Avropa İttifaqı və BMTİP kənd yerlərində yaşayan qadınların mikromaliyyələşdirmə xidmətlərinə çıxışını yaxşılaşdıracaq

A new flagship project on Empowering Women for Sustainable Development in Nakhchivan, April 2019. Nakhchivan, Azerbaijan

Naxçıvan, 16 aprel 2019 – Bu gün Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqının maliyyə dəstəyi ilə “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlərinin artırılması” adlı yeni layihənin açılış mərasimi keçirilib. Bir il müddətində davam edəcək layihənin məqsədi əsas diqqəti qadınlara və həssas qruplara yetirməklə, Azərbaycanda rayon və kənd icmalarının mikromaliyyələşdirmə xidmətlərinə çıxışını yaxşılaşdırmaqdır.

Bu yeni təşəbbüs qadınlar üçün pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, biznes idarəçiliyi, borc idarəetmə üsulları və yeni biznesin qurulması üçün tələb olunan digər bacarıqlarla bağlı geniş spektrli təlim imkanları yaratmaqla, onların iqtisadi səlahiyyətlərinin artırılmasına və maliyyə müstəqilliyinin təmin edilməsinə dəstək göstərəcək.

Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının (AMFA) icra etdiyi bu layihə Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş miqyaslı proqram çərçivəsində həyata keçirilir.

Layihənin Naxçıvandakı açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas qeyd edib: “Bu gün Avropa İttifaqı, bu layihə üzrə əsas icraçı tərəfdaşı olan BMT-nin İnkişaf Proqramı, eləcə də AMFA ilə birgə 300-dən artıq qadının səlahiyyətlərinin artırılmasını dəstəkləmək üçün Avropa İttifaqının Naxçıvanda maliyyələşdirdiyi ilk layihəsini təqdim edir. Maliyyə savadlılığının öyrədilməsi, biznes bacarıqlarının inkişaf etdirilməsi və ənənəvi məhsulların təşviqi qadınların öz ehtiyaclarını təmin etmək iqtidarında olması və müasir cəmiyyətin qurulmasına töhfə verə bilmələri üçün tam potensialını ortaya qoyacaqdır”.

Layihə əlilliyi olan qadınlar da daxil olmaqla, kənd icmalarından olan 300 nəfərdən artıq qadının biznes bacarıqlarının, maliyyə savadlılığının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının inkişafına kömək edəcək. Onların arasından ən yaxşı biznes ideyasına malik 50 qadın Naxçıvanda və İsmayıllıda biznes fəaliyyətinə başlamaq üçün 500 ABŞ dolları məbləğində ilkin maliyyələşdirmə ilə təmin olunacaq.

Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq, layihə 4-cü (keyfiyyətli təhsil), 5-ci (gender bərabərliyi) və 8-ci (layiqli əmək və iqtisadi artım) Qlobal Məqsədlərin icrasına töhfə verəcək.

BMT-nin Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən cənab Alessandro Frakasseti qadınların sosial və iqtisadi səlahiyyətlərinin artırılmasında onların maliyyə müstəqilliyinin vacibliyini ön plana çəkib. “Qadınların sahibkarlığı öyrənməyə, biznes qurmağa və onu genişləndirməyə şərait yaradan yeni imkanlara çıxışını yaxşılaşdırmaqla, ölkələr yoxsulluqdan qurtula və öz iqtisadi vəziyyətlərini yaxşılaşdıra bilərlər,” – deyə cənab Frakassetti öz nitqində qeyd edib. “Qəbul etmək vacibdir ki, qadın sahibkarların yaratdığı imkanlar daxili bazarların böyüməsinə və məşğulluq perspektivlərinin artmasına kömək edir”.

İlk olaraq Naxçıvanda həyata keçirilməyə başlayan layihə fəaliyyətləri eyni zamanda Azərbaycanın İsmayıllı rayonunda da təşkil olunacaq. Naxçıvanda layihə fəaliyyətləri Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və “Aqrarkredit” Səhmdar Cəmiyyəti Təşkilatı ilə əməkdaşlıq şəklində həyata keçiriləcək.

Layihənin açılış tədbiri Avropa İttifaqı və BMTİP-in Azərbaycandakı Nümayəndəliklərinin rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına iki günlük rəsmi səfəri çərçivəsində baş tutacaq. Səfər zamanı onlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri ilə görüşəcək, ağacəkmə aksiyasında iştirak edəcək, Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşəcək və Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində keçirilən ənənəvi “Kətə” festivalında iştirak edəcəklər.

****

Əlaqə üçün məlumat:

  1. Arzu Cəfərli, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri – arzu.jafarli@undp.org
  2. Gülnarə Bayramova, Avropa Ittifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

 

 

 

Tədbirlər
may 2019
293012345
6789101112
13141516171819
2021222324
25
26
272829303112
25 may / Şənbə
Bizi izləyin: