Azərbaycan vərəmlə mübarizə ilə bağlı qanunvericiliyi ÜST-nin tövsiyələrinə əsasən yenidən nəzərdən keçirəcək

WHO and Health Commission of Azerbaijan’s Parliament organised a roundtable discussion on tuberculosis. Azerbaijan, Baku, March 2019 Photo/WHO Azerbaijan

Bakı, 24 mart 2019 – Ümumdünya Vərəmlə Mübarizə gününü qeyd etmək üçün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsi vərəmə həsr olunmuş dəyirmi masa keçirib. Müxtəlif nazirliklərin, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə vərəmlə mübarizə ilə bağlı mövcud qanunvericiliyi ÜST-nin yeni tövsiyə və standartlarına uyğun olaraq yeniləmək barədə razılığa gəlinib.

Ümumdünya Vərəmlə Mübarizə günü hərəkətə keçmək üçün dünyəvi çağırış və sosial öhdəlikdir. Kampaniyanın məqsədi ictimaiyyəti və bu məsələ ilə bağlı söz sahiblərini vərəmin hələ də dünyanın bir çox yerində epidemiya, inkişaf etmiş ölkələrdə isə ictimai səhiyyə problemi olması ilə bağlı maarifləndirməkdir.

“Vərəm ​​qarşısı alına bilən və müalicə olunan xəstəlikdir; 2030-cu ilə qədər vərəmə son vermək üçün hərəkətə keçmək vaxtıdır. Əgər biz sürətlə və qətiyyətlə hərəkət etməsək, xəstəliyin dərmana davamlı forması Avropada öz mövqeyini gücləndirəcək” – Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə direktoru Dr. Suzanna Cakab deyib.

“Qarşılaşdığımız çətinliklərə və təhlükələrə baxmayaraq, Avropanın bu məsələyə öndərlik etmək üçün tam potensiala malik olduğunu düşünürəm. Heç kimin kənarda qalmaması üçün elm və texnologiyamız, bacarıqlı səhiyyə işçilərimiz və yüksək səviyyəli siyasi öhdəliklərimiz var. Vərəmə son qoymaq üçün əlimizdə hər cür vasitə var” – o, sözünə əlavə edib.

Vərəm, ÜST Avropa regionunda, o cümlədən Azərbaycanda əsas ictimai səhiyyə problemidir. 2017-ci ildə regionda vərəmlə xəstələnənlərin sayı 275 min nəfər olub. Eyni ildə Azərbaycanda 3871 vərəm xəstəliyi qeydə alınıb, onlardan 2949-u yeni ağciyər vərəmi formasında olub. 2017-ci ildə çoxsaylı dərmana davamlı vərəm müalicəsinin müvəffəqiyyət dərəcəsi ölkədə 59%, Avropa regionunda 57,2%, dünyada isə 54% təşkil edib. Çoxsaylı dərmana davamlı vərəm Avropadakı vərəm epidemiyasının əsas səbəblərindən biridir.

2018-ci il sentyabr ayında keçirilən BMT-nin vərəmlə bağlı yüksək səviyyəli iclasında dünya liderlərinin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində 2030-cu ilə qədər vərəmə son verməklə bağlı öhdəlik götürməsi bütün dünyaya yeni bir ümid verdi.

Ümumdünya Səhiyyə Təşkilatı vərəmlə mübarizə ilə bağlı bir çox böyük layihələrdə Azərbaycanı dəstəkləyir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi 2014-cü ildən həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi statusunu əldə edib. Bu mərkəzin dünyada növünə görə yeganə mərkəz sayılır. Mərkəz müasir infeksiya profilaktikası və nəzarət tədbirləri, sürətli diaqnostik xidmətlərin tətbiqi ilə vərəmə nəzarətə öncüllük edir. ÜST əməkdaşlıq mərkəzləri təşkilatın proqramlarını dəstəkləmək məqsədilə baş direktorun təyin etdiyi etibarlı qurumlardır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) haqqında

Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin səhiyyə üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 7 aprel 1948-ci ildə yaradılıb. ÜST-nin məqsədi, konstitusiyasında göstərildiyi kimi, bütün dünyanı ən yüksək sağlamlıq həddinə çatdırmaqdır.

Əlavə məlumat üçün zəhmət olmasa, əlaqə saxlayın:

ÜST-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fənarə Bünyadzadə

Tel: 012 4989888 (daxili 160)

E-mail: bunyadzadaf@who.int

 

Tədbirlər
iyun 2019
272829303112
3456789
10111213141516
171819
20
212223
24252627282930
20 iyun / Cümə axşamı
Bizi izləyin: