BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzainin Azərbaycanda miqrasiya prosesləri və miqrantların hüquqlarının müdafiəsinə həsr olunmuş dəyirmi masa tədbirində çıxışı

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili hörmətli professor Elmira Süleymanova,

Dövlət Miqrasiya Xidmətinin sədri hörmətli Vüsal Hüseynov,

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri hörmətli cənab Sahil Babayev,

Hörmətli qonaqlar,

Xanımlar və cənablar,

Azərbaycanda miqrasiya proseslərinə və miqrantların hüquqlarının qorunmasına həsr olunmuş bu mühüm tədbirin təşkilinə görə Ombudsman Aparatı və Dövlət Miqrasiya Xidmətinə təşəkkür edir və dəyirmi masa iştirakçılarını salamlayıram.

Bu gün dünya miqrantlarının 80 faizindən çoxu ölkələr arasında təhlükəsiz və nizamlı şəkildə hərəkət edir.

Lakin 20%-dən çox insan həyatı tənzimlənmir. Çünki onlar, qaçaqmalçıların, vicdansız işəgötürənlərin və digər yırtıcıların əlində səhra, okean və çaylar boyunca təhlükəli səyahətlər edirlər.

2000-ci ildən bu yana 60 mindən çox miqrant yolda həlak olub. Əlbəttə ki, hər bir statistikanın arxasında, hər birimizin xəyal etdiyi şey – fürsət, ləyaqət və daha yaxşı bir həyat arzusunda olan bir insan – qadın, uşaq, kişi dayanır.

Onların yerdəyişməsinin könüllü və ya məcburi; qanuni və ya qeyri-qanuni olub-olmamasından asılı olmayaraq, bütün insanların hüquqlarına hörmət olunmalı və ləyaqətləri qorunmalıdır.

Hər bir üzv və hər bir qrup özünü dəyərli hiss etməli və bütövlükdə cəmiyyətə mənsub olmalıdır. Məhz bu yolla irqçilik və ksenofobiyanın indiki artımına müqavimət göstərmək olar.

Dayanıqlı İnkişaf Məqsədlərinin 10.7-ci hədəfi, qeyri-bərabərliyin azaldılması üçün dövlətləri nizamlı, təhlükəsiz, müntəzəm və məsuliyyətli miqrasiya və insanların yerdəyişməsinin təşkilinə, o cümlədən planlı və idarəolunan miqrasiya siyasətləri, eləcə də beynəlxalq əməkdaşlığın həyata keçirilməsini təmin etməyə çağırır.

BMT-nin üzvü olan 152-dən çox dövlətin, o cümlədən Azərbaycanın qəbul etdiyi Qlobal Miqrasiya Sazişi məhz bu məqsədə xidmət edir.

Qlobal Saziş iki sadə ideyaya əsaslanır:

Birincisi, miqrasiya həmişə mövcud olub, lakin daha da qaçılmaz və zəruri olduğu bir dünyada yaxşı idarə olunmalı və təhlükəsiz olmalıdır, nizamsız və qorxulu deyil.

İkincisi, milli siyasətlərin beynəlxalq əməkdaşlıq çərçivəsində uğur qazanmaq şansı daha çoxdur.

Xanımlar və cənablar,

BMT-nin Azərbaycandakı Sistemi miqrasiya sahəsində Azərbaycan hökuməti ilə uğurla əməkdaşlıq edir.

Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin İnkişaf Proqramının birgə dəstəyi ilə Azərbaycan hökuməti, yeni elektron xidmətlər təqdim edərək, vəzifəli şəxslərin potensialını artıraraq, eləcə də Avropa Birliyinin ən yaxşı təcrübələrini tətbiq edərək miqrasiya və sərhəd idarəçiliyini təkmilləşdirib.

Daha dəqiq desək, yalnız 2018-ci ildə:

– BMTİP Gürcüstan və Azərbaycan hökumətlərinə birgə gömrük nəzarəti məntəqələrində vahid sərhəd idarəetmə sistemlərinin təkmilləşdirilməsi və müasirləşdirilməsi üçün dəstək verib;

– BMqT hökumətə miqrasiya ilə bağlı elektron xidmətlərin təkmilləşdirilməsi, yol sənədlərinin, qayda və siyasətlərin öyrənilməsi məsələləri üzrə bilik və bacarıqların artırılmasına yönələn xidmətləri təmin edib.

Bundan əlavə, BMqT miqrasiyanın müxtəlif aspektləri və insanların rahat hərəkətliliyi barədə məlumatlandırma məqsədi ilə ictimaiyyətə, diasporaya və xarici qonaqlara yönəlmiş məlumat kampaniyasına başlayıb.

On il ərzində biz Azərbaycan hökumətinin yenilikçi informasiya texnologiyaları üzrə həll yollarından istifadə edərək, miqrasiya xidmətlərində, o cümlədən qanunvericilik və prosedurlar sahəsində xeyli inkişaf etdiyinin şahidi olduq.

Əminəm ki, Azərbaycan miqrant hüquqlarının tam müdafiəsini təmin etmək məqsədilə hökumətin miqrasiya siyasəti prioritetlərini Qlobal Saziş üzrə beynəlxalq öhdəliklərə uyğunlaşdırmaq üçün səylərini davam etdirəcək.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Sistemi bu dəstəyi verməyə hazırdır:

  • Siyasətin formalaşması üçün çox sektorlu və vahid yanaşmanı inkişaf etdirmək;
  • Şəffaflıq meyarlarını ehtiva edən daha məqsədyönlü məlumat və informasiya siyasəti hazırlamaq;
  • Miqrantların yaşayış şəraiti, sosial təminatı, səhiyyə, həmçinin təhsil və təlimləndirilməsini təkminləşdirmək;
  • Ayrı-seçkiliyə və istismara qarşı müdafiə tədbirlərini gücləndirmək;

Gəlin, öz cəmiyyətlərimiz və dünya miqrantları üçün daha etibarlı, daha təhlükəsiz və daha firavan gələcək üçün birgə çalışaq.

Hər birinizə maraqlı və səmərəli müzakirələr arzulayıram.

Təşəkkür edirəm.

Tədbirlər
may 2020
27282930123
45678910
11121314151617
18192021222324
2526
27
28293031
27 may / Çərşənbə
Bizi izləyin: