü keçən ölkədən gəlirləri orta səviyyədən yuxarı olan və yüksək insan inkişafı indeksinin qeydə alındığı ölkə səviyyəsinədək qalxmışdır. Bu cür irəliləyiş nəticəsində Azərbaycan Respublikası 2011-ci ildə Beynəlxalq İnkişafa Yardım Agentliyini (AİDA) yaratmaqla beynəlxalq və regional miqyasda baş verən proseslərin iddialı və əhəmiyyətli iştirakçısına, habelə humanitar və inkişaf məsələləri üzrə donora çevrilmişdir. Son 25 il ərzində Azərbaycan Respublikası digər ölkələrlə bölüşə biləcəyi zəngin və qabaqcıl təcrübəni, texniki bilikləri, mükəmməl səriştə və bacarıqları əldə etmişdir. Cənub-Cənub Əməkdaşlığı Çərçivəsində Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın öz bilik və təcrübəsini başqa ölkələrə ixrac etmək niyyətini dəstəkləməkdə israrlıdır.

Bizi izləyin: