BMT-nin Ölkə üzrə İdarə Heyəti

BMT-nin Ölkə üzrə İdarə Heyəti üzvlərinin təşkilatın Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçakla fotosu, 5 aprel 2018. BMT-nin Azərbaycandakı nümayəndəliyinin fotosu

BMT-nin Ölkə üzrə İdarə Heyətinin yaradılması ideyasının əsası 1977-ci ildə Baş Assambleya  tərəfindən BMT sistemi daxilində operativ fəaliyyəti əlaqəndirmək üçün vahid rəsmi nümayəndə (rezident əlaqələndirici) konsepsiyasının yaradılması ilə qoyulub (Baş Assambleyanın 32/197 saylı qətnaməsi). Bu ideya illər ərzində təkamül etmiş, BMT-nin Ölkə üzrə İdarə Heyətinin BMT sisteminin ölkə səviyyəsində effektiv və səmərəli fəaliyyətinin təmin edilməsində vacib rol oynaması 1992-ci ildən bəri Baş Assambleyanın Kompleks Siyasi İcmalla bağlı qətnamələrinin hamısında (Baş Assambleyanın 47/199, 50/120, 56/201, 59/201 və 62/208 saylı qətnamələri) qeyd edilib.

BMT-nin Ölkə üzrə İdarə Heyəti ölkə səviyyəsində agentliklərarası əlaqələndirməni və qərarların qəbulunu təmin edir. Ölkə üzrə İdarə Heyətinin əsas məqsədi Rezident Əlaqələndirici sistemi çərçivəsində, ayrı-ayrı agentliklərin planlaşdırma işlərini birgə həyata keçirməsi və birlikdə çalışması, hökumətin inkişaf proqramına dəstək olaraq nəzərəçarpan nəticələrin əldə edilməsini təmin etməkdir.

Hazırda Azərbaycandakı BMT-nin Ölkə üzrə İdarə heyəti BMT-nin aşağıdakı agentliklərini əhatə edir: Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Əmək Təşkilatı (BƏT), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), İnsan Haqları üzrə Ali Kommisarlıq (OHCHR), BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin İctimai İnformasiya Departamenti (BMTİİD), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK), BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Bankı (DB) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST).

BMT-nin Ölkə üzrə İdarə Heyətinə BMT-nin Baş Katibinin təyin edilmiş nümayəndəsi olan BMT-nin Rezident Əlaqələndiricisi rəhbərlik edir. Rezident Əlaqələndirici BMT-nin Baş Katibinə BMT İnkişaf Qrupunun Sədri vasitəsilə hesabat verir.

Baş Assambleyanın 2004 və 2007-ci illər üzrə Kompleks Siyasi İcmallarında BMT-nin Ölkə üzrə İdarə Heyətinin gücləndirilməsi, o cümlədən yerli hökumətlər və hökumətlərarası strukturlar qarşısında, habelə BMT sistemi daxilində hesabatlılığın artırılmasına yönələn tədbirlər müəyyən olunur. Bu sənədlərlə, həmçinin, BMT sisteminə daha ardıcıl, effektiv və məqsədəuyğun şəkildə fəaliyyət göstərmək, işgüzar fəaliyyətlərini sadələşdirmək və uyğunlaşdırmaq səlahiyyəti verilib. Bundan əlavə, bu sənədlərlə BMT‐nin İnkişafa Yardım üzrə Çərçivə sənədi (UNDAF) bütövlükdə BMT sistemi üçün bir çərçivə olaraq bütün fondlar və proqramlar üçün ümumi planlaşdırma aləti kimi təsdiq edilib. Baş Assambleya, həmçinin, BMT sistemini yardımın effektivliyini artırmaq üçün bütün imkanlardan istifadə etməyə çağırıb.

Ortaq alət və vasitələrdən istifadə BMT-nin Ölkə üzrə İdarə Heyətinin BMT-nin agentliklərinin ölkə səviyyəsində fəaliyyətləri arasında uzlaşmanı artırmaq istiqamətindəki səylərinə böyük töhfə verib. İstifadə olunan əsas 3 alət aşağıdakılardır: a) ümumi ölkə qiymətləndirməsi; b) BMT‐nin İnkişafa Yardım üzrə Çərçivə Sənədi və onun nəticələr cədvəli c) birgə proqramlaşdırma və birgə proqramlar.

Bizi izləyin: